Milli Məclisin növbədənkənar sessiyası keçirilir

post-img

İyunun 3-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2025-ci ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib. Spiker Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Milli Məclisin sədri bugünkü iclasda 7 məsələnin müzakirə olunacağını söyləyib. Sahibə Qafarova gündəliyin birinci məsələsinin “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) olduğunu bildirib. O, məsələ ilə əlaqədar hökumət üzvlərinin, Hesablama Palatasının rəhbərliyinin, digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini deyib.

Məsələ barədə məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov nəzərə çatdırıb.

Komitə sədri bildirib ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və illik hesabat Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunub.

O, komitə çərçivəsində məhsuldar büdcə müzakirələrinə yüksək səviyyədə şərait yaradılmasına görə parlamentin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edərək, qanun layihəsinin və illik hesabatın komitə iclasında aidiyyəti dövlət orqanları rəhbərlərinin və nümayəndələrinin geniş tərkibdə iştirakı ilə səmərəli və konstruktiv müzakirə olunduğunu qeyd edib.

Komitə sədri Prezidentin müxtəlif illərdə dövlət büdcəsi ilə bağlı səsləndirdiyi mühüm tezisləri, o cümlədən “Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin. Eyni zamanda, maliyyə intizamı daha da yüksək səviyyədə olmalıdır”, “Şəffaflıq tam şəkildə təmin edilməlidir”, “Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir”, “İqtisadi artım olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir”, “Bizim bütün cari xərclərimiz qeyri-neft gəlirləri hesabına malyyələşdirilməlidir” kimi tövsiyələrini xatırladaraq, ölkə başçısının konseptual xarakterli bu fikirlərinin dövlət maliyyəsinin və büdcə siyasətinin hədəf və prinsiplərini çox aydın şəkildə əks etdirdiyini bildirib.

Azər Əmiraslanov  ötən ilin dövlət büdcəsinin dürüstləşdirilmiş büdcə olduğunu, həm də artan büdcə kimi  xarakterizə olunduğunu qeyd edib. O, sosial və investisiya yönümlü xərclərin uzlaşdırılmasının və bir-birini tamamlamasının icra edilmiş büdcənin əsas cəhətlərindən olduğunu, bununla yanaşı, onun dayanıqlıq meyarlarına cavab verdiyini, ötən il cari xərclərin 90,1 faizinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını bildirib.

Diqqətə çatdırılıb ki, dünya iqtisadiyyatındakı neqativ konyuktur dəyişikliklərdən fərqli olaraq,  ölkəmizdə 2024-cü ilin  makroiqtisadi mənzərəsi qənaətbəxş olub. Bu dövrdə ÜDM 4,1 faiz artıb. Qeyri-neft sektorunda artım isə 6,2 faiz təşkil etməklə ÜDM-də 68 faizlik paya malik olub. İllik inflyasiya 4,9 faiz olmaqla hədəf diapazonu daxilində formalaşıb, orta illik inflyasiya isə 2,2 faiz təşkil edib. Görülmüş tədbirlər milli valyutanın mübadilə məzənnəsində sabitliyi təmin edib. Tədiyyə balansının cari əməliyyatlar hesabı 4,7 milyard dollarlıq müsbət saldoya malik olub. Beləliklə, strateji valyuta ehtiyatlarımız 71,0 milyard dollara çatıb. Bu göstərici xarici dövlət borcunu təqribən 14 dəfə üstələyib. 2024-cü ildə “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 dollar səviyyəsində qərarlaşıb. Bu, icra edilmiş dövlət büdcəsi üzrə əsas götürülən 75 dollardan 10,4 faiz çox olub. Beləliklə, ötən ilin dövlət büdcəsi makroiqtisadi sabitlik şəraitində icra edilməklə yanaşı, həm də makroiqtisadi tarazlığın qorunmasına töhfə verib.

Komitə sədri bildirib ki, 2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 37,2 mlrd. manat olmaqla, proqnoza qarşı 774 mln. manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 mlrd. manat və ya 5,5 faiz çox icra edilib. Vergi orqanlarının xətti ilə büdcəyə 15,8 mlrd. manat, gömrük orqanlarının xətti ilə 6,6 mlrd. manat vəsait təmin edilib. Bu isə proqnoza nisbətən müvafiq olaraq, 538 mln. manat və 214 mln. manat çoxdur. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozla müqayisədə 573 mln. manat və ya 3,1 faiz artıq icra olunmaqla, 19,2 mlrd. manat təşkil edib. Büdcənin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 48,5 faizdən 51,6 faizə yüksəlib. Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu kimi 12,8 mlrd. manat transfert edilib.

O, 2024-cü ildə dövlət büdcəsinin xərclərinin proqnozun 95 faizi həcmində və ya 37,7 mlrd. manat icra edildiyini söyləyib.

Büdcə kəsirinin 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla, yəni 3,3 milyard manatla müqayisədə 6,1 dəfə az olduğunu deyib.

Qeyd edib ki, icmal büdcənin gəlirləri 48,0 mlrd. manat, xərcləri isə  43,0 mlrd. manat icra olunub. İcmal büdcə 2,1 mlrd. manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 5,1 mlrd. manat məbləğində profisit yaranıb. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2024-cü ilin sonuna 24,0 faiz hədəfləndiyi halda, bu rəqəm  20,6 faiz olub. Dövlət borcunun ÜDM-ə nisbətinin isə ortamüddətli dövr üzrə yuxarı həddi 30,0 faiz səviyyəsində hədəfləndiyi halda bu göstərici 21,7 faiz təşkil edib.

Sonra komitə sədri büdcənin prioritet xərc istiqamətləri barədə söhbət açıb. O, qeyd edib ki, hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün  büdcə xərclərinin 38,9 faizi həcmində və ya 14,7 mlrd. manat vəsait istifadə olunub. Ümumiyyətlə, son 5 ildə  (2020-2024) sosialyönlü xərclər 4 mlrd. manat və ya 37,7 faiz artıb.

Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də dövlətimiz tərəfindən əhalinin rifahının yaxşılaşdırılması, həssas əhali qrupunun sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qərarlar qəbul edilib. Belə ki, orta pensiya məbləği 12,0 faiz artımla 494 manata, yaşa görə pensiya 11,3 faiz artımla 528 manata, yaşayış minimumu 9,8 faiz artımla 270 manata çatdırılıb. Ehtiyac meyarının da 246 manatdan 270 manata yüksəldilməsi ilə ünvanlı dövlət sosial yardımı üçün ayrılan büdcə vəsaiti 179 milyon manat artırılaraq 457 milyon manat təşkil edib.

Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinə 11,5 mlrd. manat vəsait sərf edilib.

Ötən ilin müdafiə və milli təhlükəsizlik xərclərinin maliyyələşdirilməsinə 6,7 mlrd. manat vəsait yönəldilib ki, bu da büdcə məxaricinin 18 faizini təşkil edir.

2024-cü ildə dövlət büdcəsinin faktiki xərclərinin 47,7 faizi və ya 18 mlrd. manatı dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. Bu məbləğin 6,4 mlrd. manatı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın maliyyə təminatı üçün ayrılıb.

Xarici kreditlər hesabına reallaşan layihələr də nəzərə alınmaqla investisiya qoyuluşu üçün 2,7 mlrd. manat vəsait yönəldilib.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 5,3 mlrd. manat vəsait ayrılıb. Həmin vəsaitin 91,1 faizi infrastruktur, 6,6 faizi sosial, 2 faizi minalardan təmizlənmə, 0,3 faizi müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə yönəldilib.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 486 milyon manat vəsait sərf edilib.

Azər Əmiraslanov büdcə vəsaitlərinin ümummilli inkişaf prioritetlərinin və vəzifələrinin, məqsəd və hədəflərinin reallaşdırılmasının maliyyə təminatı kimi çıxış etdiyini bildirib. O, dövlətimizin strateji maraqlarının, xalqımızın rifahının, ölkəmizin uzunmüddətli inkişaf prioritetlərinin reallaşmasına nail olmaq üçün dövlətimizin iqtisadi gücünün artırılmasının, maliyyə dayaqlarının möhkəmləndirilməsinin, büdcə vəsaitlərindən səmərəli istifadə  edilməsinin, maliyyə intizamının gücləndirilməsinin önəmli olduğunu söyləyib. Ötən ilin dövlət büdcəsinin Prezidentin müəyyən etdiyi strateji inkişaf prioritetlərinə və sosial-iqtisadi hədəflərə uyğun olaraq uğurla icra edildiyini vurğulayıb. 

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyini diqqətə çatdırıb.

O, bildirib ki,  2024-cü ilin dövlət büdcəsi ölkə Prezidenti tərəfindən təsdiq edilmiş 2022-2026-cı illəri əhatə edən ölkə strategiyasının ardıcıl olaraq 3-cü ilinin icrası, o cümlədən işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin aparılması üçün büdcədən vəsaitlərin ayrılması, həmin strategiyanın tələblərinə uyğun olaraq ölkədə dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatların ikinci mərhələsinin davam etməsi kimi tədbirlərin icrası ilə müşayiət edilib. Hesabat ilində orta illik inflyasiya son 10 ildə ən aşağı səviyyədə olub, qeyri-neft sektoru üzrə real artım tempi 6,1% təşkil edib, neftin qiymətinin büdcədə nəzərdə tutulandan daha çox olması səbəbindən büdcə göstəricilərinin yaxşılaşması, həmçinin strateji valyuta ehtiyatlarının həcminin bir qədər artması müşahidə edilib.

Palata sədri 2024-cü il dövlət büdcəsinin icrası haqqında Qanun layihəsi barədə fikirlərini açıqlayaraq bildirib ki, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2024-cü ildə 36,0 mlrd. manat məbləğində daxilolmalar təhlil edilib ki, bu da dövlət büdcəsinin ümumi gəlirlərinin 96,8%-nə bərabər olub. Aidiyyəti qurumlardan alınmış hesabatlardakı göstəricilərin 2024-cü il dövlət büdcəsinin icrasına dair illik Hesabatda əks etdirilmiş göstəricilərlə əsasən uyğunluq təşkil etdiyi müəyyən olunub. O, həmçinin xərclərin ümumi məbləği, o cümlədən xərc istiqamətləri üzrə məbləğlərlə bağlı qeyd edib ki, 173 qurum üzrə 32,1 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 85,2%-ni təşkil edir. Qanun layihəsinin “Büdcə sistemi haqqında” Qanunun 20.6-cı maddəsi ilə müəyyən edilmiş tələblərə, əsasən uyğun olduğu söylənilib.

Vüqar Gülməmmədov illik hesabata dair açıqlamasında bildirib ki, sənəd müəyyən edilmiş müddətlərdə təqdim olunub, tələb olunan məlumat və göstəricilər hesabata daxil edilib. Aparılan təhlillər büdcə sənədləşməsində məlumatlılığın nisbətən artırıldığını, izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən addımların atıldığını göstərir.

Sonra Palata sədri dövlət büdcəsinin icrası ilə bağlı bəzi məlumatları və aparılan təhlillərin nəticələrini, eyni zamanda, Palatanın tövsiyələrini diqqətə çatdırıb.

Bildirilib ki, 2024-cü ildə makrogöstəricilər əsasən optimist ssenarisi üzərindən icra edilib. Təqdim edilmiş məlumatlara əsasən, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının 2024-cü ildə maliyyə təminatı üçün 6,4 mlrd. manat icra olunub. İcra olunmuş vəsaitin əhəmiyyətli hissəsini əsaslı xərclər təşkil edib. Aparılan təhlillər fiskal çərçivənin  hər 2 göstəricisinin müəyyən edilmiş hədəflər çərçivəsində olduğunu göstərir. 2024-cü ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə dövlət büdcəsinin gəlirlərini təmin edən əsas fiskal qurumlar üzrə proqnozlar yerinə yetirilib.  Dövlət Vergi Xidməti üzrə proqnozların artıq icrası dövlət büdcəsinə həm vergi borclarının, həm də artıq ödəmələrin artımı şəraitində təmin olunub. Dövlət Gömrük Komitəsi üzrə də daxilolmaların proqnozu üstələməsinə idxal həcminin baza ssenaridə verilmiş proqnozlardan icra prosesində çox olması, həmçinin müvafiq hesabdakı qalıqların əhəmiyyətli hissəsinin büdcəyə köçürülməsi təsirini ötürür. 2024-cü ildə dövlət büdcəsinin xərcləri 37,7 mlrd. manat məbləğində icra edilib. Hesabat ilinin xərclərində sosialyönlü istiqamətlər, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, eləcə də müdafiə və milli təhlükəsizlik sahəsi xüsusi diqqətdə saxlanılıb.

Qeyd olunub ki, müstəqillik əldə edildikdən sonra gəlir vergisinin dövlət büdcəsində ən yüksək payı 1839 mln.manat olmaqla ötən ilə təsadüf edir. Nəzərə çatdırılıb ki, 2024-cü ildə büdcə kəsiri 3,4 mlrd. manat məbləğində təsdiq edilmiş yuxarı həddə qarşı 551,8 mln. manat olub, 1776,6 mln. manat artıq cəlb edilmiş vəsait dövlət büdcəsinin sərbəst qalığına yönəldilib. Hesabat ili üçün təsdiq edilmiş dövlət borclanmasının yuxarı həddinə hər üç komponent üzrə əməl edilib.

Vüqar Gülməmmədov Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin və 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatın qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlandığını söyləyib.

Məsələ ətrafında aparılan müzakirələrdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, Əli Hüseynli, deputatlar Rövşən Muradov, Bəhruz Məhərrəmov, Əli Məsimli, Aydın Mirzəzadə, Elman Nəsirov, Sahib Alıyev, Rəşad Mahmudov, Vüqar Bayramov, Aydın Hüseynov, Bəxtiyar Əliyev, Müşfiq Cəfərov öz fikirlərini bildiriblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova bütün çıxışlarda müsbət fikirlərin söylənildiyini, verilən təkliflərin Hökumət üzvləri tərəfindən nəzərə alınacağını bildirib və məsələni səsə qoyub.

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti məsələnin Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Mülki Məcəlləsində, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. Spiker qeyd edib ki, qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və “Normativ hüququ aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək.

İclasda məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, layihə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2023-cü il 30 may tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb.

Qeyd olunmalıdır ki, həmin qanunla şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qərarların qəbul edilməsini təmin etmək məqsədi ilə Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin elektron formada təşkil olunması və bu sahədə icraatın 2024-cü il yanvarın 1-dən həmin sistem üzərindən elektron qaydada həyata keçirilməsi təsbit və təmin edilib. Sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya etdiyindən bütün tikinti obyektləri barədə məlumatların heç bir vaxt tələb edilmədən dərhal Sistemin strukturuna daxil olan Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir.

Bunlar nəzərə alınaraq, layihədə göstərilən qanunlarda dəqiqləşdirmə və uyğunlaşdırma xarakterli düzəlişlər təklif edilir. Bura məlumatların "sifarişli poçtla göndərilməsi"nə, "sənədlərin surəti"nə dair müddəaların müvafiq qanunlardan çıxarılması, məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi qaydasını müəyyən edən normalarda texniki xarakterli dəyişikliklərin edilməsi və sair aiddir.

Habelə, meşə fondunda tikinti işlərinin aparılmasının tikinti sahəsində formalaşmış qanunvericiliklə uzlaşdırılması məqsədilə bu sahədə tikinti işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinə, "Ətraf mühitin mühafizəsi haqqında" qanuna, dağ-mədən işlərinin aparılmasının isə "Yerin təki haqqında" qanuna uyğun həyata keçirilməsinə dair müddəa əlavə edilir.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitələrin müsbət rəy verdiyini bildiriblər.

Deputat Hikmət Məmmədov bəzi fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti beş məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. Komitə sədri qeyd edib ki, layihədə biznes prosedurlarının sadələşdirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində bir sıra dəyişikliklər nəzərdə tutulur.

Sənəddə hüquqi şəxsin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin iflas prosesində olması barədə məlumatların reyestrinin aparılması təklif olunur. Qanun layihəsinin qəbul edilməsi nəticəsində barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək.

Digər dəyişiklik  müddətlərin qısaldılması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Eyni zamanda, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əsasən, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər. Təklif olunan dəyişikliyə əsasən, hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ ilə bağlı bu komitənin müsbət rəyini söylədikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib.

Diqqətə çatdırılıb ki, layihə üzrə əsas dəyişikliklər Mülki Məcəlləyə təklif edilir, digər qanunlara isə mülki qanunvericilikdən irəli gələn düzəlişlər nəzərdə tutulur.

Sənəddə mirasın qəbul edilməsinin xüsusi müddətini və mirasın qəbul edilməsi vaxtının uzadılmasını nəzərdə tutan maddələrin ləğv edilməsi təklif olunur. Mülki Məcəllənin 1243.2-ci maddəsində mirasın qəbulunun qeyri-formal üsulu olaraq əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq göstərilsə də, həmin Məcəllənin 1243.3-cü maddəsində hər iki hal müəyyən edilmədiyindən müvafiq dəyişiklik təklif edilir. Layihədə Mülki Məcəllənin "Mirasın siyahısı" adlanan 1254-cü maddəsinə də dəyişiklik təklif edilərək, mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasın qəbulundan imtina müddəti ilə məhdudlaşdırılması, həmçinin müvafiq hallarda müddətin axımının dayandırılmasını nəzərdə tutan əlverişli qaydalar müəyyən edilir.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə bu komitənin müsbət rəyini nəzərə çatdırdıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Layihə üzrə məruzəçi bildirib ki, sənədin birinci oxunuşunda təklif olunan dəyişikliklərin məqsədi, zərurəti, layihənin əhatə dairəsi kimi məsələlər barədə ətraflı məlumat verilib. O, sənədin birinci oxunuşda müzakirəsində deputatların səsləndirdikləri qeyd və təkliflərə komitənin münasibətini diqqətə çatdırıb və vurğulayıb ki,  qanun layihəsinin qəbulundan sonra onun icrası çərçivəsində tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları hazırlanacaq. Məruzəçi həmin müəssisələrdə gücləndirilmiş qida rasionunun tətbiq olunması fikri ilə bağlı vurğulayıb ki,  təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qalma müddətindən və yaşından asılı olaraq, tibb müəssisələrində isə xəstələrin yaşından və xəstəliyindən asılı olaraq yeni qida normalarının təsdiq edilməsi nəzərdə tutulur.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

“Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev diqqətə çatdırıb ki, birinci oxunuşda layihə barədə ətraflı məlumat verilib. Komitə sədri qeyd edib ki, layihənin ikinci oxunuşunda da sənədlə bağlı komitəyə heç bir təklif daxil olmayıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan "Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, birinci oxunuşda layihə ilə bağlı ətraflı məlumat verilib. Dəyişikliklərin qısa mahiyyətini çatdıran məruzəçi  vurğulayıb ki, sənəddə bütün səhmləri dövlətə məxsus müəssisələrin səhmlərinin (növbəti səhmlərinin) buraxılışı və yerləşdirilməsi prosedurları sadələşdirilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Siyasət