Turan sevdasından Türk dövlətləri birliyinə

post-img

Xəbər verdiyimiz kimi, ötən günlərdə ölkəmizin qonağı olmuş tanınmış türkoloq, Türkiyənin İzmir şəhərindəki Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı, professor Fikrət Türkmənlə redaksiyamızda görüşüb müsahib olmuşduq. Qardaş ölkədə həmişə “Can Azərbaycan!” deyənlərin ön sırasında olmuş böyük dostumuzla söhbətimizin bir önəmli mövzusu da tarixdən gələn Turan mənəvi ortaqlığından çağdaş Türk Dövlətləri Təşkilatına uzanan yolun gerçəkləri və hədəfləri olmuşdu. Uzman araşdırmaçı ilə II müsahibənin ardını oxucularımıza təqdim edirik.

(Əvvəli https://xalqqazeti.az/musahibe/131397-turan-sevdasindan-turk-dovletleri-birliyine)

– Bir fikir də var ki, türk dövlət­lərinin təşkilatlanması təkcə qardaş ölkələrlə məhdudlaşmamalıdır. 

– Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun 4 üzv ölkəsi – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan var idi. Bu gün artıq təşkilatda 5 üzv ölkə birləşib. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. 6 türk dövlətindən 5-i bu təş­kilatın üzvüdür, Türkmənistan isə müşa­hidəçi statusuna malikdir. Macarıstan və Şimali Kipr də müşahidəçi qismində təş­kilata qoşulub. Macarıstanın bu təşkilata bağlılığı, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək oldu­ğunu göstərir. 

Bu birliyin möhkəmlənməsi və güc­lənməsi türk dünyasının dostu olan, geosiyasi və geostrateji kontekstdə dün­ya gücləri ilə rəqabət aparan Yaponiya, Cənubi Koreya, İndoneziya kimi güclü dövlətlərin də birliyə daxil olmasını gün­dəmə gətirir. Məsələn, İsrail Türkiyəyə, həm də Azərbaycana dost dövlətdir. Av­ropadan qovulan yəhudilər keçmişdə Osmanlı İmperiyasına sığınıblar. Bunu tarix də, onlar da unutmurlar. Bu gün də yəhudi lobbisi və diasporu Türkiyə və Azərbaycanla dostluq edir. Türkiyənin İs­raillə münasibətləri “Mavi Mərmərə” ha­disəsindən sonra iki ölkə arasında siyasi gərginlik yaratsa da, hazırda əlaqələ­rin normallaşması prosesində yeni bir tərəqqi dövrü yaşanmaqdadır. Türk dün­yası yeni, amma çox ədalətli reallıqları ilə gündəmin fövqündədir. 

– Şükürlər olsun ki, bir zamanlar yuxumuza da girməyən istəklərimizi artıq həyatda görməkdəyik...

– Bu yolda, həqiqətən, az bir zaman içərisində böyük işlər görüldü, ulu Tanrı nəsib edərsə daha böyük işlər görmək niyyətində olmalıyıq. Hər birimizin bu işdə az, ya çox olsun – rolu, payı olma­lıdır. Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə ya­naşı, həm də regional iqtisadi-siyasi pro­seslərə ciddi təsir imkanları olan nüfuzlu bir qurumdur. 

– Açığı, sizin illər öncə gördüyü­nüz işlər, Egey Universiteti kimi məş­hur bir ali məkdəbdə yaratdığınız Türk Dünyası Araşdırmaları İnstitutu türk birliyi yolunda atılan inamlı addımlar­dan olub. Gün gəlib ki, arzularınız ger­çəkləşib.

– Türk birliyinin kökü tarixdən gəlir. Bir atanın-ananın ayrı salınmış övladla­rı gec-tez bir araya gəlməli idi. Biz buna inandıq və bu hədəfə yön aldıq. Əvvəl çətinliklərimiz oldu. Sonra rəhmətlik baş nazirimiz Eçevitin dəstəyi ilə türkoloji mərkəzi yarada bildik. Fədakar əməyi ilə bu böyük işə yol açanlar da oldu. İndi on­ların çoxu bu dünyada yoxdur. Qəbirləri nurla dolsun, ruhları şad olsun, qalanlara da can sağlığı arzu edirəm. Gündəmə gətirdiyimiz məramın səmərəsini indi ar­tıqlaması ilə görməkdəyik. 

İnanın ki, türk dünyasının müxtəlif məkanlarından gəlib bizdə təhsil alan və ölkəsinə dönüb orada fəaliyyət göstərən tələbələrimin uğuru məni övladlarım qə­dər məmnun edir. İndi Qazaxıstanın ra­bitə naziri, eyni ilə Türkmənistanın xarici işlər naziri bizim tələbəmiz olublar. Belə yüksək postlara sahiblənən azərbaycanlı tələbələrimizin də sayı az deyil – sırala­rında millət vəkilləri, nazir, komitə sədrləri olanlar da var. Türk dünyasına verdiyimiz bu kadrlar Turan ideyalarının davamçıları və yeni birliyin yaradıcılarıdır. Qazaxıs­tanda, Qırğızıstanda, eləcə də Azərbay­canda çalışan məzunlarımızın uğur və fəaliyyətləri hər birimizi qürurlandırır. 

Əslində, bunlar bizim böyük hazırlıq işlərimizin üzə çıxan bar-bəhrəsidir. Bir dəfə İzmir Ticarət Odasında çalışan bir məmur dostumuz mənə söylədi ki, “xo­cam, əski sovetlərdə haraya gediriksə sizləri soruşdular”. Baxın, bundan da gözəl bir xəbər və dəyər olarmı?! Demək 30 ildən bir az çox ortada olan zəhməti­miz meyvələrini verməkdədir.

– Azərbaycanla bağlı çalışmaları­nız və istəkləriniz barədə bir az geniş danışın... 

– Can Azərbaycan barədə dilə gə­tirəcəyim fikirlər geniş və əhatəlidir. Birincisi, bu mənim Azərbaycanla şəxsi əlaqələrimə, oradakı dəyərli dostlarıma, fəaliyyətimə aiddir. İkinci, deyəcəklə­rim institutumuzun yetişdirdiyi kadrların Azərbaycandakı fəaliyyətinə, onların qazandıqları bilik və təcrübələri burada həyata keçirə bilmələri barədədir. Bir az irəlidə dediyim kimi, indi bizim məzun­ların sorağı türk dünyasının hər yerindən gəlir, daha çox isə Azərbaycandan. Tür­kiyədə, bizim universitetdə təhsilini başa vurduqdan sonra Azərbaycanda çalışan kardioloq-həkim Rəşad Mahmudov son­rakı illərdə vətənində məşhurluq qaza­nıb, indi millət vəkilidir. Başqa bir Rəşad adlı məzunumuz urologiya sahəsində ta­nınmış mütəxəssidir. Eləcə də qaraciyər köçürməsi ilə məşğul olan Mircəlal həkim və başqaları bizim də fəxrimizdir.

Bu siyahını uzatmaq da olar, qısaca söyləyim ki, cəmiyyətin elə bir sahəsi yoxdur ki, bizim Türkiyə məzunlarımız orada olmasın. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə böyük işlər həya­ta keçirən Azərbaycan Prezidenti İlham Əliyevin layiqli icraçıları sırasında bizim məzunlarımızın da olması Azərbaycan–Türkiyə qardaşlığının birgə töhfəsidir.

Bir az əvvəldə dediyim kimi, hələ sovetlər dövründə SSRİ Elmlər Akade­miyasına ezam olunanda Azərbaycanla ilk tanışlığım başladı. Əslində, bu əyani bir tanışlıq idi, lakin o vaxta qədər Azər­baycan haqqında, onun tarixi və ədəbiy­yatı haqqında kifayət qədər məlumatım var idi. Azərbaycan bütün parametrlərdə Türkiyənin Sovetlərə, eləcə də bu mə­kandakı türk dünyasına açılan önəmli qapısı sayılırdı. Birinci dünya savaşı za­manı yardımlaşma, Bakının Nuru paşa missiyası tərəfindən xilası, AXC dövrü əlaqələri, sovet hökumətinin ilk illərində Azərbaycanın türkçülüyün mərkəzinə çevrilməsi öyünclü keçmişdir.

Təbii ki, bu həqiqətlər bizim tale yo­lumuzu müəyyən edib, alimlərimizin tədqiqat yönlərinin hədəfidir. Azərbay­can müstəqilliyini qazanandan sonra isə bunlar dövlətlərarası münasibətlərin xarakterini təyin edən amillər oldu. Nə yaxşı ki, indi biz dünyada ən etibarlı, heç kəslə müqayisəsi olmayan müttəfiqlərik. Mənim Azərbaycana yolum haradan baş­layır – rəhmətlik Əhməd Cəfəroğlunun Aşıq Qərib haqqında məqaləsindənmi, “Molla Nəsrəddin”dənmi, “Koroğlu”dan­mı, “Tahir və Zöhrə”dənmi, yaxud digər yüzlərcə ortaq dəyərdənmi? Azərbaycan böyük Türk dünyasının önəmli bir məkanı olmaqla, həmişə mənim qəlbimdə olmuş­dur. Buraya gəlişim, insanlarla əlaqələrim və dostluğum bu bağlantıları daha da ar­tırmış və zənginləşdirmişdir. 

20 Yanvar hadisələrindən az sonra Bakıya gəldim, daha doğrusu, bu gə­lişimlə sıxıntılarımı, üzüntülərimi dəfn etdim. Azadlıq qanla alınır, əbəs yerə deyilməyib: “bayraqları bayraq edən üs­tündəki qandır”. 1990-cı ilin mayında qaldığım oteldən sübhə yaxın rus qoşun hissələrinin nizamsız bir axınla o dönəm­ki Lenin meydanını (indiki “Azadlıq”) tərk etdiyini görəndə Xəzərin üstündən do­ğan günəş zərrin şəfəqləri ilə qaldığım otağı işıqlandırmaqda idi. Mən onda bu günəşin təkcə mənim otel otağıma yox, bütün Azərbaycanın üzərinə doğduğunu düşünmüşdüm, üstəlik, bir şeir də yaz­mışdım. 

Bu gün isə nələrə nail olduğumuzun fərqindəyəm: Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Ən önəmlisi, Azərbaycan bu gün dünyada səsi eşi­dilən ölkələrdən biridir. Ən böyük proble­mimiz olan Qarabağ məsələsinin həlli isə dünyaya yeni mesajlar verd – bu zəfər türk dünyasının yeni dirçəlişi idi. Başqa problemlər də həllini tapacaq, Zəngəzur dəhlizi də açılacaq, sadəcə, məkirli və iküzlü dünyanın planlarını birliyimızlə, inamla, inadla dəf etməliyik. Ona görə də harada olsaq da türk mənəvi birliyi çev­rəsində yaşamalı, çalışmalıyıq. Tez-tez görüşməli, yeni hədəflər tapmalıyıq.

– Ölkəmizlə əlaqələriniz bu gün də qalmaqdadır və indiki görüşümüz də bunun canlı təsdiqidir. 

– Dəyərli dostum, Türk dünyasının da yaxşı tanıdığı Kamal Abdullanın dəvəti ilə bu dəfə yenidən doğma Bakıdayam. Amma o qədər görüşmək istəyənlər, qonaq dəvət edənlər var ki, çatdıra bil­mirəm. Vaxt edib görüşə bilmədiyim və bunun üçün məni məzəmmət edən dost­larımın iradlarını qəbul etsəm də, onla­rın vaxt darlığını başa düşmələrini arzu edərdim.

Yeri gəlmişkən, xatırladım ki, Azər­baycandan özümə həmişə hörmət və məhəbbət görmüşəm və bunu da xid­mətlərimin bəhrəsi kimi qiymətləndirmək ağlımdan belə keçməyib. Bu qədirbilən­lik Azərbaycanın timsalında türk dün­yasına verilən dəyərləridir. 1992-ci ildə Bakı Dövlət Üniversitetində mənə “Fəxri doktor” adı verildi. Türkiyə Prezidenti Süleyman Dəmrəldən “Türk dünyasına xidmət” mükafatını alanda o anların se­vinc və öyüncünü yenidən yaşadım. Bu mənim elmi fəaliyyətimə verilən dəyər olmaqla, həm də Azərbaycana bağlılığı­mın yadigar nişanəsidir.

Azərbaycanlı dostlarla bağlı o qədər zəngin xatirələr var ki, qardaş bildiyim bu insanlardan kənarda durmaq mümkün deyil. Onların böyük bir qismi – Rəsul Rza, Bəxtiyar Vababzadə çox əzizdir. Anar, Elçin, İsa Həbibbəyli, Kamal Ab­dulla, Əsgər Rəsulov, Oqtay Səmədov, Muxtar İmanov, Adil Cəmil, Rüstəm Beh­rudi, İntiqam Qasımzadə və çoxsaylı di­gər dostlarıma cansağlığı, birgə işimizdə arzu edirəm. Budəfəki Bakı səfərimdə onların bir-ikisi ilə görüşə bildim, bəzilə­ri ilə telofonda danışıb doğma səslərini eşitdim. 

Bir də xatırlatmaq istəyirəm ki, bu günlərdə daha fəal olmalıyıq, Böyük Türk dünyasını vaxtı ilə xəyal olan bugünkü birliyini görmək ən böyük xoşbəxtliklər­dəndir. Onun inkişafı üçün daha səfərbər olmalı, gənclərimizə bu yolda daha ciddi dəstək olmalıyıq. 

– Türk dünyasına olan böyük sev­giniz, ulu Turan idealınız yeni nəsil araşdırmaçılara örnəkdir. Bu dəyərlər­dən danışmaqdan heç vaxt yorulmadı­nız...

– Yaratdığınız fürsət üçün çox min­nətdaram. Belə görüş və söhbətlərin səmərəli olduğuna şübhəm yoxdur. Biz türkük deməklə, bir yerdə olmaqla ki­minsə haqqını tapdalamırıq, başqalarının hüquqlarını pozmaq, kiməsə təcavüz niy­yətimiz də yoxdur. Dilimizi, dinimizi, var­lığımızı, milli kimliyimizi uca tutduğumuz kimi, onu qorumaq, ucaltmaq və dünyaya yaymaq niyyətindəyik. Dünyanın türkün ədalətinə və haqq işinə şübhəsi olmama­lıdır. Ona görə də bu görüşlər və söh­bətlər türk dünyasının hər bir insanı üçün gərəklidir.

Əminəm ki, danışdıqlarımızın əhə­miyyəti və faydası düşündüyümüzdən də çox olacaq, çünki türkə aid hər dəyəri sevdirmək niyyətindəyik. Mən bu gerçəyə inananlardanam. Bir olmağımız qüdrətli olmağımızdır, güclü olmağımızdır. Cüm­huriyyəti belə qurduq. Əl-ələ tutduğumuz zaman uçuruma düşmərik, yadlara yem olmarıq.

Günümüz üçün olduqca vacib olan bir məsələni də mütləq qeyd etmək la­zımdır: Qarabağda qazanılan son qələbə təkcə Azərbaycanın zəfəri deyil, bütün türk dünyasının öyünclü uğurudur. Sivil dünya bunu bu cür də qəbul edir. 

– O da var ki, Türkiyənin Azərbay­cana dəstəyi bütün türk düşmənlərini qorxutdu, dayandırdı. 

– Bu Azərbaycana münasibətdə Tür­kiyənin qardaşlıq borcu, dünya miqyasın­da isə ədalətə sədaqəti idi. Qarabağın azadlığı uğrunda savaş çağdaş tarixdə böyük önəm daşıdı və xalqlarımıza gü­vən verdi. Biz türk birliyinə bax bu zəfər yolu ilə gedirik.

– Fikrət bəy, maraqlı söhbət üçün çox sağ olun! Turan sevdası yolunda çalışmalarınızda sizə yeni uğurlar dilə­yirik.

 

Söhbəti apardılar:
Namiq QƏDİMOĞLU,
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”



Müsahibə