Qarabağda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Qarabağlıların qonaqpərvərlik mədəniyyətinin turizmdə xidmət mədəniyyətinə çevrilməsi bölgədə bu sahənin inkişafına böyük təkan verə bilər. Digər tərəfdən, Qarabağ mətbəxinin tarixi də elə xalqın keçmişi qədər qədimdir və turizm sektoru üçün geniş imkanlar yaradır. Bura yüksək kalorili ət yeməklərindən tutmuş vegeterian tələblərə uyğun göyərti və tərəvəzdən hazırlanan təamları əlavə edə bilərik. Qarabağ həm də maraqlı tarixi-mədəni irsə malikdir, təbiət imkanlarına görə də rəngarəngdir.
Müsahibim Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu barədə deyir:
– Qarabağın turizm mərkəzinə çevrilməsi üçün çox geniş imkanlar var. Bu imkanların reallığa çevrilməsi üçün əsas vəzifə düşmənin 30 ilə yaxın bir müddətdə viran qoyduğu əraziləri yenidən qurmaq, qayıdış üçün əlverişli zəmin formalaşdırmaqdır. Artıq rabitə-kommunikasiya xətləri çəkilib, kilometrlərlə yeni yollar salınıb, dağıdılan binaların, tarixi-mədəni abidələrin bir hissəsi bərpa olunub.
Bu gün bir tərəfdən Qarabağın tarixi görkəmi özünə qaytarılır, digər tərəfdən yaşayış üçün ən müasir infrastruktur qurulur, turizmin potensialı yaradılır. Məsələn, Füzuli şəhəri Qarabağın hava qapısı adlandırılır. Burada nəqliyyat və logistika müasir standartlar əsasında qurulub, beynəlxalq hava limanları istifadəyə verilib. Zəngəzur dəhlizinin Füzuli rayonunun ərazisindən keçməsi turizm potensialının gerçəkləşdirilməsi üçün mühüm zəmin yaradıb.
Füzuli həm təbiəti, həm də tarixi-arxeoloji abidələri ilə Azərbaycanın ən zəngin bölgələrindən biridir. Rayonda çoxsaylı arxeoloji abidələr– Günəştəpə, Qaraköpəktəpə və Qarabulaq kurqanları bu günümüzə qədər saxlanılıb. Kurqanlar Əhmədbəyli–Füzuli–Şuşa yolunun, təxminən, 700-800 metr yaxınlığında yerləşir. Bu böyük kurqan çölü dəfn mədəniyyətimizdə xüsusi yer tutur, tarixi bir neçə minillik əvvələ gedib çıxır. Burada 3 min yaşı olan hökmdar kurqanları da var. Arxeoloji qazıntılar zamanı qədim dövrə aid artefaktlar aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, ərazidə hökmdar arabası ilə birlikdə dəfn edilib. Kurqanda araba təkərlərinin, atların, silah-sursatın qalıqları aşkarlanıb.
Hazırda kurqanda arxeoloji ekspedisiya fəaliyyət göstərir. Bəzi kurqanlarda ermənilərin səngər qazdıqları da aydın görünür. Gələcəkdə burada unikal arxeoparkın yaradılması nəzərdə tutulur ki, bu, həm tariximizin təbliğində, həm də turist axınının kütləviləşməsində böyük rol oynayacaq.
Məngələnata yüksəkliyində qədim alban məbədi var. Təəssüf ki, mənfur düşmən bu abidəni də erməniləşdirib. Amma bütün tarixi abidələr kimi o da bərpa olunacaq. Bu yüksəklikdə yaradılacaq Bayraq meydanı da turistlərin ən çox ziyarət etdiyi yerlərdən birinə çevriləcək. Oradan Füzuli şəhəri, habelə bir-birini tamamlayan, vəhdət təşkil edən düzən, dağətəyi və yüksək dağlıq ərazi seyr ediləcək.
Füzuli rayonunda turizm mərkəzinə çevriləcək yerlərdən biri də Azıx mağarasıdır. Bu mağaranın adı əhəmiyyətli arxeoloji abidələr sırasındadır və dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Arxeoloji abidədən tapılmış ibtidai insanın alt çənə sümüyünün qalığı göstərdi ki, Azərbaycanda təxminən 350-400 min il bundan əvvəl insan yaşayıb.
İşğal dövründə Azıx mağarası da düşmən talanına məruz qalıb. Aparılan tədqiqatlar nəticəsində oradan tapılmış çox qiymətli əşyalar, erməni işğalçıları tərəfindən xarici ölkələrə daşınıb. Hazırda belə eksponatların Azərbaycana qaytarılması üçün cox ciddi tədbirlər görülür.
Ümumiyyətlə, Azıx mağarasının köməyi ilə Azərbaycanın, o cümlədən Qarabağın daş dövrü haqqında geniş məlumat almaq olar. Yaxın gələcəkdə bu mağaraya turist marşrutunun açılması ölkəmizin turizm təsərrüfatı üçün çox vacib şərtlərdəndir. Artıq tarixi yerlərimizə səfərlər təşkil ediləcək günləri səbirsizliklə gözləyirik. Bu ərazidə böyük bir turizm infrastrukturunun yaradılmasını nəzərdə tuturuq.
– Ətraf rayonların da böyük turizm potensialı var. Xocavənd rayonunun təbiəti gözəl, turizm potensialı geniş və çoxşaxəlidir. Hadrut və Tuğ daha çox turist cəlb edə bilər.
– Turizm məkanı ilə bağlı xüsusilə onu qeyd etmək istəyirəm ki, nəinki Füzulinin, ətraf rayonların da böyük turizm potensialı var. Biz az bir vaxt Zəfər yolu ilə hərəkət etsək, Xocavənd rayonunun ərazisinə daxil olacağıq. Bu rayonun təbiəti çox gözəldir. Dağ, meşə və vadilərin füsunkarlığı insanı valeh edir. Ağdam və Füzuli ilə müqayisədə Xocavənd ciddi şəkildə dağıdılmayıb. Onun turizm potensialı geniş və çoxşaxəlidir. Xüsusilə Tuğ kəndi daha çox turist cəlb edə bilər.
Tuğun tarixi memarlıq üslubunu saxlamaqla burada mədəni turizmi, zəngin təbiətindən istifadə etməklə ekoturizmi inkişaf etdirmək mümkündür. Onun aqroturizm potensialı da böyükdür.
Tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə məşhur olub. Zavod üçün müasir turizm konsepti tətbiq ediləcək. Belə ki, bura yalnız şərab istehsal edilən yer deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək. Kompleksin tərkibində müxtəlif tədbir və festivalların keçirilməsi üçün çoxtəyinatlı məkanlar olacaq.
Tuğda da ənənəvi Azərbaycan memarlığına işğal dövründə çox müdaxilə edilib və bəzi tikililər vandalizmə məruz qalıb. Kəndin tarixi tikililəri, küçə, hasar və darvazaları ənənəvi memarlıq üslubunda təmir olunacaq.
Şuşaya gedən yolun buradan keçməsi nəzərə alınaraq gələcəkdə ətrafdakı tarix və mədəniyyət abidələrinə haykinq və piyada turizm marşrutlarının yaradılması, piyada gəzintisi üçün dağ cığırlarının keçdiyi yerlərdə kempinq zonaların, kiçik etnoqrafik festivalların, günlük turist səfərlərinin təşkili və digər layihələrin həyata keçirilməsi üçün böyük potensial var.
Hadrut qəsəbəsinin də turizm potensialı yüksəkdir: meşəli dağlar və onların içində yaşayış məntəqəsi. Bu yerlər bərpa olunduqdan sonra çoxsaylı turizm istirahət zonaları yaradılacaq, özəl sektor cəlb olunacaq.
– Nəhayət, turizm haqqında danışarkən Suqovuşan və Talış kəndlərini də qeyd etməliyik. Bura özəl sektorun cəlb edilməsi nəzərdə tutulur. Xahiş edirik bu barədə məlumat verəsiniz.
– Suqovuşanda turizm kompleksinin tikintisinə başlanılıb. Bu turizm mərkəzinin yaradılması Naftalanda turizmin inkişafı üçün də əhəmiyyət kəsb edir. Belə ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulan, hazırda icra mərhələsində olan Suqovuşan turizm kompleksinə məsafə baxımından yaxınlıq Gəncə ilə yanaşı, həm də Naftalandan oraya turist səfərlərinin təşkil olunacağını deməyə əsas verir.
Əlbəttə, bu, əlavə biznes sahələrinin yaradılmasına öz müsbət təsirini göstərəcək. Suqovuşanda turizm obyektlərinin tikintisində özəl sektor yaxından iştirak edir.
Talış kəndində ikinci faza yekunlaşandan sonra turizmin orada inkişaf etdirilməsi imkanları genişlənəcək. Elə xüsusi zonalar var ki, məhz ora özəl sektorun cəlb edilməsi nəzərdə tutulub.
– Son zamanlar Qarabağda alternativ turizm növü olan “Qaranlıq (Dark) turizmi”nə maraq artır. Təbii fəlakətlər, dağıntılar və xarabalıqlarla bağlı olan bu turizmin Qarabağda inkişafı haqqında nə deyə bilərsiniz?
– Çox vacib məsələ ondan ibarətdir ki, Qarabağda turizm çoxşaxəlidir. Burada həm istirahət, həm səhiyyə, həm dağ, həm də kulinariya turizmi var. Son illər turizm sektorunda baş verən dəyişikliklər alternativ turizm növlərinə də marağı artırır. Qaranlıq (Dark) turizm gün keçdikcə populyarlığı artan alternativ növlərdən biridir. Bu, təbii fəlakətlər, dağıntılar, xarabalıqlarla bağlı turizm növüdür.
Dünyada dağıntıları görmək istəyən turistlər də az deyil. Qarabağda onun inkişaf etdirilməsi üçün imkanlar var. İşğal dövründə bir çox yaşayış məntəqələrimiz düşmən tərəfindən dağıdılıb, viranə qoyulub. Bu bir çox turistlər belə yerlərə, yəni müharibənin törətdiyi fəsadlara baxmaq üçün səyahət edirlər. Onu Qarabağda da tətbiq edə bilərik.
İnfrastruktur layihələri bitdikdən sonra orada dağıdılmış binaların bir hissəsini bərpa etmədən saxlayıb, düşmənin törətdiyi barbarlığı gələn turistlərə göstərmək olar. Məsələn, Ağdamda açıq səma altında 18 hektarlıq Memorial bağ salınacaq. Biz bütün şəhəri müasir üslubda bərpa etsək də, Memorial bağda xarabalıqlar, dağıdılmış binalar saxlanılacaq. Onları olduğu kimi qoruyacağıq ki, gələcək nəsillər bu tariximizi unutmasın, mənfur düşmənin xalqımızın başına gətirdiyi faciələri bilsin.
Dağıntılar arasında müvafiq təmizlik, abadlıq işləri görüləcək, cığırlar çəkiləcək, binalar haqqında müəyyən məlumatları əks etdirən “augmented reality – gücləndirilmiş virtual reallıq” texnologiyasından istifadə etməklə mobil aplikasiyalar tətbiq olunacaq. Məqsəd odur ki, İşğal muzeyi, Memorial bağ və Zəfər muzeyi Azərbaycan xalqının Birinci və İkinci Qarabağ müharibəsində keçdiyi tarixi göstərə bilsin. Burada XX əsrin dəhşətli Xocalı soyqırımı, Ağdamın işğalı, bununla bağlı video-audio materiallar, eksponatlar əks olunacaq.
İşğal muzeyindən çıxan insan Memorial bağı gəzərkən 27 illik işğal dövrü haqqında ətraflı məlumat alacaq. İnsanlar o dağıntıların arasından keçərkən sanki həmin zamana səyahət edəcək və gözləri qarşısında o faciələr canlanacaq.
Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”