İyunun 2-də Böyük Britaniya hökuməti son onilliklərin ən genişmiqyaslı müdafiə proqramını açıqladı. Baş nazir Kir Starmerin təqdim etdiyi yeni strategiya yalnız maliyyə ölçüsü ilə deyil, həm də siyasi və texnoloji baxımdan Avropa təhlükəsizlik mühitində ciddi dəyişikliklərə işarə edir. “Soyuq müharibə”dən bu yana ilk dəfə London nüvə çəkindirmə siyasətinə yenidən hava komponenti əlavə etməyi, kritik infrastrukturun müdafiəsini gücləndirməyi və kiber məkanla süni intellekt sahələrinə daha geniş investisiyalar yatırmağı planlaşdırır.
Strateji yeniliklər nədən ibarətdir? Böyük Britaniyanın yeni müdafiə paketi bir neçə əsas istiqaməti əhatə edir. Birincisi, 20 milyard dollardan çox vəsait döyüş sursatlarının istehsalına ayrılacaq. 6 yeni sursat fabriki və 12 hücum tipli sualtı qayıq istehsalı nəzərdə tutulur. Nüvə arsenalının modernizasiyası, o cümlədən “Trident” raketləri daşıyan sualtı qayıqlarla yanaşı, F-35A qırıcıları üçün B61-12 tipli nüvə bombalarının mümkün yerləşdirilməsi də plana daxildir. Bundan başqa, kritik infrastrukturun qorunmasına, kibertəhlükəsizlik və süni intellekt texnologiyalarına sərmayənin artırılması da planlaşdırılır. Nəhayət, hərbi şəxsi heyətin sayının artırılması və “döyüşə hazırlıq” səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılacaq. Baş nazir Starmerin sözlərinə görə, bu strategiya yalnız müdafiəni gücləndirmək məqsədi daşımır, eyni zamanda qarşısını almaq istədiyi mümkün münaqişələrin qarşısını almağa xidmət edir.
Britaniyanın bu addımı NATO-nun ümumi müdafiə qabiliyyətini gücləndirsə də, bəzi Avropa ölkələri üçün narahatlıq doğura bilər. Xüsusilə müstəqil təhlükəsizlik və silahlanma siyasəti yürüdən Fransa və Almaniya bu prosesdə öz mövqelərini balanslaşdırmaq məcburiyyətində qalacaqlar. Bununla belə, Baltikyanı ölkələr və Şərqi Avropa dövlətləri bu dəyişiklikləri potensial dəstək kimi qiymətləndirə bilər. Eyni zamanda, yeni strategiya Avropa İttifaqı ilə Böyük Britaniya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını da genişləndirə bilər. Lakin bu əməkdaşlığın hansı hüquqi və institusional əsaslar üzərində qurulacağı hələlik açıq qalır.
Böyük Britaniyanın müdafiə strategiyası rəsmi bəyanatlarda birbaşa Rusiyaya yönəlmiş kimi təqdim olunur. Xüsusilə Ukraynadakı müharibə fonunda Londonun ritorikası daha sərt və açıq şəkildə çəkindirmə xəttini gücləndirməyə yönəlib. Yeni hava komponentinin (F-35A tipli nüvə daşıyan qırıcıların) gündəmə gəlməsi isə Moskva tərəfindən diqqətlə izlənir. Rusiya tərəfi bu addımları regionda gərginliyi artıran faktor kimi qiymətləndirməyə meyllidir. Nəticə etibarilə, qarşılıqlı strateji inamsızlığın yeni silahlanma yarışına və ya regionda “çəkindirmə balansının” pozulmasına səbəb ola biləcəyi güman edilir. Moskvanın cavab addımlarının Kalininqradda, Belarusda və Arktikada hərbi aktivliyini artırmasından ibarət olacağı güman edilir.
Beləliklə, politoloqların da fikrincə, Böyük Britaniyanın yeni müdafiə strategiyası yalnız daxili təhlükəsizlik məsələsi deyil, həm də Avropanın ümumi təhlükəsizlik sisteminin transformasiyasıdır. “Soyuq müharibə” dövründən sonra ilk dəfə olaraq belə ölçüdə kompleks müdafiə proqramı həm siyasi, həm də texnoloji baxımdan ciddi nəticələr doğura bilər. Bu kontekstdə Britaniyanın NATO daxilində və Avropa təhlükəsizlik arxitekturasında yeni rolunun formalaşması müşahidə olunacaq. Nəticə etibarilə Londonun yeni müdafiə planı Avropa üçün təkcə hərbi qüvvələrin möhkəmləndirilməsi deyil, eyni zamanda, strateji düşüncənin yenidən qurulması anlamına gəlir. Əgər bu strategiya koordinasiyalı şəkildə NATO və ya Avropa İttifaqı ilə uyğunlaşdırılarsa, o zaman Avropanın kollektiv müdafiəsini möhkəmləndirə bilər.
Səbuhi MƏMMƏDOV
XQ