Əraqçi: ABŞ-la fikir ayrılıqları var, amma dialoq pəncərəsi də açıqdır

post-img

İranın xarici işlər naziri Abbas Əraqçi uranın zənginləşdirilməsi ilə bağlı ABŞ ilə fikir ayrılıqlarının davam etdiyini bildirib, lakin diplomatik pəncərənin hələ də açıq olduğunu və tərəflərin razılığa gələ biləcəyini vurğulayıb.

Livanın “Əl Manar” telekanalına müsahibəsində Əraqçi qeyd edib ki, Vaşinqton və Tehran arasında danışıqlar “qarşılıqlı hörmət” şəraitində və “razılaşma üçün ciddi iradənin” mövcudluğu ilə gedir.

O təsdiq edib ki, uranın zənginləşdirilməsi əsas fikir ayrılığı nöqtəsi olaraq qalır. Eyni zamanda, İran tərəfi dinc nüvə proqramını qoruyub saxlamaqda israrlıdır: “Tibbi və sənaye ehtiyaclarını ödəmək üçün zənginləşdirməyə ehtiyacımız var. Ölkədə istehsal olunan radioaktiv izotoplar hər il bir milyondan çox xəstəyə kömək edir. Bəzi alimlərimiz bunun üçün canlarını veriblər. Biz bundan heç vaxt vaz keçməyəcəyik”.

ABŞ-ın nüvə sazişi ilə bağlı son təklifini şərh edən Əraqçi deyib: “Bu, tədqiq olunur və İran öz milli maraqlarına uyğun olaraq, lazımi vaxtda cavab verəcək”.

Əraqçi deyib ki, çətinliklərə baxmayaraq, “diplomatik pəncərə hələ də açıqdır və danışıqlar yolu ilə həll tapmaq üçün real imkan var”.

P.ƏMİRCANOV
XQ

Dünya