Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) 2025-ci il üzrə 3-cü Əlavə İnsan Ölçüsü Görüşü cari ilin 2–3 iyun tarixlərində Avstriyanın Vyana şəhərində keçirilib. “İnsan Hüquqları və Bərabərlik: Effektiv Milli Mexanizmlərin Rolu” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Bərabərlik hüququnun təmini sektorunun müdiri Cavidan Qorçiyev iştirak edib.
Müxtəlif ölkələrin dövlət rəsmilərinin, qeyri-hökumət təşkilatlarının və milli insan hüquqları institutlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Ombudsman Aparatının nümayəndəsi çıxışı zamanı Azərbaycanın tarixən tolerantlıq və multikultural dəyərləri ilə seçildiyini, bu dəyərlərin bu gün də qorunaraq təbliğ edildiyini vurğulayıb.
C.Qorçiyev, həmçinin ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, qanunvericilikdə bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin aradan qaldırılmasına dair mövcud normalar, eləcə də Ombudsmanın bu sahədə malik olduğu mandat barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, 2023-cü ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərlə Müvəkkilin ayrı-seçkiliyin qarşısının alınması və bərabərlik hüququnun təmini sahəsində səlahiyyətləri daha da genişləndirilib.
Tədbir zamanı, həmçinin, Ombudsman təsisatı tərəfindən ayrı-seçkiliyin qarşısının alınması və hüquq bərabərliyinin təbliği istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri, hazırlanmış çap materialları və videoçarxların ictimaiyyətə təqdim olunması ilə bağlı məlumat verilib.
Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.