"e-AHİK" elektron rezervasiya sisteminin təqdimatı keçirilib

post-img

İyunun 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) "e-AHİK" elektron rezervasiya sisteminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə yollayışların verilməsində "e-AHİK" elektron rezervasiya sisteminin üstünlükləri haqqında məlumat verilib.

Bildirilib ki, sistem yollayışların verilməsi prosesində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılıb. Bu sistem vasitəsilə sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışı daha asan şəkildə əldə etmək mümkün olacaq.

Qeyd olunub ki, "e-AHİK" sisteminə edilən müraciət qəbul olduqda təsdiq barədə həmin şəxsə məlumat verilir. Sonra şəxsi kabinetdə ödəniş linki ilə yollayışın qismən dəyəri ödənilir və elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. Yollayışı əldə edən şəxs elektron yollayış və şəxsiyyət vəsiqəsi ilə göstərilən tarixdə sanatoriyaya, yaxud istirahət mərkəzinə yaxınlaşır.

Həmçinin tədbirdə sistemdən istifadə qaydaları haqqında təqdimat edilib.

Daha sonra ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, istirahətinin təşkili istiqamətində görülən işlərdən, aparılan islahatlardan və tətbiq edilən yeniliklərdən bəhs edən video nümayiş olunub.

Konfederasiyanın həyata keçirdiyi “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Sağlamlığa doğru qaç!”, “Həmkardan həmkara qayğı ilə” layihələri barədə də ətraflı məlumat verilib, həmin layihələrdən hazırlanmış videoçarx nümayiş etdirilib.

Diqqətə çatdırılıb ki, Konfederasiya tərəfindən ittifaq üzvləri üçün əlavə xüsusi endirimlər və bonuslar təqdim edən "AHİK Plus" proqramının da yaxın vaxtlarda icrasına başlanılacaq. Proqram üzvlərin sosial rifahının yüksəldilməsini, mal və xidmətlərə daha sərfəli çıxış imkanlarının yaradılmasını hədəfləyir.

Tədbirdən sonra media nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, "e-AHİK" sistemi vasitəsilə edilən müraciətlərə bu Mərkəzdə baxılır.

Media nümayəndələri, həmçinin Konfederasiya tərəfindən yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzində də olublar. Bildirilib ki, Mərkəzdə ittifaq üzvlərinə əməyin hüquq və texniki müfəttişləri tərəfindən əmək münasibətlərində hüquqi məsələlərlə bağlı ödənişsiz hüquqi yardım göstərilir. Məqsəd həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin daha etibarlı təşkili ilə məmnunluq səviyyəsinin yüksəldilməsidir.









Sosial həyat