Azərbaycan – təkcə təchizatçı yox, həm də sabitlik ixrac edən tərəfdaş
Azərbaycanın enerji siyasəti təkcə resurs ixracı ilə kifayətlənmir. Ölkəmiz enerji daşıyıcılarının tədarükündə sabitlik və etibarlılıq amilini ön plana çıxararaq, Avropa İttifaqı ilə yeni əməkdaşlıq platformaları yaradır. Bu çərçivədə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya kimi ölkələrlə mühüm sazişlər imzalanıb, qaz nəqli üzrə interkonnektor layihələri reallaşdırılıb.
Bu təşəbbüslər nəticəsində Azərbaycan Avropanın enerji təchizatçısı olmaqla yanaşı, regionun geosiyasi və iqtisadi sabitliyinə də töhfə verir. Azərbaycanın təklifi ilə yaradılan Bakı təşəbbüsü – yaşıl enerji üzrə əməkdaşlıq platforması – Orta Dəhliz və Transxəzər marşrutu boyunca yerləşən ölkələri bir araya gətirərək genişmiqyaslı sinerji yaradır.
Enerji gündəliyi: Yaşıl gələcəyə doğru
Azərbaycan gələcəyə baxışında enerji sektorunu yalnız karbohidrogen ehtiyatları ilə deyil, həm də bərpaolunan enerji potensialı ilə gücləndirir. Xüsusilə Zəngilan, Laçın və Cəbrayıl rayonlarında günəş və külək enerjisi stansiyalarının qurulması bu baxımdan mühüm strateji addımdır. 2025-ci ildən etibarən yaşıl enerjinin ixracı gündəlikdədir və bu sahədə Avropa ölkələri ilə ilkin razılaşmalar əldə olunub.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” kimi qlobal enerji şirkətləri ilə əməkdaşlıq müqavilələri Azərbaycanın yaşıl keçid prosesində liderliyə iddialı olduğunu göstərir.
Azərbaycan–Avropa strateji əlaqələri: Qarşılıqlı fayda və etimad
Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsindəki əməkdaşlıq qarşılıqlı etimada əsaslanır. Azərbaycan resurs ixracçısı kimi yalnız iqtisadi fayda əldə etmir, eyni zamanda tərəfdaş ölkələrdə sosial sabitliyin qorunmasına və iqtisadi inkişafın təmin edilməsinə dəstək verir. Bu, Azərbaycanın enerji diplomatiyasının fərqləndirici xüsusiyyətlərindən biridir.
Çexiya ilə bağlanan yeni razılaşma bu baxımdan xüsusi önəm daşıyır. Dövlət ehtiyatlarının formalaşdırılmasında Azərbaycan neftinin iştirakı bu ölkənin enerji təhlükəsizliyi üçün təminat olmaqla yanaşı, Azərbaycanın da beynəlxalq etibarını daha da möhkəmləndirir. Bu barədə Çexiyanın Milli Təhlükəsizlik üzrə müşavirinin müavini Tomas Poyar Bakı Enerji Forumunda çıxışı zamanı bəyan edib.
Tomas Poyar çıxışında bildirib ki, Azərbaycan Çexiya üçün İtaliyadan sonra ikinci ən böyük neft tədarükçüsüdür. Hər il Bakıdan 2–2,5 milyon ton neft ixrac olunur və bu həcm yaxın illərdə artırıla bilər. “Azərbaycan nefti Çexiyanın enerji balansında mühüm yer tutur. Enerji təhlükəsizliyi yalnız resurs ölkəsindən deyil, həm də tədarük marşrutlarının dayanıqlılığından asılıdır. Biz bir dəhlizdən asılı olmamağın tərəfdarıyıq və bu baxımdan Azərbaycanla əməkdaşlıq bizim üçün olduqca stratejidir”, – deyə Poyar qeyd edib.
Onun fikrincə, Azərbaycanın Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan kimi layihələr vasitəsilə Avropaya neft və qaz nəqli yalnız iqtisadi deyil, həm də geosiyasi sabitlik amilinə çevrilib.
Azərbaycanın enerji vizyonu – dayanıqlılıq və liderlik
Bütün bu proseslər fonunda Azərbaycan özünü təkcə regionun deyil, həm də Avropanın enerji gündəmini formalaşdıran aparıcı dövlət kimi təsdiqləyir. Həm ənənəvi enerji sektorunda, həm də yaşıl enerji sahəsində atılan addımlar göstərir ki, Azərbaycanın məqsədi yalnız bugünkü tələbatı ödəmək deyil, sabahın çağırışlarına da hazır olmaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu artırmaqla yanaşı, yeni geoiqtisadi düzənə uyğun çevik və praqmatik yanaşma nümayiş etdirir. Bu siyasət nəticəsində Azərbaycanın adı qlobal enerji təhlükəsizliyinin əsas sütunlarından biri kimi tarixə yazılır.
Səbuhi MƏMMƏDOV
XQ