Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.
Keçirilən yarışda Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Tovuz şəhəri A.S.Puşkin adına tam orta məktəbi I yerə, Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbi II yerə, İmadəddin Nəsimi adına Daşkəsən şəhər 1 nömrəli tam orta məktəbi isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
P.ƏMİRCANOV
XQ