COP29-dan WUF13-ə gələn “yaşıl” yol

post-img

Ölkəmizin çağdaş şəhərləşməyə ekoloji töhfələri

XXI əsr yeni geosiyasi, iqtisadi və ekoloji reallıqların formalaşdırdığı mürəkkəb transformasiya dövrünü yaşayır. İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, urbanizasiya proseslərinin sürətlənməsi, miqrasiya axınları və sosial bərabərsizliklər dövlətlər qarşısında yeni çağırışlar yaradır. Bu şəraitdə dünya şəhərləri insanların yaşadığı məkanlar olmaqla bərabər, həm də iqtisadi inkişafın lokomotivi, innovasiyaların mərkəzi, iqlim siyasətinin əsas iştirakçısı və qlobal idarəetmə sisteminin əhəmiyyətli hissəsi kimi çıxış edir.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hazırda dünya əhalisinin, təxminən, 56 faizi şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə yaxınlaşacağı gözlənilir. Belə halda isə gələcəyin iqtisadiyyatı, sosial rifahı və ekoloji təhlükəsizliyi kimi məsələlər, ilk növbədə, şəhərlərin necə idarə ediləcəyindən asılı olacağı ilə proqnozlaşdırılır. Məhz buna görə də, yeni şəhər gündəliyi (urban) inkişaf məsələləri getdikcə qlobal siyasətin prioritet istiqamətlərindən birinə çevrilir.

Beynəlxalq etimad kapitalı

Azərbaycan son illərdə beynəlxalq urban gündəliyinin formalaşmasında mühüm rol oynayır. Paytaxt Bakı artıq təkcə Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzi olmaqla yanaşı, həm də qlobal urbanizasiya, dayanıqlı inkişaf və iqlim siyasəti sahəsində beynəlxalq dialoqun aparıcı platformalarından biri kimi diqqət çəkir. Heç də təsadüfi sayılmayan bu yüksəlişin əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji dövlət siyasəti, uzunmüddətli inkişaf baxışı və beynəlxalq əməkdaşlığa uyğun idarəetmə modeli dayanır.

Azərbaycanın ardıcıl şəkildə qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi də ölkəyə beynəlxalq səviyyədə göstərilən yüksək etimadın göstəricisidir. İstər enerji təhlükəsizliyi, istər nəqliyyat-kommunikasiya layihələri, istərsə də humanitar və ekoloji məsələlər üzrə keçirilən beynəlxalq forumlar respublikanın dünya miqyasında nüfuzunun getdikcə artdığını nümayiş etdirir. Bu baxımdan COP29 və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) xüsusi əhəmiyyət daşıyır.

COP29-un Bakıda keçirilməsi Azərbaycanın enerji ixrac edən ölkə olmaqla yanaşı, həm də qlobal iqlim gündəliyinin fəal iştirakçısı kimi qəbul edildiyini göstərdi. Dünyanın müxtəlif regionlarından minlərlə nümayəndənin iştirak etdiyi bu mötəbər toplantı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha təsdiqlədi.

Lakin COP29-un əhəmiyyəti yalnız iqlim diplomatiyası ilə məhdudlaşmadı. Bu genişmiqyaslı tədbir urban inkişaf və iqlim təhlükəsizliyi məsələlərinin vahid strateji çərçivədə müzakirə olunmasına əlverişli imkan yaratdı. Bu, müasir dövrdə dünya şəhərlərinin, eləcə də paytaxt Bakının həm iqlim dəyişikliklərinin təsirlərini daha çox hiss etməsi, həm də bu məsələdən qaynaqlanan problemlərin həllində əsas rol oynaması ilə bağlı idi. Məhz COP29-dan sonra WUF13-ün respublikamızda keçirilməsi Azərbaycanın qlobal urban gündəliyində artan rolunun məntiqi davamı kimi diqqət çəkdi.

Yaşıl dünya naminə həmrəylik fəlsəfəsi

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ildə irəli sürülən və COP29 missiyasının ruhunu əks etdirən “Yaşıl dünya naminə həmrəy olaq” konsepsiyası həmin vaxtdan etibarən Azərbaycanın beynəlxalq siyasətində mühüm yer tutur. İlk baxışda ekoloji məsələlərlə əlaqədar görünən bu təşəbbüsün mahiyyəti, əslində, daha genişdir. Başqa sözlə, bu konsepsiya enerji təhlükəsizliyi, dayanıqlı iqtisadi inkişaf, şəhərsalma, “yaşıl” texnologiyalar, sosial inklüzivlik və ekoloji məsuliyyət kimi anlayışları vahid strateji platformada birləşdirir. Eyni zamanda, burada söhbət təkcə ətraf mühitin qorunmasından deyil, həm də gələcəyin şəhərlərinin necə qurulacağından gedir.

Ekspertlərin fikrincə, müasir urbanizasiya artıq beton və asfalt üzərində qurulan inkişaf modeli deyil. Bu yeni yanaşma şəhərlərin insan mərkəzli, ekoloji cəhətdən dayanıqlı və texnoloji baxımdan innovativ olmasını qarşıya mühüm vəzifə kimi qoyur. WUF13 çərçivəsində müzakirə olunan məsələlər də məhz bu istiqamətləri əhatə edir. Buna görə də Azərbaycan hökuməti dayanıqlı şəhərlər, “yaşıl” enerji, sosial inteqrasiya, rəqəmsal həllər və iqlimə uyğun urban planlaşdırması kimi mövzulara daim önəm verir. Belə bir məntiqi yanaşmanın nəticəsidir ki, respublikamızda son illər həyata keçirilən ekoloji siyasət qlobal urban inkişaf tendensiyaları ilə tam uyğunluq təşkil edir.

Yeri gəlmişkən, Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurların ən parlaq nümunələrindən biri Bakının keçdiyi transformasiya yoludur. Paytaxtın uzun illər ərzində neft sənayesinin mərkəzi kimi inkişaf etməsi də bunun bariz ifadəsidir. Başqa sözlə, XIX əsrin ortalarından başlayaraq Bakının dünyanın ən iri neft hasilatı məkanlarından birinə çevrilməsi vurğulanan fikrin məntiqi nəticəsidir. Amma bu proses iqtisadi yüksəlişə səbəb olsa da, ekoloji baxımdan uzun illər ərzində ciddi problemlər yaradıb. Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimində qeyd etdiyi kimi, Bakı 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neft hasil edilən şəhər olub və sonrakı, təxminən, 180 il ərzində ətraf mühitin mühafizəsinə lazımi diqqət yetirilməyib. Bu isə paytaxtın bir sıra ərazilərinin ciddi şəkildə çirklənməsi ilə nəticələnib.

Bu ərazilər arasında xüsusilə Qara şəhər, Bibiheybət və Böyükşor zonaları daha çox fərqlənirdi. Son 20 ildə həyata keçirilən genişmiqyaslı yenidənqurma və ekoloji bərpa layihələri nəticəsində bu acınacaqlı mənzərə tamamilə aradan qaldırıldı. Qara şəhərin Ağ şəhərə çevrilməsi isə təkcə memarlıq layihəsi deyil, urban transformasiyanın beynəlxalq səviyyədə nümunə göstərilən modeli kimi yüksək dəyərləndirildi. Bir vaxtlar sənaye tullantıları ilə çirklənmiş ərazi hazırda müasir yaşayış komplekslərinin, ictimai məkanların, biznes mərkəzlərinin və “yaşıl” zonaların cəmləşdiyi nümunəvi şəhər hissəsinə çevrilib.

Urban inkişaf təkcə yeni binaların tikilməsi deyil, həm də keçmiş sənaye mirasının müasir şəhər həyatına inteqrasiyası prosesidir. Qeyd edək ki, dünyanın bir çox ölkəsi hazırda fiziki cəhətdən artıq ömrünü başa vuran köhnə sənaye zonalarının reabilitasiyası ilə məşğul olur. Azərbaycan təcrübəsi isə göstərir ki, siyasi iradə və düzgün planlaşdırma sayəsində sözügedən proses uğurla həyata keçirilə bilər.

“Yaşıl” şəhərlər modeli

Bakıda son 20 ildə həyata keçirilən abadlıq və yaşıllaşdırma layihələri də urban inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu müddətdə paytaxtda 100-dən artıq park və ictimai məkan yaradılıb, onlarla mövcud park əsaslı şəkildə yenidən qurulub. Bu layihələr şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etməklə yanaşı, iqlim dəyişikliklərinə uyğunlaşma baxımından da mühüm rol oynayır. “Yaşıl” zonalar havanın keyfiyyətini yaxşılaşdırır, temperaturu aşağı salır və ekoloji balansın qorunmasına kömək edir.

Müasir şəhərsalma nəzəriyyəsində “15 dəqiqəlik şəhər” konsepsiyasına bu gün beynəlxalq aləmdə xüsusi diqqət yetirilir. Bunun nəticəsində əhali gündəlik ehtiyaclarını yaşadıqları ərazidən uzaqlaşmadan qarşılaya bilir. Bakıda son illərdə yaradılan parklar, ictimai məkanlar, piyada zonaları və rekreasiya sahələri də məhz bu yanaşmaya uyğun inkişaf etdirilir.

Hazırda dünya şəhərlərinin qarşılaşdığı əsas problemlərdən biri avtomobillərin həddindən artıq çoxluğu və bunun yaratdığı ekoloji yükdür. Karbon emissiyalarının əhəmiyyətli hissəsi məhz nəqliyyat sektorunun payına düşür. Azərbaycan bu sahədə də mühüm önəm daşıyan uğurlu addımlar atır.

Paytaxtda metro şəbəkəsinin genişləndirilməsi, müasir avtobus parkının formalaşdırılması, elektrik avtobuslarının istismara verilməsi və mikromobillik həllərinin tətbiqi şəhər nəqliyyatının dayanıqlı inkişafına xidmət edir. Velosiped zolaqlarının yaradılması, piyada infrastrukturunun təkmilləşdirilməsi və ictimai nəqliyyatın əlçatanlığının artırılması da Bakının gələcək inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Bu layihələr təkcə ekoloji məqsədlərə xidmət etmir, həm də şəhər sakinlərinin gündəlik həyat keyfiyyətini yüksəldir, vaxt itkisini azaldır və sosial inklüzivliyi gücləndirir.

Azərbaycanın urban inkişaf sahəsində həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasıdır. İşğaldan azad olunmuş ərazilərdə gerçəkləşdirilən layihələr təkcə bərpa məqsədi daşımır, eyni zamanda, bu ərazilərdə gələcəyin şəhərləri yaradılır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, “yaşıl enerji” mənbələrinin istifadəsi, rəqəmsal idarəetmə sistemləri və ekoloji standartlara uyğun tikinti layihələri respublikamızın yeni urban inkişaf modelini formalaşdırır. Bu ərazilər, əslində, dünya urbanizasiya təcrübəsində yeni bir laboratoriya rolunu oynayır. Burada tətbiq edilən həllər gələcəkdə digər regionlar üçün də parlaq nümunəyə çevrilir.

Yeri gəlmişkən, burada bir məsələni də xatırlatmaq istərdik. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi təsadüfi seçim deyildi. Bu genişmiqyaslı toplantı Azərbaycanın urban inkişaf sahəsində əldə etdiyi uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisi idi. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndə Bakının keçdiyi inkişaf yolunu, reallaşdırılan layihələri və şəhərsalma sahəsində əldə olunan nəticələri yaxından müşahidə etmək imkanı qazandı.

Ən mühüm məqam isə o oldu ki, Azərbaycan bu toplantı ilə artıq qlobal urban gündəliyinin passiv izləyicisi kimi çıxış etmədiyini sübuta yetirdi. Ölkəmiz bu gündəliyin formalaşdırılmasının fəal iştirakçısı olaraq yeni ideyalar irəli sürən və praktik həllər təqdim edən dövlətlər sırasında yer aldı. COP29 və WUF13 arasında yaranan strateji əlaqə də bunu aydın şəkildə nümayiş etdirdi. İqlim siyasəti ilə şəhərsalma strategiyasının inteqrasiyası gələcəyin əsas inkişaf modeli olaraq xüsusi diqqət çəkdi və Azərbaycan bu modelin təşəbbüskarlarından biri kimi nüfuzunu daha da gücləndirdi.

Beləliklə, bu gün Bakı Azərbaycanın paytaxtı olmaqla bərabər, həm də enerji diplomatiyasının, nəqliyyat əməkdaşlığının, humanitar dialoqun, iqlim siyasətinin və urban inkişaf strategiyalarının qovuşduğu beynəlxalq mərkəzə çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində Azərbaycan regional liderlik mövqeyini qlobal təşəbbüslərlə birləşdirmək istiqamətində uğurlu layihələr reallaşdırır. Məhz buna görə də COP29-dan WUF13-ə uzanan yol təkcə iki beynəlxalq toplantı arasındakı zaman intervalı deyil. Bu, respublikamızın beynəlxalq nüfuzunun yüksəlişini, dayanıqlı inkişaf sahəsində formalaşdırdığı yeni yanaşmanı və qlobal urbanın gələcəyin qurulmasına verdiyi töhfəni ifadə edən strateji inkişaf xəttidir.

Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız enerji resursları ilə deyil, həm də innovativ şəhərsalma siyasəti, “yaşıl” inkişaf konsepsiyası və dayanıqlı urban idarəetmə modeli ilə beynəlxalq miqyasda nümunə göstərilən ölkələrdən birinə çevrilməkdədir. COP29-dan WUF13-ə uzanan bu yol isə ölkəmizin qlobal inkişaf proseslərində artan rolunun və gələcəyə hesablanmış dövlət strategiyasının parlaq təzahürüdür.

Akif NƏSİRLİ,
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert

Dayanıqlı urban idarəetmə modeli ölkəmizin inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Müasir şəhərlərin qarşılaşdığı əsas problemlər sırasında əhalinin sürətli artımı, nəqliyyat sıxlığı, ekoloji çətinliklər və resurslardan səmərəsiz istifadə xüsusi yer tutur. Azərbaycan şəhərlərində həyata keçirilən yenilənmə layihələri bu problemlərin həllinə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi, ictimai nəqliyyatın modernləşdirilməsi, “yaşıl” zonaların artırılması və enerji səmərəli binaların tikintisi dayanıqlı şəhər inkişafının əsas elementləri kimi çıxış edir.

Bakı şəhərinin son illərdə keçdiyi inkişaf yolu da bu baxımdan diqqət çəkir. Paytaxtda həyata keçirilən abadlıq və infrastruktur layihələri, ictimai məkanların yenilənməsi, park və yaşıllıq ərazilərinin genişləndirilməsi şəhər mühitinin keyfiyyətinin yüksəldilməsini şərtləndirir. Eyni zamanda, rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi şəhər xidmətlərinin daha operativ və səmərəli təşkilinə imkan yaradır.

Qlobal iqlim gündəliyində fəal iştirak da Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Ölkənin ekoloji təşəbbüslərə verdiyi dəstək, bərpaolunan enerji layihələrinə yatırdığı investisiyalar, dayanıqlı inkişaf məqsədlərinə sadiqliyi beynəlxalq təşkilatlar və tərəfdaş dövlətlər tərəfindən müsbət qiymətləndirilir. Bu siyasət Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də ekoloji məsuliyyət daşıyan və gələcəyə hesablanmış inkişaf modeli təqdim edən dövlət kimi mövqeyini gücləndirir.

Bütün bunlar göstərir ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Əgər əvvəlki dövrlərdə ölkənin beynəlxalq əhəmiyyəti əsasən neft və qaz ehtiyatları ilə əlaqələndirilirdisə, bu gün artıq “yaşıl” enerji, innovativ texnologiyalar, “ağıllı” şəhər konsepsiyaları və dayanıqlı idarəetmə prinsipləri də həmin imicin ayrılmaz hissəsinə çevrilməkdədir. Bu proses yalnız iqtisadi modernləşməni deyil, həm də ölkənin qlobal çağırışlara uyğunlaşmaq qabiliyyətini və gələcək nəsillər üçün daha dayanıqlı inkişaf modelinin qurulması istiqamətində iradəsini nümayiş etdirir.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat