Qasım xanlığı–Rusiya daxilində 229 il davam etmiş türk dövlətçiliyi

post-img

XV-XVII əsrlərdə mövcud olan Qasım xanlığının mədəniyyəti və memarlığı tatar ənənələri ilə rus memarlığının nadir sintezini təşkil edir. Mədəni mənzərəni Rusiya torpaqları daxilində tatar dövləti quran Qasım xan formalaşdırıb. Əsas memarlıq abidələri Xan məscidi, minarə və şərq üslubunda kərpiclə inşa olunan iki daş tikili–Şah Əli xan və Əvqan Məhəmməd Sultanın məqbərəsidir.

1555-ci ildə tikilən Şah Əli xan məqbərəsi dövrün tatar memarlığının xarakterik xüsusiyyətlərini qoruyan düzbucaqlı binadır. XVII əsrdə inşa olunan Əvqan Məhəmməd Sultan məqbərəsi türk-müsəlman ənənəsi ilə Rusiya təsiri arasında keçid formalarını nümayiş etdirən günbəzli tikilidir.

Tatar zadəganlarının rus əhalisi ilə birgə yaşaması mədəni mübadiləyə səbəb olub ki, bu da Qasım xanlığının memarlığında özünü bariz şəkildə nümayiş etdirir. Bununla belə, Qasım xanlığı bu zonada tatar mədəniyyətinin mərkəzi idi və memarlıq baxımından qonşu Rusiya şəhərlərindəki abidələrdən kəskin surətdə fərqlənirdi. Xanlığın mədəniyyəti Moskvadan siyasi asılılıq altında fəaliyyət göstərən yerli, lakin fərqli bir tatar mədəniyyətinin nümunəsidir.

Tatar alimi Н.Х.Халит (“Татарские дворцовые комплексы XV-XVI вв”, Казань, 2009) əsərində Qasım xanlığının şəhərsalma memarlığı və incəsənəti ilə bağlı yazır ki, xanlığın memarlığı və şəhərsalma mədəniyyəti Qızıl Orda memarlığının nadir bir versiyasıdır. Alimin fikrincə, bu üslub "monumental bədii obraz, aktiv, hətta aqressiv siluet, ifadəli kompozisiya, zərif, lakonik formanı qoruyan yüksək keyfiyyətli tikinti texnikaları" ilə xarakterizə olunur. Bu xüsusiyyətlər bu günə qədər gəlib çatan Qasım Xan məscidinin minarəsinin dizaynında öz əksini tapıb. Xanlığa tatar zadəganlarının mərkəzləri– Xan-Kerman, Kadom, Temnikov, Şatsk və s. şəhərlər daxil idi.

Qasım və ya Xan-Kerman şəhərinin relyefi bu ərazinin inkişafında əsas rol oynayıb. Belə ki, şəhər Oka çayının mənsəbində yerləşdiyindən paytaxtın mənzərəsini daha da gözəlləşdirirdi. Kremli divarlarla əhatə olunan şəhərin içərisində Xan Sarayı, Xan Məscidi və Şah Əli məqbərəsi ən görkəmli yerlərdə tikilib. Xan Sarayı–Tatar Xanının Qazan və ya Baxçasaray iqamətgahlarına bənzər üçmərtəbəli daş bina yenidən qurulub.

Qasım xanlığının ərazisi qədim dövrlərdə

Əvvəlcə bu ərazilərdə meşçera, murom, mordvin və Volqa Fin-Uqor xalqları yaşayıb. Bu torpaqlar ilk əvvəl Kiyev Rus dövləti və Volqa Bulqarlarının təsiri altında idi, yerli tayfalar rus knyazlarının vassalı kimi fəaliyyət göstərirdilər. Daha sonra ərazi Vladimir-Suzdal Knyazlığının bir hissəsinə çevrilir. 1152-ci ildə Böyük Hersoq Yuri Dolqoruki Qorodets-Meşçera Knyazlığını qurur. Monqol işğallarından sonra ərazi Qızıl Ordanın bir hissəsinə çevrilir və bu ərazilərə türklər köçürülür, onların əksəriyyəti Volqa bulqarlarının təsiri altında İslamı qəbul edir. Yarımmüstəqil Mişar Knyazlığını Məhəmməd Şirinbəy qurub. 1393-cü ildən bu ərazi Moskva Böyük Hersoqluğunun bir hissəsinə çevrilir.

Qasım xanlığının yaranması və inkişafı

Qızıl Ordanın keçmiş hökmdarı Ulu Məhəmməd 1436-cı ildə taxtdan salındıqdan sonra 1437-ci ildə Qazan xanlığını qurur və bir neçə dəfə hökmdar olur. 1445-ci ildə Moskva knyazı II Vasiliyə qarşı Suzdal döyüşündə qalib gəldikdən sonra II Vasilini əsir götürür. Ulu Məhəmməd Oka çayının şimal sahilində, Ryazan şəhəri yaxınlığındakı torpaqların–Qasım, Yilatom, Şatsk və Temnik əyalətlərini əhatə edən bölgənin və digər torpaqların tatarlara qaytarılmasını tələb edir, bunun müqabilində Vasilini azad etməyə söz verir, razılıq əldə olunduqdan sonra II Vasili azad olunur.

Lakin Ulu Məhəmməd xanın ölümü onun oğlanları arasında hakimiyyət uğrunda mübarizəyə səbəb olur.

Fürsətdən istifadə edən Moskvanın Böyük Şahzadəsi Qasım xanı dəstəkləyir. Rusiyanın köməkçi qüvvələrinin dəstəyi ilə Qasım xan qardaşı İbrahimə qarşı hücuma keçir, lakin uduzur və geri çəkilir. Bu hadisədən sonra Qasım Moskva Knyazlığına sığınmaq məcburiyyətində qalır, 1452-ci ildə isə razılaşdırıldığı kimi Moskva bölgəni ona verir və Qasım xanlığı qurulur. Moskva Knyazlığı ilə Qazan xanlığı arasında bufer zona olan Qasım xanlığından Qazan xanlığını işğal etmək üçün bir vasitə kimi istifadə ediblər.

Bir versiyaya görə Vasili Ulu Məhəmmədin iddiasını həyata keçirir, hətta onun oğlu Qasımın Meşçera torpaqlarının hökmdarı kimi tacqoyma mərasiminə qatılır. Digər versiyaya görə, Qasım Rusiya xidmətinə girir və Moskva ilə Qazan xanlığı arasında bufer dövlət yaratmaq üçün bu torpaqları alır. Xanlıq yarandığı zaman Moskva Böyük Hersoqluğunun təsir dairəsində idi.

Beləliklə, yeni yaradılan xanlıq və paytaxt Qasım (digər adı Xan-Kerman) xanın şərəfinə adlandırılır. Xanlığın dili qədim tatar dili, XVI əsrə qədər əsas din İslam, qismən də xristianlıq olub. Dövlətin İslama sadiqliyi fundamental olaraq vacib idi, çünki xanlıq Çingizilərin anklavı kimi saxlanılırdı.

Təbii ki, tam hakimiyyət xanın əlində olub, bundan başqa vəzir, bəy və mirzələrdən ibarət Məşvərətçi Şura da fəaliyyət göstərib və müəyyən taleyüklü məsələlərdə xan onlarla məsləhətləşib. Bundan əlavə, imtiyazlı təbəqəyə hörmətli və sayılan insanlar–atalıqlar, imildaşlar–hökmdarın övladları, qazılar–hakimlər və kazaklar–hərbçilər daxil idi. Nüfuzlu təbəqələrdən biri də ruhanilər–dərvişlər, mollalar, hafizlər–Quran alimləri və danişməndlər-müəllimlərdən ibarət idi. Bütün ruhanilərə seyidlər rəhbərlik edib. Nüfuzlu seyidlərdən biri xüsusi hərbi hissə olan Seyid alayına komandanlıq edib. Ən aşağı rütbəni saray xidmətçiləri tutub.

Xanlığın etnik tərkibi və xristianlaşdırılması

Xanlığın silahlı qüvvələri daimi ordudan (kazaklardan) və xanlığın hərbi yürüşlər üçün topladığı digər hərbçilərdən ibarət idi. Xanlıq bütün hərbi əməliyyatları Rusiya dövlətinin qüvvələri ilə birgə həyata keçirirdi. Məsələn, Seyid Bulat xan (Simeon) Livoniya müharibəsində rus ordusuna komandanlıq edib.

Xanlıq 1506-cı ildən sonra qismən Rusiya çarlığına tabe etdirilib.

1570-ci illərdən başlayaraq rusların təsiri ilə xanlıqda şahzadələrin xristianlaşdırılması başlayıb. Belə ki, 1573-cü ildə Qasım xanı Seyid Bulat xaç suyuna çəkilərək Simeon (Simeon Bekbulatoviç) olur. Seyid Bulat 1567-1573-cü illərdə Qasım xanı, Böyük Ordaya hökmranlıq edən Əhməd xanın nəticəsi Bek Bulatın oğlu idi. Atası ilə birlikdə IV İvan Qroznını xidmətinə gedərək 1570-ci illərin Livoniya yürüşlərində iştirak edib.

Təxminən 1653-cü ildə şahzadə, 1626–1679-cu illərdə Qasım hökmdarı, xristianlığı qəbul etdikdən sonra atası Arslan xanın yerinə taxta çıxan Seyid Burxan (Vasili Arslanoviç) adını alır. Bundan sonra müsəlmanların xristianlaşdırılması sürətlə davam edir. XVI-XVII əsrlərdə başlayan xristianlaşma siyasətinin güclənməsi Qasım xanlığının süqutunun əsas səbəblərindən biri olur.

Bu ərazidə yaşayan mordvinlər, eləcə də meşçera və murom kimi digər Volqa Fin-Uqor tayfaları tatarlar tərəfindən assimilyasiya olunaraq mişar tatarlarına çevrilirlər. Sonradan bu ərazilərdə rusların məskunlaşdırılmasına başlanır. Qazan tatarlarının bir hissəsi Qasım torpaqlarına köç edir. Tatarların əksəriyyəti xan sarayında orduda xidmət ediblər.

Xanlıqdakı zadəgan ailələrinə Mangıtlər, Arginlər, Cəlairlər və Qıpçaqlar daxil idi. Moskva Qazan, Krım və Sibir xanlıqlarını özünə qismən və ya tam tabe etdikdən sonra xanlar tatar xanlıqlarının hakim ailələrindən seçilib.

Kənd təsərrüfatı, arıçılıq, xəz tədarükü və balıqçılıq Qasım xanlığının iqtisadiyyatında mühüm rol oynayıb. Xanlıqda şərab, dəri məmulatları və mum istehsal edilir, duz və qızıl çıxarılırdı. Sənətkarlıq və əl işləri güclü inkişaf etmişdi, xan sənətkarları və memarları sinfi mövcud idi. Bu sənətkarların istehsal etdikləri qab-qacaq yüksək qiymətləndirilib.

Qazan xanlığına hücumlar

Qasım xanları 1467–1469, 1487, 1552-ci illərdə Moskvanın Qazana etdiyi bütün basqınlarda iştirak ediblər. Qasım xan Qazan xanlığının taxt-tacına iddialı idi, odur ki, III İvanın dəstəyindən istifadə edərək 1467-1469-cu illər Qazan xanlığına hücum etsə də, məğlub olur. 1469-1486-cı illərdə hakimiyyətdə olan Daniyal III İvanın rəhbərliyi altında müxtəlif hərbi yürüşlərdə iştirak edir.

1486-cı ildən Ulu Məhəmmədin nəsilləri Gəray sülaləsinin nümayəndələri ilə əvəz olunur. Rusiyanın müttəfiqi Nur Dövlət Qasım taxt-tacına sülalə iddiası irəli sürür ki, bu da Rusiya hökumətinə Krım xanlığının siyasətinə təzyiq göstərməyə imkan verir. Qazanın fəthindən sonra xanların özünü idarəetməsi ləğv edilir və xanlıq Rusiya voyevodalarının nəzarəti altına keçir. Bununla belə, xanlar hakimiyyətlərini davam etdirirlər.

1574-cü ildə Moskvanın Böyük Knyazı IV İvan taxt-tacından imtina edərək Qasım xanlarından biri olan Seyid Bulatı (Simeon Bekbulatoviç) taxta çıxarır və ona "Bütün Rusiyanın Knyazı" titulunu verir. Lakin 1575-ci ildə Simeon knyazlığı IV İvana qaytarır.

O, rusların təsiri altında olduğundan heç vaxt müstəqil qərarlar qəbul etməmişdi. Seyid Burxanın hakimiyyəti dövründə (1627–1679) Rusiya xristianlaşdırma siyasətinə başlayır. Boyarlarla eyni statusa malik olan bəylər zadəganlarla bərabər tatar xidmətçiləri ilə əvəz olunurlar. Bu siyasət 1656-cı ildə tatar üsyanına gətirib çıxarır. 1681-ci ildə Xanbikə Fatimə Soltanın ölümündən sonra xanlıq ləğv edilir.

Beş sülalədən ibarət Qasım xanlığını Qazan, Krım, Qızıl Orda, Qazax və Sibir sülalələri idarə edib.

Qazan xanədanından olan Qasım xanları:

Qasım Xan, Ulu Məhəmmədin oğlu. Ulu Məhəmmədin 1445-ci ildə Suzdal döyüşündə qələbəsindən sonra Moskva çarı II Vasilini əsir götürərək fidyə ilə azad edib, sonra qardaşı Yaqubla birlikdə sülh müqaviləsinin bağlanmasına nəzarət etmək üçün Moskva Knyazlığına gedib. O, Rusiya ilə bağladığı sazişə əsasən 1442-ci ildə Zveniqorodun, 1452-ci ildə isə Qasım xanlığının ərazilərini alaraq öz mülkünə çevirib. Təxminən, 1450-ci ildə o, Vasilinin düşməni Dmitri Şemyakla döyüşüb. 1467-ci ildə o, Qazan taxtına iddia edib, lakin həm özü, həm də rus müttəfiqləri məğlub olublar. 1445-1468-ci illərdə hakimiyyətdə olub.

Daniyal xan, Qasım xanın oğlu. O, 1471 və 1477-ci illərdə Novqorodda döyüşüb. Xristian olmadığı üçün əsir götürməsinə icazə verilməyib. 1472-ci ildə Əhməd Xan bin Kuçukun hücumunu dəf edib. Rus knyazlarından xərac alıb. 1468-1486-cı illərdə hakimiyyətdə olub. Daniyalın ölümündən sonra Krım xanlıqları sülalələrindən olan varislər taxta çıxarılıb. Lakin onlardan heç biri Rusiyanın nəzarətindən çıxa bilməyib.

Krım xanədanına məxsus olan xanlar:

Nur Dövlət xan. Daniyalın oğlu olmadığı üçün Qasım xanlığı üç dəfə–1466–1467, 1467–1469, 1475–1476-cı illərdə Krım xanı, Hacı I Gərayın oğlu və varisi Nur Dövlətə verilib. Qardaşı Məngli I Gərayla taxt uğrunda mübarizə aparıb, sonuncu hakimiyyəti dövründə Krım taxtından qovulduqdan sonra Moskva knyazının dəstəyilə Qasım xanı təyin edilib. 1503-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. 1486-1491-cı illərdə Qasım xanı olub.

Satılmış xan. Nur Dəvlətin oğlu, 1491-ci ildən sonra Rusiya, Qazan, Krım və Böyük Orda xanlıqları ilə döyüşüb. 1502-ci ildə Böyük Orda dövlətinin mövcudluğuna son qoyub, Qazan xanlığı ilə döyüşüb, Ryazandan xərac alıb. 1491-1506-cı illərdə hakimiyyətdə olub.

Canbay xan. Nur Dövlət xanın ikinci oğlu, Qazan və Litvada döyüşüb. 1506-1512-ci illərdə xan olub.

Qızıl Orda xanədanından olan xanlar:

Şeyx Allahyar. Rusiyada hakimiyyəti itirən Əhməd xan bin Kuçukun qardaşı Bəxtiyar Sultanın oğlu idi. 1502-ci ildə Qızıl Ordanın süqutundan sonra Rusiyaya qaçır, Litvada döyüşür. 1512-1516-cı illərdə hakimiyyətdə olub.

Şah Əli xan. Şeyx Allahyarın oğlu, 11 yaşında Qazan xanı olub.

Qasım xanlığının dövrü 1516-1519-cu illəri əhatə edir.

Can Əli xan. Şeyx Allahyarın oğlu, 1528-ci ildə Litva ilə döyüşüb, 1519-1532-ci illərdə Qasım xanı olub.

Şah Əli xan. Şeyx Allahyarın oğlu, ikinci dəfə hakimiyyətə gəlib. İkinci hakimiyyəti dövrü 1532-1567-ci illəri əhatə edir.

Seyid Bulat xan (Simeon Bekbulatoviç) Böyük Ordaya hökmranlıq edən Əhməd xanın nəticəsi Bek Bulatın oğlu idi. Anası İvan Qroznı ilə evlənən Kabardin şahzadəsi Mariya Temryukovnanın bacısı idi. Seyid Bulat xan və atası 1558-ci ildən əslində Rusiyaya xidmət ediblər. Şah Əli xanın ölümündən sonra xan olur, sonra hakimiyyətdən öz xoşu ilə imtina edir. 1575-ci ildə İvan Qroznı onu qısa müddətə Rusiyanın çarı edir. Növbəti il İvan taxta qayıdır və onu Tverin Böyük Şahzadəsi elan edir. Sonra Boris Qodunov tərəfindən mülkündən məhrum edilir, gözləri tutulur və 1616-cı ildə vəfat edir. 1567-1573-cü illərdə xan olub.

Mustafa Əli xan Həştərxanlı Ak Qubekin nəvəsi idi, 1573-1600-cı illərdə hakimiyyətdə olub.

Qazax xanədanına məxsus bir Qasım xanı olub:

Uraz Məhəmməd, Qazax xanı Şiqayın nəvəsi. 1587-ci ildə Kuçumun rəhbərliyi altında xidmət edərkən ruslar tərəfindən əsir götürülüb və onlara xidmət etməyə başlayıb. İsveçlilər və krımlılarla döyüşüb, 1600-1610-cu illərdə xan olub.

Sibir xanədanına məxsus xanlar:

Arslan xan, Kuçumun nəvəsi, 1610-1627-ci illərdə hakimiyyətdə olub.

Seyid Burxan (Vasili Arslanoviç). Arslan xanın və Xanbikə Fatimə Soltanın oğlu, atası tərəfdən hakimiyyətə gətirilərkən azyaşlı olduğundan ata və anasının qəyyumluğunda olub.

1679-cu ildə sonuncu xan Seyid Burhanın ölümündən sonra xanlıq Rusiya tərəfindən qismən işğal edilib. 1627–1679-cu illərdə xan olub.

Xanbikə Fatimə Soltan, Arslan xanın xanımı, Seyid Burhanın anası, Seyid Burhanın vəfatından sonra xanlıq iki il Xanbikə Fatimə Soltan tərəfindən idarə olunsa da, səlahiyyətsiz bir quruma çevrildiyindən 1681-ci ildə xanlıq tam olaraq süqut edib. Xanbikə Fatimə Soltan 1679-1681-ci illərdə xan olub.

Bundan sonra Qasım xanlığının döyüşçüləri hərbçi kimi fəaliyyətlərinə son qoyaraq tacirlərə və sənətkarlara çevrilirlər. Xanlıqda yaşayan tatarlar və digər xalqların bir hissəsi digər bölgələrə köç edir, təbii ki, orada qalanlar da olur.

229 il yaşayan Qasım xanlığı 1681-ci ildə tam süqut edir, xanlıq dövründə tikilən bir çox tikili, o cümlədən məscidlər ruslar tərəfindən dağıdılır və yandırılır.

Beləcə, Rusiyanın 229 il yaşayan müstəqil Qasım xanlığı süqut edir.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd









Sosial həyat