Trans-Avrasiya yük daşımalarının beynəlxalq koordinasiya şurasının baş katibi Qenadi Bessonov mətbuata müsahibəsində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin tikintisinin reallaşdığını, bu işlərin Avrasiya İqtisadi İttifaqı təşkilatı çərçivəsində yaradılan nəqliyyat infrastrukturu birliyi tərəfindən həyata keçirildiyini vurğulayıb.
Q.Bessonov, eyni zamanda, ötən ay keçirilən Çin-Orta Asiya sammitində Orta Asiya respublikalarının müvafiq qurumları ilə Çin arasında imzalanan sənəddə dəmir yolunun Qırğızıstan, Özbəkistan, Azərbaycan və Türkiyə ərazisindən keçərək Avropaya çatdırılmasının nəzərdə tutulduğunu bildirib. .
O qeyd edib ki, bu dəmir yolu marşrutu Çin ilə Avropa arasında ticarətin daha da intensiv xarakter almasına təkan verəcək. Azərbaycan da bu layihənin bir hissəsinə çevrilib və Zəngəzur dəhlizini yaratmaqla, Avropa ilə Asiya arasında körpü rolunu oynayacaq.
Q.Bessonovun sözlərinə görə, Zəngəzur dəhlizi müxtəlif seqmentlərdən ibarət olmaqla, Çin ilə Avropanı birləşdirəcək. Bu layihədə dünyanın iqtisadi nəhəngi hesab olunan Çinin xüsusi marağı var və Orta Asiya respublikaları ilə birlikdə sammit keçirib dəmir yolu xəttinin çəkilməsi barədə müqavilə imzalaması da təsadüfi xarakter daşımır.
Çin Avropa ilə ixrac-idxal əməliyyatlarını daha da genişləndirmək üçün qısa, təhlükəsiz və ucuz başa gələn yol axtarışındadır. Azərbaycanın həyata keçirmək istədiyi Zəngəzur dəhlizinin də Çin tərəfindən dəstəklənməsi təsadüfi deyil. Gələcəkdə yüklər qatarla Çindən çıxaraq Qırğızıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə üzərindən keçərək Avropaya və əks istiqamətə daşınacaq.
“Xalq qəzeti”