Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin mühüm prioritetləri sırasındadır. Respublikada yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər böyük sürətlə davam etdirilir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına əsasən, 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kilometr təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
Bu layihələrdən uzunluğu 28,5 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 kilometr təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 kilometr, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb.
Ümumilikdə isə ötən il ərzində 803,5 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Buraya respublika əhəmiyyətli - 234,3 kilometr, yerli əhəmiyyətli - 398 kilometr, Bakı şəhər yolları 171,2 kilometr təşkil edir.
Tədbirlər Planına uyğun olaraq, layihələrdən 12-sinin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.
“Xalq qəzeti”