Prezident İlham Əliyev təsdiq etdiyi 13 iyun 2023-cü il tarixli “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliyə əsasən, cari il dövlət büdcəsinin gəlirləri 33 milyard 890 milyon 500 min manat, xərcləri 36 milyard 624 min 800 min manat məbləğində müəyyənləşdirilib.
Xatırladaq ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanunun 1-ci və 2-ci maddələrində edilən dəyişikliklərə görə, yuxarıda diqqətə çatdırılan göstəricilər dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillərə əsaslanıb.
Həmin amillər sırasında, ilk növbədə, işğaldan azad olunan Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin aparılması, vaxtilə öz doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın mərhələli şəkildə ata-baba yurdlarına qayıdışının təmin edilməsi, bu zəmində ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının sürətləndirilməsi prioritetləri xüsusu yer tutur.
Büdcəyə dəyişikliklərin edilməsini zəruri edən məsələlərdən biri də Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilməsi, daxildə və xaricdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, dünyada gedən geosiyasi proseslərə, artan təhdidlərə və təhlükələrə, habelə qonşu dövlətlər tərəfindən respublikamıza qarşı baş qaldıra biləcək istənilən təhdidin qarşısının alınması üçün hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Bütün bunlarla bərabər, beynəlxalq yardım proqramları və müqavilələr üzrə imzalanan öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi üçün dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirib.
Onu da qeyd edək ki, cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair keçən ilin payızında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını, həmçinin onların bölünməsini zəruri edib.
Yeri gəlmişkən, Maliyyə Nazirliyinin təqdim etdiyi 2023-cü ilin yanvar-aprel aylarının makro-fiskal nəticələri və yenilənmiş makroiqtisadi proqnozlara diqqət yetirək. Əvvəlcə xatırladaq ki, bu ilin ilk dörd ayında ölkədə 40 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 22,7 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 0,1 faiz, qeyri-neft sektoru üzrə isə 3,1 faiz artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ölkə iqtisadiyyatının əksər sahələrində, o cümlədən kənd təsərrüfatında 3,5 faiz, tikintidə 10,1 faiz, informasiya və rabitə sahəsində 12,1 faiz real artım qeydə alınıb.
Bu ilin yanvar-mart ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi real ifadədə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 12,2 milyard ABŞ dollarına çatıb ki, bunun da 8,2 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 4 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşüb. Nəticədə xarici ticarət hesabında 4,2 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Eyni zamanda, xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2 faiz artaraq 912,2 milyon ABŞ dollarına bərabər olub.
Yeri gəlmişkən, 2023-cü ilin yanvar-aprel aylarında “AzeriLight” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olub ki, bu da cari ilin təsdiqlənən büdcə parametrlərinin hesablanması zamanı götürülən qiymətdən 35,8 ABŞ dolları çoxdur.
Burada bir məqamı da vurğulamaq istərdik. Belə ki, cari ilin ilk dörd ayında qeyri-neft sektorundakı ÜDM-in göstəricilərində qeydə alınan müsbət meyillər, həmçinin neft qiymətinin artım dinamikası və inflyasiya səviyyəsinin sözügedən dövr ərzində yüksək (13,5 faiz) olması icmal və dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib. Belə ki, haqqında danışılan hesabat dövründə icmal büdcənin gəlirləri 21 milyard 262,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyard 154,7 milyon manat və ya 75,6 faiz çox olub. İcmal büdcə xərcləri isə 9 milyard 957,9 milyon manat həcmində qeydə alınıb. Belə bir göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 863,5 milyon manat və ya 9,5 faiz çox olub. Cari ilin ilk dörd ayında icmal büdcədə faktiki olaraq 11 milyard 304,9 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
Dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerji daşıyıcılarının qiyməti, ötən ilin faktiki nəticələri və bu il üzrə müşahidə olunan tendensiyalar nəzərə alınmaqla, 2023-cü ilin may ayında İqtisadiyyat Nazirliyi tərəfindən cari il üzrə makroiqtisadi proqnozlar yenilənib.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Azərbaycanın qeyri-neft-qaz sektorunun dinamik inkişafını bildirən rəqəmlər əldə edilməsi iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qorunub saxlanılmasının məntiqi nəticəsidir. Başqa sözlə, belə bir uğur makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir.
Hazırda ölkəmizdə ÜDM istehsalının böyük bir hissəsinin sənayenin payına düşməsi uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib.
Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var.
Sənaye zonaları və aqroparkların təşəkkülü də belə demək mümkünsə, bax, bu cür əlverişli mühitin məhsuludur. Bu müəssisələrdə sahibkarlar üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati dəstəklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”