Azərbaycan Asiya İnkişaf Bankı ilə tərəfdaşlığa xüsusi diqqət yetirir

post-img

Azərbaycan dünyanın tanınmış maliyyə qurumlarından sayılan Asiya İnkişaf Bankı (AİB) ilə fəal əməkdaşlıq edir. Bank illik məlumat bülletenində Azərbaycanla bağlı sosial və iqtisadi göstəricilər, eləcə də AİB-in ölkədə fəaliyyətləri ilə bağlı icmal və əlaqə məlumatları təqdim olunur.

Bu günlərdə Asiya İnkişaf Bankının Direktorlar Şurasında Azərbaycan da daxil olmaqla 11 dövləti təmsil edən icraçı direktor Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Bank təmsilçiləri səfər çərçivəsində ölkəmizdə bir sıra yaddaqalan görüşlər keçirib.

Bankın nümayəndə heyəti iyunun 20-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qu­rumları, o cümlədən Asiya İnkişaf Ban­kı ilə tərəfdaşlığa önəm verdiyi, bankın ölkəmizə maliyyə-texniki dəstəyinin yük­sək qiymətləndirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, AİB enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı və digər istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində ölkəmizə dəstək göstərir. İqtisadiyyat naziri, həmçinin Mil­li Prioritetlər, 2022–2026-cı illərdə sosi­al-iqtisadi inkişaf strategiyası çərçivəsin­də görülən işlər, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib, bu sahədə AİB ilə əməkdaşlıq imkanlarını vurğula­yıb.

Asiya İnkişaf Bankında Azərbayca­nın daxil olduğu ölkələr qrupu üzrə icra­çı direktor xanım Reyçl Tomson təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrinin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüs və layihələrin Azərbay­canda dayanıqlı inkişafın təmin olunma­sına töhfə verəcəyini qeyd edib. Tərəflər, həmçinin əsas inkişaf çağırışları, Azər­baycanın sosial-iqtisadi prioritetləri, hə­yata keçirilən birgə layihələr və Bankın Direktorlar Şurasında ölkəmizin səmərəli təmsilçiliyi barədə müzakirələr aparıblar.

Asiya İnkişaf Bankının nümayən­də heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) də olub. İİTKM-in mətbuat xidmətindən al­dığımız məlumata görə, mərkəzin icraçı direktoru Vüsal Qasımlı qonaqlara Azər­baycanda həyata keçirilən iqtisadi isla­hatlar, eləcə də rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Asiya İnkişaf Bankının özəl sektorun inkişaf etdirilməsi, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və in­san kapitalının gücləndirilməsi məqsədi daşıyan 2019–2023-cü illər üzrə Ölkə Tərəfdaşlığı Strategiyası Azərbaycan hökumətinin strateji yol xəritələri ilə sıx uyğunlaşdırılıb. V. Qasımlı deyib ki, Asi­ya İnkişaf Bankının 2024-2028-ci illər üçün yeni Ölkə Tərəfdaşlığı Strategi­yası da “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inki­şaf Strategiyası” ilə uyğunlaşdırılır. Həm strateji yol xəritələrinin, həm də sosial-iq­tisadi inkişaf Strategiyasının monitorinq və qiymətləndirilməsini həyata keçirən İqtisadi İslahatların Təhlili və Kommuni­kasiya Mərkəzi bu baxımdan Asiya İnki­şaf Bankı ilə yaxından əməkdaşlıq edir. Xüsusən də “Böyük Qayıdış” proqramı­nın gerçəkləşdirilməsi, həmçinin rəqəm­sal və yaşıl həllərin önə çıxması bankla əməkdaşlıqda yeni səhifə açır.

Bildirilib ki, struktur islahatları, elə­cə də nəticə əsaslı büdcə və proqram idarəetməsi sahələrində əməkdaşlıq imkanları genişdir. Azərbaycanın 2003-cü ildən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivə­sində əməkdaşlığa böyük töhfə verdiyini deyən V.Qasımlı yeni geosiyasi şəraitdə Orta Dəhlizin infrastrukturunun gücləndi­rilməsinin vacibliyini də vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Reyçl Tompson öz növbəsində Azərbaycanla qarşılıqlı əməkdaşlıqdan məmnunluğu­nu ifadə edib. O, Azərbaycanda daha əvvəllər də müəyyən iş təcrübəsi əldə etdiyini, ölkənin hərtərəfli inkişafı üçün yaradılan şəraitlə yaxından tanış oldu­ğunu bildirib.

AİB-in icraçı direktoru işğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri ilə tanış olmaq məqsədilə Ağdama səfər etdiyini və ora­da aparılan işləri yüksək qiymətləndirdi­yini diqqətə çatdırıb. Xanım Tompson, həmçinin bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla dövlət-özəl tərəfdaşlığı, investisiya qoyuluşları və insan kapitalı­nın inkişafı, eləcə də ətraf mühitin müha­fizəsi də daxil olmaqla, bir çox istiqamət­lər üzrə əlaqələrin genişləndirilməsində maraqlıdır.

Yeri gəlmişkən, beynəlxalq maliyyə təşkilatı olan Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asi­ya məkanında, bütövlükdə Şərq ölkələ­rində iqtisadiyyatın inkişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin Manila şəhərində yerləşir. Asiya İnkişaf Bankını maliyyələşdirən 67 üzv-ölkə vardır ki, onlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir.

Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunub. 2004-cü ilin no­yabr ayından etibarən isə təşkilatın ölkə­mizdə nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın AİB-in səhmlərində payı 0,447 faiz təşkil edir. Hazırda AİB tərə­findən Azərbaycanda 10 texniki yardım layihəsi həyata keçirilir. Bura ölkəmizdə iqtisadi diversifikasiya sektorunun inki­şafı proqramının müasirləşdirilməsi üzrə peşə təhsili və təlimin hazırlanması, döv­lət–özəl tərəfdaşlığının inkişafı mərkəzi və layihələrin inkişafı fondunun dəstək­lənməsi, vergi siyasəti və idarəetmə potensialının gücləndirilməsi, iqtisadi di­versifikasiya üçün qeyri-bank maliyyəsi və alternativ maliyyə alətlərinin inkişafı, dövlət sektorunda idarəetmə islahatına dəstək, Naxçıvan Muxtar Respublikasın­da irriqasiya və drenaj sisteminin inkişafı layihəsi üzrə texniki dəstək, yerli texnolo­ji startapların inkişafının təşviqi üzrə bilik və dəstək texniki yardımı, daha effektiv iqtisadi siyasət üçün biliyin idarəolunma­sının gücləndirilməsi, COVID-19 aktiv müdaxilə və xərclərə dəstək proqramı, eləcə də dəmir yolu tranziti əməliyyat­larına və investisiya planlaşdırılmasına dəstək layihələri daxildir. 

Ötən müddətdə Azərbaycan Respub­likası AİB-dən ümumi dəyəri təxminən 5,2 milyard dollar olan kredit, qrant və texniki yardımlar əldə edib. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiy­yə, su idarəçiliyi və nəqliyyat sahələrinə aiddir. Hökumətin Milli İqtisadiyyat Pers­pektivi üzrə Strateji Yol Xəritəsinə dəstək olaraq AİB-in Azərbaycana qısa və orta müddətli yardımı dövlət sektorunun idarə etməsi, nəqliyyat və enerji, eləcə də şəhər yerlərinin infrastrukturu və özəl sektorun inkişafı sahələrində əməliyyat­ları ehtiva edəcək.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat