Sözün kimi, adın da saxtadır, Ararat Mirzoyan!

post-img

Otuz ilə yaxın Ermənistanın 7 rayonunu işğal altında bizmi saxlamışıq? Həmin rayonların maddi, mənəvi sərvətini bizmi talamışıq? Kəndlərdəki evlərin daşını daş üstündə bizmi qoymamışıq? Nəinki binaların inşaata yararlı materiallarını, üstəlik, məzarlıqlardakı mərmər baş və sinə daşlarını bizmi söküb satmışıq? Bununla da ürəyimiz soyumayıb, Qriqorian kilsələrini mal tövləsinə çevirmişik? Daha yurd-yuvasından didərgin saldığımız bir milyon insanın hansı əzab-əziyyətə qatlaşdığına baxıb bizmi rişxənd etmişik? Yox, insanlıqla bir araya sığmayan bu hərəkətləri edən biz deyilik, sizsiniz, Mirzoyan! Çünki biz erməni deyilik!

Bunları Belarusun paytaxtı Minskdə keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının iclasın­da Ermənistanın baş diplomatı Ararat Mirzoyanın Azərbayca­nın ünvanına dediyi qırmızı ya­lanları nəzərdə tutub bildiririk. Fikirlərimizi bir qədər emosio­nal tonda ifadə etməyimizin sə­bəbi həmin Mirzoyanın Belarus Prezidenti Aleksandr Lukaşen­konun hüzurunda Azərbaycan tərəfindən Ermənistanın su­veren ərazilərinə qarşı işğalın davam etdiyini söyləməsidir. “Azərbaycanın hərəkətləri Cə­nubi Qafqazda sabitliyə nail olmaq səylərini əngəlləməyə yönəlib”,– deyən Mirzoyan iş­ğal haqqında nağılına bölgədə, xüsusilə Ermənistan və Azər­baycan sərhədində və “Dağlıq Qarabağda” (?) baş verən son hadisələri də əlavə edib. Hay­ların naziri son günlər şərti sər­həddəki erməni mövqelərinin və mülki obyektlərin Azərbay­can tərəfindən hədələnməsin­dən də dəm vurub. 

* * * 

Minskdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclasını für­sət bilən Mirzoyanın Azərbay­canın ünvanına səsləndirdiyi yalan və böhtan dolu ittiham­lar bununla bitmir. O, çıxışın­da “Dağlıq Qarabağda” (?) və onun ətrafında yaranmış və­ziyyətə, o cümlədən Rusiya sülhməramlılarının məsuliyyət zonasında Azərbaycanın törət­diyi təxribatlara (?) iyunun 15-də Laçın yolunda Həkəri kör­püsü yaxınlığında baş verən insidentə, burada qeyri-qanuni (?) şəkildə qurulmuş sərhəd-ke­çid məntəqəsi səbəbindən ya­ranmış humanitar böhrana (?) və getdikcə dərinləşən etnik təmizləmə təhlükəsinə (?) də toxunub.

Rəsmi İrəvanın son vaxtlar “vüsət alan” söz diplomatiyası­nın nəyə hesablandığını təxmin etmək çətin deyil. Sülh danı­şıqlarının intensivləşdiyi və nə­ticənin uzaqda olmadığı indiki mərhələdə ermənilər hər vasitə ilə prosesi tormozlamaq xəttini tutub. Bu zaman onlar çeşidli yalan və iftiralardan istifadə et­məkdən belə çəkinmirlər. Şərti sərhəddə və Azərbaycanın Qa­rabağ iqtisadi rayonunda artan gərginlik İrəvanın son aylar mü­şahidə etdiyimiz davranış nü­munələri ilə çox oxşardır. Yəni, Ermənistan hər dəfə sülh sazi­şi ilə bağlı qəti qərar qəbul et­mək zərurəti yaranan həlledici məqamda bu məsuliyyətin al­tına girməməkdən ötrü analoji təxribatlara əl atır. Bu mənada Hayastan XİN-in başçısı Ararat Mirzoyanın Belarusun paytax­tında çıxışı ilə eyni gündə baş nazir Nikol Paşinyanın ölkə par­lamentində söylədiyi nitqi ara­sında rahat paralellər tapmaq mümkündür. 

* * *

2020-ci ildə 44 günlük mü­haribənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasında çıxış edən baş nazir Nikol Pa­şinyan özündən əvvəlki haki­miyyət yetkililərinin ünvanına ittihamlar yağdırıb. Onun söz­lərinə görə, o zaman fəaliyyət göstərən hakimiyyət struktur­ları “Dağlıq Qarabağın Azər­baycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsinin olmadığını” deyirdilər. Çünki onlara görə, Dağlıq Qarabağ (?) eynilə Azər­baycan SSRİ-dən ayrıldığı kimi, 1991-ci ildə referendum yolu ilə Azərbaycan SSR-dən ayrı­laraq müstəqillik (?) qazanıb. Amma bununla yanaşı, keçmiş hakimiyyət Qarabağın statusu ilə bağlı referendumun keçiril­məsini nəzərdə tutan Madrid prinsiplərini qəbul etdi. Bununla da 1991-ci il referendumunun nəticələrinin “əhəmiyyətini və legitimliyini” sıfırladı. Bu prin­sipləri qəbul etməklə Ermənis­tan faktiki olaraq Artsaxın (?) Azərbaycanın bir hissəsi olma­sı ilə razılaşdı”. Hayastan baş naziri Robert Koçaryanı Qara­bağdakı qondarma hakimiyyəti danışıqlarda iştirak imkanından məhrum etməkdə də suçla­yıb: “Koçaryan Qarabağı hər cür müstəqillikdən (?) məhrum etdi və “DQ xalqı”nın iradəsi­ni pozdu. Əslində, bu, “Dağlıq Qarabağ”ın beynəlxalq subyek­tivliyinin (?) sonu demək idi”. Ermənistan baş naziri Nikol Paşinyanın məlum çıxışında səsləndirdiyi iddialarla bağ­lı Azərbaycan XİN şərh verib. Şərhdə deyilir ki, Ermənistan baş nazirinin müharibə zamanı hər bir danışıqdan və humanitar atəşkəsdən dərhal sonra mü­haribə zonasından kənar mülki əhalinin sıx yaşadığı Azərbay­can şəhərlərini raket atəşinə tutmasını və mülki əhalini qətlə yetirməsini danması Ermənis­tan tərəfinin faktları necə təhrif etdiyini bir daha göstərir.

XİN-in açıqlamasında qeyd olunur ki, Azərbaycanın, guya, 2011-ci ildən silahlanmanı və təxribatları artırmaqla vəziyyəti gərginləşdirdiyi barədə iddialar tamamilə əsassızdır: “Azər­baycan əraziləri işğal olunan andan etibarən BMT Təhlükə­sizlik Şurasının və bir sıra digər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında danışıq­lar yolu ilə ərazilərinin geri qay­tarılmasına səy göstərib. Bütün bunlara baxmayaraq, baş nazir Paşinyan tərəfindən şəxsən 2018-2019-cu illərdə nümayiş etdirilən təhrikçi ritorika da daxil olmaqla, uzun illər ərzində Er­mənistan tərəfindən törədilən təcavüz aktının və təxribatların sülhə töhfə vermədiyi və 2020-ci ildə müharibə ilə nəticələndiyi hər kəsə məlumdur. Ermənis­tan tərəfinin tarixi səhvlərindən dərs çıxarması və post-müha­ribə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə ma­neçilik törətmək səylərindən əl çəkməsi zəruridir”. 

Bəli, İrəvanın Azərbaycan­la sülh sazişini imzalamaqdan boyun qaçırması, sərhədlərin delimitasiya və demarkasiya­sının aparılması əvəzinə, hə­min şərti sərhəddə təxribatlar törətməsi onun başqa niyyət­lər güddüyündən xəbər verir. Üstəlik, Rusiya sülhməramlıla­rının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qanunsuz erməni silahlı dəstələrinin atəş açması rəsmi məhz İrəvanın bölgədə sabitliyi pozmaq cəhdi kimi də dəyərləndirilməlidir.

* * *

Qayıdaq Ararat Mirzoyanın Minskdə obıvatellərin diqqətinə üfürdüyü yalanlara. Diplomatik taktika və etiketlə qətiyyən bir araya sığmayan, özlərinin sax­ta və feyk versiyalarına uyan hayların baş diplomatı o anda azacıq geriyə boylansaydı, yaxın tarixin üzlərinə duracaq acı həqiqətlərin nəfəsini peysə­rində hiss edərdi. 

Danışdıqların adın kimi sax­tadır, Mirzoyan! Ararat Türkiyə­nin ərazisində yerləşən dağ zirvəsidir. Bunu coğrafiya kitab­larınız bir yana, dövlət gerbinizə salmaqla necə bir riyakarlığa yol verdiyinizi baş naziriniz özü etiraf elədi. Hər şeyinizi bax bu cür saxta və yalanların üzərində bina etdiyinizdəndir ki, indi dörd tərəfiniz laxlamağa başlayıb. Yıxılmaq və batmaq qorxusun­dan yapışmağa saman çöpü arayırsınız. Amma əmin olun. Ətəyinə əl uzatdığınız KTMT indi sizi heç o saman çöpünə də layiq bilmir... 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət