Lavrovun sülh naminə elegiyası

post-img

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iyunun 20-də keçirilmiş iclasının yekunları ilə bağlı jurnalistlərə açıqlamasında səsləndirdiyi fikirlər, əslində, yenilik deyil. Məlumdur ki, Moskva Azərbaycan-Ermənistan münasibətlərinin nizamlamasının Qərb formatına qısqanclıqla yanaşmaqdadır. Xüsusi məqam isə ondan ibarətdir ki, Lavrov bunu Rusiyanın hazırda danışıqlar prosesinə real töhfəsinin olmadığı şəraitdə dilə gətirir. O şəraiti yaradan isə Ermənistandır. Kreml isə sanki “Axırıncı aşırım” filmindəki Kərbalayi İsmayıl obrazıdır. Qəmlo demişkən, o, Şura hökumətinin, indiki halda Ermənistanın nazı ilə çox oynayır. 

Ancaq məsələdəki dramatizm bununla məhdudlaş­mır. Lavrov əvvəlki açıqlamalarında daha çox Qərb va­sitəçiliyi xəttinin aktivləşməsinə görə İrəvanı günahlandı­ran eyhamlar vururdusa, hazırda belə nəticəyə gəlmək olar ki, tərəzinin gözünə Azərbaycanı da qoyub. Diqqət yetirək və görək Rusiya XİN rəhbəri nə deyir: “Ermənis­tan və Azərbaycan anlamalıdırlar ki, Qərbin onlar arasın­da sülh yolu ilə nizamlamaya kömək etmək üçün səmimi istəyi yoxdur”.

 

 Belədə dərhal bir sual meydana çıxır: Rusiya səmimidirmi? Yaxud, ölkə 44 günlük müharibədən sonrakı nizam­lama prosesində səmimi davranıbmı? Yaxşı, bunu da bir kənara qoyuruq. Moskva Azərbaycan-Ermənistan da­nışıqlarının davam etdiyi 30 ilə yaxın müddətdə hansı səmimiyyəti nümayiş etdirib? Hələ biz nisbətən uzaq tarixə getmirik. Halbuki getməliyik. Nəzərə almalıyıq ki, o tarix həm də Rusiyanın tarixidir. Yəni, işğalçılıq tarixidir və bu, həm də erməni qövmünün Azərbay­can torpaqlarına Rusiya tərəfindən məqsədli şəkildə yerləşdirilməsinin ta­rixidir. 

Əlbəttə, cənab Lavrovun diqqətinə 1813 və 1828-ci illərin Gülüstan və Türkmənçay müqavilələrini də çatdıra bilərik. Bilirik cavabını. Çox güman, deyəcək ki, ağlınız olardı, işğalla üzləş­məzdiniz və haqlı da çıxacaq. Eynilə 30 ilə yaxın müddətdə də vasitəçilik adı ilə Rusiya bu deyimi bizə sırımaqdan başqa bir iş görmədi. 

Ancaq Rusiya ötən müddətdə, do­layısı ilə işğalla barışmağımızı da istə­di. Bunun üçün müxtəlif açıq və qapalı təzyiq üsullarına baş vurdu. Soyuq yanaşdıq, ölkənin belə mövqeyini qey­ri-səmimi, dostluğa zidd davranışın nə­ticəsi kimi qiymətləndirmədik. Nəhayət, düşündük ki, qlobal siyasət deyilən bir məsələ var və bu siyasətdə gərək yıxıl­mayasan. Biz 30 il əvvəl böyük ölçüdə yıxılmışdıq. Ayağa qalxdıq. Düşündük ki, özümüz yıxılmışıqsa, ağlamamalı­yıq. 

Lavrovun şəxsində isə Rusiya bu gün ağlamaqla məşğuldur. Vaxtilə Cənubi Qafqaza pərçimlədiyi erməni qövmünün əlində qalıb, bilmir nə etsin. Tutaq ki, Ermənistan nəyisə anlamalı imiş. Azərbaycanın anlamalı olduğu nədir? Özünün əzəli və əbədi torpağı olan Qarabağın taleyini müəyyənləş­dirməyi Rusiyanın sonraya saxlamaq niyyətinimi? Bəlkə, Ermənistanın güc­lənib yenidən üstümüzə şığımasını gözləyək? 

Əslində, Ermənistan da nəyisə an­lamaq məcburiyyətində deyil. Ölkənin baş naziri deyir ki, Qarabağ da daxil olmaqla, 86,6 min kvadratkilometr əra­zidə Azərbaycanın suveren hüquqları­nı tanıyır. Burada baş sındırılacaq nə isə yoxdur. Görəsən, Rusiya düşünür ki, Nikol Paşinyanın bunu deməməli idi? Belə yanaşma nə dərəcədə səmi­midir? Keçək, Rusiya XİN rəhbərinin digər fikrinə. “Təəssüf ki, indi ABŞ-ın və Avropa İttifaqının gördüyü işlərdə biz artıq danışıqlara kömək etmək ar­zusunu yox, regiona nüfuz etmək istə­yini və Rusiya Federasiyasının qanuni maraqlarına təzyiq göstərmək, burada demək olar ki, həlledici rol oynayacaq bəzi qüvvələr kimi özünü təsdiqləmək istəyini görürük”, – deyə Lavrov bildirir. Azərbaycan öz qanuni haqqını istəyir. Bizə nə dəxli var ki, Avropa İttifaqı və ABŞ hansı məqsədi güdür? Bu yerdə də Azərbaycanla Ermənistanı eyniləş­dirmək, əsla düzgün deyil. 

Birincisi, Bakı illərdir balanslı si­yasətinə sadiqdir. Yəni, heç bir halda özünü hansısa qlobal gücün mübarizə plasdarmı kimi görmək istəməyib. Heç indi də belə bir niyyəti yoxdur. Qərbin “altına yıxılıb” nankorluq edən Ermə­nistandır ki, onu da 30 ilə yaxın müd­dətdə bəsləyən məhz Rusiya olub. İrə­vana görə Bakının qanuni istəklərinə üz çevirən axtarsaq, yenə Moskvanı görürük... 

Qanuni maraqları var imiş! Harda yazılıb o qanun? Varmı elə bir sənəd ki, Cənubi Qafqazın Rusiyanın oldu­ğunu təsdiqləsin? Qanuni haqq par­çalayıb hökm sürməkdirmi? Cənubi Osetiya, Abxaziya, Dnestryanı, indi də Qarabağ?.. İstəmir də Ermənistan. Pa­şinyan daha necə deməlidir? Sərhəd­də – Həkəri çayı üzərindəki körpüdə Azərbaycan hərbçisinə güllə atılır, Er­mənistan Xarici İşlər Nazirliyi Rusiya­nın ölkədəki səfirini çağırtdırıb deyir ki, məsələ sizlikdir. Yəni, təxribata görə, günahı Moskvada görür. Rusiya səfiri də XİN-dən çıxıb münaqişənin ancaq üçtərəfli bəyanat əsasında həllini rəh­bər tutduğunu deyir. Faktiki olaraq, ittihamı üzərinə götürür. Budurmu sə­mimiyyət? Yaxşı, hərbçimizə güllə atan kim imiş?..

Rusiya 44 günlük müharibədən sonra yaxşı şans qazanmışdı ki, ədalətli vasitəçi olsun. Ölkə nə etdi? Özünün ermənipərəstlik duyğularına meydan tanıdı. İstədi ki, ondan üz dön­dərmiş İrəvana, necə deyərlər, şirinlik etsin. Alınmadı. Nə Paşinyan buna get­di, nə də böyük ölçüdə Ermənistanın ictimai rəyi. Nəticədə pusquda dayan­mış Qərb bölgəyə yaxınlaşmağa baş­ladı ki, həmin yaxınlaşmanın səbəbkarı yenə İrəvan oldu. 

Bakı Azərbaycan-Ermənistan sər­hədinin öz tərəfinə avropalı müşahidə­çilərin gəlməsinə imkan vermədiyi – öz çapında Rusiyanın maraqlarını nəzərə aldığı, oyun qaydalarını pozmadığı hal­da, Paşinyan administrasiyası məsələ ilə ikiəlli razılaşdı. Bu gün də həmin missiya fəaliyyətdədir və Rusiyanın du­ruma təsir göstərəcək hansısa vəsiləsi yoxdur. Amma deyəsən, var. Qarabağ­da olan hərbi kontingent. Bölgədəki erməni separatizmi üçün silah-sursat daşınmasını müşahidə və müşayiət edən kontingent! Adları da var – sülh­məramlı. Bəlkə, Lavrovun nəzərdə tut­duğu səmimiyyət budur?

Bəli, Lavrov onda haqlıdır ki, Qərbin hərəkətləri onun “NATO və Aİ üzvləri­nin sərhədlərindən uzaqda yerləşən re­gionlara genişlənmək istəyini əks etdi­rir və bunun vəziyyətin sabitləşməsinə kömək etmək üçün səmimi istəklə heç bir əlaqəsi yoxdur”. Həqiqətən, Qərb Ukraynada da elə etmişdi, yenə də eyni qaydada davam edir. Məsələ tam aydındır. Ancaq bunun Azərbaycana nə dəxli? Ölkəmiz Qarabağda hüquqi hakimiyyətini təmin etmək, haqqı olana sahiblənmək niyyətindədir. Rusiyanın əraziyə göndərdiyi Ruben Vardanyan kimi şarlatanlar isə Qarabağı müstəqil dövlət qismində görürlər. Moskvadakı bir sürü ekspert isə deyir ki, sən demə, Qarabağ erməniləri rusmeyilli imişlər, Paşinyan hakimiyyəti Rusiyaya qarşı çıxmaq üçün onları Azərbaycanın ixti­yarına verir. Belə bir absurdu düşünüb dövriyyəyə gətirmək hansı səmimiyyə­tin məhsulu ola bilər?

Burada yenə əvvəl vurğuladığımız məqama qayıdaq və diqqətə çatdıraq ki, Moskva 44 günlük müharibəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üç­tərəfli Bəyanatın imzalanmasına nail olmaqla, regionda üstünlük qazan­mışdı. Hətta, Qərb də onun sülhya­ratma missiyasını alqışlamışdı. Bəs sonra nə oldu? Bu barədə danışdıq, yenidən üzərinə gəlmək istəməzdik. Ancaq Sergey Lavrovun növbəti fikir­lərinə diqqət yetirməliyik. O deyir: "Biz digər beynəlxalq oyunçuların vasitəçi­likdə əlini sınamasına qarşı deyilik... Əsas odur ki, bu vasitəçilik erməni və Azərbaycan xalqlarının, Ermənistan və Azərbaycan dövlətlərinin maraqlarının balansını əks etdirəcək razılaşmaların təmin edilməsi məqsədini güdməlidir”.

Nə maraq? Lavrov ziddiyyətli danı­şır, özünü faş edir. Bir tərəfdən deyir ki, “NATO və Aİ üzvlərinin sərhədlərindən uzaqda yerləşən regionlara genişlən­mək istəyini əks etdirir və bunun və­ziyyətin sabitləşməsinə kömək etmək üçün səmimi istəklə heç bir əlaqəsi yoxdur”, digər tərəfdən də xalqların marağından danışır. Bəs, Rusiya han­sını seçir? Sual ritorikdir, çünki cavab bəllidir – birincini. Moskvanın xalqların maraqlarını təmin etmək kimi bir niyyə­tinin olduğu nağılına nə Ermənistanda, nə də Azərbaycanda inanan var. 

Təsəvvür edin ki, o boyda Rusiya­nın Cənubi Qafqazdakı “mövcudiyyət qalası” qismində Qarabağdakı erməni separatizmi görünürsə, hansı inamdan danışmaq mümkündür. Bu gün Azər­baycan Ermənistanın başına-gözünə döyə-döyə məcbur edir ki, separatizm­dən əlini üzsün. Bunu hansı platforma­da gerçəkləşdirir, Qərbdə, ya Şərqdə heç fərqi yoxdur. Əsas odur ki, bacar­dığını edir, haqqına sahib çıxır. İndi Lavrov da durub xalqların və dövlətlə­rin maraqlarından dəm vurur. Halbuki ortada böyük haqq – Azərbaycanın haqqı var. O haqq ki, 30 ilədək müd­dətdə, obrazlı desək, boynuna kəndir salıb o tərəf-bu tərəfə fırladan Qərblə yanaşı, elə Rusiyanın özü də olmuşdu. Bu idimi səmimiyyət?

Sonda Lavrovun özünəməxsus səmimiyyət nümayişinin Azərbayca­nı və Ermənistanı anti-Qərb ovqatı­na kökləmək motivindəki bir məqama da diqqət yetirək. Rusiya XİN başçısı ümid edir ki, Kremlin mövqeyini həm İrəvandakı, həm də Bakıdakı tərəfdaş­ları başa düşürlər. “Biz ən azı onlarla açıq şəkildə baş verənləri müzakirə edirik”. Görək, Cənubi Qafqaz xalq­larının maraq və mənafelərini düşün­düyünü bildirən Kremlin xarici siyasət idarəsinin rəhbərinin fikri nədir? Çünki açıq danışmır. Yəni, demək istəyir ki, sülhə gəlməyin, bir-birinizi qırmağa da­vam edin? Yox, Lavrov belə pis fikrə düşməz. O, sülh istəyir, axı...

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”





Siyasət