Hədəfdə Paşinyanın “strategiyası”dır

post-img

Ermənistan baş naziri Nikol Paşinyanın siyasətindən həm ölkə daxilində müxtəlif qüvvələr, həm də xaricdə yaşayan haylar ciddi narazıdırlar. Əgər ölkə daxilində Paşinyandan narazılıq müxalifətin vaxtaşırı keçirdiyi kütləvi aksiyalar, piketlər, oğlu Aşotun qaçırılması və sair kimi fərqli formalarda özünü göstərirsə, xaricdəki ermənilər öz iradlarını əsasən mediadakı çıxışları ilə nümayiş etdirirlər.

Paşinyandan Rusiyadakı ermənilər daha çox narazılıq edirlər. Bu, bir tərəf­dən onun İkinci Qarabağ müharibə­sində biabırçı məğlubiyyətə uğraması ilə əlaqədardırsa, digər tərəfdən İrə­van-Moskva münasibətlərinin sərinləş­məsi ilə bilavasitə bağlıdır. Münasibət­lərin sərinləşməsinə dair çox nümunə gətirmək olar. İş o yerə çatıb ki, Ermə­nistanın konstitusiya məhkəməsi Bey­nəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbs olunması barədə qərar çıxarılan gün Roma Statutuna qoşulub. Başqa sözlə desək, Ermənistan konsti­tusiya məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidentinin həbsi barədə qərarını konstitusiyaya uyğun hesab edib.

Paşinyan hökumətinin qondarma “er­məni soyqırımı”nın tanınması prosesinin başa çatdığını elan etməsi, baş nazirin diaspor üzrə səlahiyyətli nümayəndə­si Zare Sinanyanın “erməni soyqırımı” mövzusunun Ermənistanın xarici siyasət gündəliyindən çıxarıldığını etiraf etmə­si Rusiya haylarını Paşinyandan narazı salan əsas məqamlardandır. Hətta, Rusi­yadakı erməni diaspor və lobbisinin əsas fiqurlarından olan Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi səd­rinin birinci müavini Konstantin Zatulinin və “Russian Today” dövlət telekanalının, “Rusiya bu gün” (RİA-Novosti) və “Sput­nik” informasiya agentliyi kimi nəhəng media şəbəkəsinin baş redaktoru Marqa­rita Simonyanın Ermənistana girişi qada­ğan edilib.

***

Rusiyada Paşinyandan ciddi narazı olan haylardan biri də politoloq, ictimai xadim Gevorq Mirzayandır. Məlumat üçün bildirək ki, G.Mirzayan 1984-cü ildə Daşkənddə anadan olub. Kuban Dövlət Universitetini bitirib. Siyasi elmlər üzrə namizəddir, ABŞ üzrə ixtisaslaşıb. 2005-ci ildən 2016-cı ilədək Rusiya Elmlər Aka­demiyasının ABŞ və Kanada İnstitutunun elmi işçisi olub. Hazırda Rusiya Federa­siyası Hökuməti yanında Maliyyə Uni­versitetinin politologiya kafedrasının do­sentidir. 2007-ci ildən “Ekspert”, “Snob” jurnallarının və digər nəşrlərin dünya siyasəti şöbəsinin köşə yazarıdır. Hazır­da “Komsomolskaya pravda” radiosunun efirində qlobal siyasət üzrə analitik kimi çıxış edir. Azərbaycan cəmiyyəti Mirza­yanı əsasən 2016-cı ilin aprel döyüşləri və ondan sonrakı günlərdə Rusiyanın müxtəlif telekanallarındakı tok-şoularda etdiyi bədnam çıxışlarından tanıyır.

G.Mirzayan bu yaxınlarda “Vzqlyad” qəzetində N.Paşinyanın siyasətinə qarşı ciddi tənqidi məqalə ilə çıxış edib. “Qara­bağın təslim edilməsi Paşinyanın strate­giyasında sonuncudan əvvəlki addımdır” sərlövhəli məqalədə müəllif yazır ki, N.Paşinyan postsovet məkanında bəlkə də ən inadkar siyasətçilərdən biridir: “2018-ci ildə hakimiyyətə gəldikdən sonra o, ar­dıcıl olaraq fəaliyyət proqramını icra etdi və indi öz strategiyasının son addımının – Qarabağın təslim edilməsinin astana­sındadır. Paşinyan bu yaxınlarda deyib ki, Ermənistan Azərbaycanın ərazi bü­tövlüyünü tam olaraq tanıyır və İrəvan da Azərbaycanın eyni addımı atmasını göz­ləyir. O, əlavə edib ki, bu qarşılıqlı tanın­malar tərəflər arasında tamhüquqlu sülh müqaviləsinin imzalanması üçün əsas ola bilər. İlk baxışda Nikol Vovayeviçin bu bəyanatında qəribə və fitnəkar heç nə yoxdur. Birincisi, Ermənistan əvvəllər də “dqr”i (dırnaq işarəsi bizimdir-S.H.) Azərbaycanın bir hissəsi kimi formal ola­raq tanıyıb. Erməni məmurlar və fəallar bunu inkar edirlər – lakin İrəvan rəsmən nə “dqr”in müstəqilliyini, nə də onu Ermə­nistanın bir hissəsi kimi tanıyıb. Beləliklə, məlum olur ki, o, Azərbaycanın Qaraba­ğın faktiki “müstəqillik” əldə etməmişdən əvvəlki ərazi bütövlüyünü tanıyıb. Əs­lində, Qarabağ məsələsi ilə bağlı bütün sülh danışıqları bu ümumi etiraf əsasın­da gedirdi.

İkincisi, Paşinyan, deyəsən, prioritet­lər sistemi qurmağa çalışır. Onun üçün əsas prioritet Ermənistanın ərazi bütövlü­yü və təhlükəsizliyidir. Çünki Azərbaycan indi sərhədlərin müəyyənləşmədiyi bə­hanəsi ilə Ermənistan ərazisinə müdaxilə (?) edir. Paşinyan isə Bakının işğaldan (?) imtina etməsini Qarabağın Ermənis­tan tərəfindən Azərbaycan ərazisi kimi tanınması ilə dəyişməyə çalışır. İrəvan hələ Ermənistana nəzarət edə bilər, lakin Qarabağa artıq nəzarət etmək mümkün deyil. 2020-ci ildə İkinci Qarabağ müha­ribəsində qələbədən sonra Azərbaycan qoşunları özünü elan etmiş “respubli­ka”nın bir hissəsini “işğal” edib, qalan hissə isə yalnız Rusiya sülhməramlıları­nın bölgəyə gətirilməsinə görə de-fakto “müstəqilliyini” qoruyub saxlayıb”.

Göründüyü kimi, G.Mirzayan məsələyə birtərəfli və qərəzli yanaşır. O, Ermənistanın Qarabağ məsələsində üzləşdiyi duruma görə məsuliyyəti bü­tünlüklə Paşinyanın üzərinə atır. Halbu­ki, Azərbaycan öz ordusunun hesabına işğal altındakı torpaqlarını azad edib. Ölkəmizdə ordu quruculuğu prosesi yüksək sürətlə gedirdi və Ermənistanda hakimiyyətdə kimin olmasından asılı ol­mayaraq, Azərbaycanın haqlı davasın­da zəfər çalacağı şübhə doğurmurdu. Post-müharibə dövründə də qalib tərəf kimi Azərbaycan şərtləri diktə edir. Bu baxımdan Paşinyanın rəsmi Bakı ilə ra­zılaşmaya getməkdən başqa çarəsi yox­dur.

Erməni politoloq daha sonra yazır: “Qarabağdakı ermənilərin müstəqilli­yi çox güman ki, maksimum daha iki il davam edəcək – 2025-ci ildə Rusiya sülhməramlılarının mandatı başa çatır, bundan sonra Bakı onu yeniləməkdən tamamilə imtina edə bilər. Ruslar gedən­dən sonra isə onları qoruyan olmayacaq. Azərbaycan Prezidenti artıq bəyan edib ki, yerli sakinlər ya Azərbaycan vətən­daşlığını qəbul etməli, ya da yaşamaq üçün başqa yer axtarmalıdırlar. Aydındır ki, yalnız bir seçim var – mühacirət et­mək. Yerli əhali Azərbaycan vətəndaşlı­ğını qəbul etsə belə, bu, onları ayrı-seç­kilikdən və təqiblərdən qoruya bilməz – Azərbaycanda ermənilərə dehumanist yanaşan bütöv nəsillər yetişib. Ona görə də Paşinyan onsuz da itirəcəyini (Qara­bağı) Ermənistanın azadlığı və təhlükə­sizliyi naminə faktiki olaraq dəyişir. Və bu, çox məntiqli addım kimi görünür”.

G.Mirzoyan bu yerdə yenə regiondan xəbərsiz olduğunu nümayiş etdirir. Onun nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, Azərbaycanda ermənilərə dehumanist yanaşan yox, vətənpərvər gənclik yeti­şib. Azərbaycanda 30 mindən çox ermə­ni yaşayır. 2021-ci ilin oktyabrında Lenta.ru saytı Bakıda yaşayan ermənilərdən reportaj hazırlamışdı. “Ermənilər Azər­baycanda necə yaşayırlar və iki mühari­bədən sonra niyə hələ də sülhə inanır­lar” sərlövhəli məqalə saytın bazasında durur. G.Mirzoyanın bu reportajla tanış olması məsləhətdir. Yaxud, Ermənistan silahlı qüvvələrinin 13 il (1994-2007) baş qərargah rəisi, bir il (2007-2008) isə mü­dafiə naziri olan general-polkovnik Mika­el Arutyunyanın bacısı Zoya Arutyunyan Kürdəmir rayonunun Şıxımlı kəndində öz ömrünü yaşamaqdadır. Məgər, onla­ra kimsə “gözün üstdə qaşın var” deyir? Bütün bu faktlar ortada ikən Rusiyada yaşayan erməninin bu cür fikirlər səslən­dirməsi acı təəssüf doğurur. Özünü alim adlandıran, Rusiyanın akademik dairələ­rinə sırıyan şəxs bütöv bir xalqın demon­laşdırmasını həyata keçirməzdən qabaq yaxşı-yaxşı düşünməlidir. Əks-təqdirdə onun obyektivliyi ciddi sual altına düşə­cək. Mirzayan bu yanaşma ilə ənənəvi hay təfəkkürünə mənsub olduğunu or­taya qoyur. Belələri dünyanın harasına getsələr də, öz xəstə düşüncələrindən əl çəkməzlər. Necə deyərlər, donuz rəngini dəyişər, xasiyyətini yox.

 

Səxavət HƏMİD,

“Xalq qəzeti”



Siyasət