Paşinyanın “Günah keçisi” manifesti

post-img

Ötən sayımızda bu mövzuya toxunmuşduq. Bu gün bir qədər də ətraflı nəzər salmağı düşünürük. Ona görə də sərlövhəmiz dünənki yazımızın başlığını xatırladır. Əlbəttə, bir qədər fərqli formada. Bəli, mövzumuz prinsip etibarilə dəyişməzdir: Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibə şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iyunun 20-də keçirilmiş iclasındakı çıxışı.

Əvvəla, bildirək ki, haqqında söz açdı­ğımız çıxış hay siyasi dairələrində böyük ajiotaj doğurub. Əslində, onu bir qədər də körükləyib desək, daha yerinə düşər. Özü də ajiotajın sərhədləri Ermənistanı aşıb. Baş nazirin söylədiklərinə Rusiyanın si­yasi dairələrindən də reaksiyalar gəlmək­dədir. Bu barədə yazımızın sonunda söz açacağıq.

“Keçi axtarışında” preambula

Hələlik onu deyək ki, Nikol sanki 44 günlük müharibədən sonrakı “günah ke­çisi” axtarışlarını təzələmiş kimi görünür. O, ölkənin özündən əvvəlki rəhbərliyinə yüklənir. Konkret olaraq, sabiq prezident­lər Robert Koçaryan və Serj Sarkisyana. Elə görüntü yaradır ki, istər 44 günlük müharibədəki məğlubiyyət, istərsə də si­yasi-diplomatik müstəvidə Qarabağın və Azərbaycanın işğal edilmiş digər torpaqla­rının əldən çıxması onların yarıtmaz fəa­liyyətinin nəticəsidir. 

Nikolun arqumentləri maraqlıdır. O an­lamda ki, bütün günahları öz üzərindən at­maq üçün kifayət qədər müxtəlif məqam­lara toxunur. Əlbəttə, bizim üçün əsas olan onun dedikləri fonunda Ermənistanın ictimai-siyasi həyatındakı deqradasiyanın qabarıq şəkildə özünü göstərməsidir. Belə nəticəyə gələ bilərik ki, ölkə əhalisi ötən müddətdə total şəkildə aldadılıb. Nəzərə alaq ki, illüziyaların reallıq kimi təqdimatı erməni xəstəliyinin bariz təzahür forma­sıdır. Əslində, Paşinyanın fikirləri həm də həmin xəstəliyin alt qatlarının mükəmməl təsviridir. 

Koçaryan – “buynuzlu keçi”

Başlayaq Nikolun Ermənistanın ikinci prezidenti Robert Koçaryana ünvanlan­mış tənqidlərindən. O bildirir ki, Koçaryan Azərbaycanla danışıqları bağlı qapılar arxasında aparıb. Prosesdə Qarabağın Azərbaycanın tərkibindəki statusu məqbul hesab edilib. Lakin əhalinin bundan xəbəri olmayıb. İctimai bəyanatlar və dövlət təb­liğatı səviyyəsində tamam fərqli məsələlər gündəmə gətirilib. Məsələn, həmin vaxt Ermənistan telekanalları Qarabağın və yeddi rayonun ölkənin tərkibindəki vahid xəritəsini göstərməyə başlayıblar. Oxşar xəritələr ictimai yerlərdə, hətta dövlət qu­rumlarında da asılıb. Necə deyərlər, arxa­yınlıq formalaşdırılıb. 

Ümumən Koçaryanın apardığı danı­şıqların heç birində Qarabağa aidiyyatı olmayan rayonların qaytarılmaması kimi məqam yer almayıb. Azərbaycanla Er­mənistan arasında danışıqlar gedə-gedə yeddi rayonun erməni toponimləri dövriy­yəyə buraxılıb. Füzuli Varanda, Ağdam Akna, Qubadlı Sanasar, Zəngilan Kov­sakan, Cəbrayıl Mehakavan, Kəlbəcər Karvaçar, Laçın Kaşatağ adlandırılıb. Da­nışıqlar isə Azərbaycan toponimlərindən istifadə olunmaqda davam edib, vətən elan edilən əraziləri alaq otları basıb, bəzi hallarda generallar hərbi qulluqçuların əməyindən istifadə edərək, orada buğda əkiblər. Bundan əvvəl isə birinci prezident Levon Ter-Petrosyanın “ələ keçirilmiş əra­zilər”, daha sonra keçmiş xarici işlər naziri Vardan Oskanyan isə “işğal edilmiş əra­zilər” ifadələrini işlədib. Yəni, Nikol demək istəyib ki, bu şəxslər də Qarabağı və digər yeddi rayonu Ermənistan torpaqları kimi görməyiblər. 

N.Paşinyan deyib ki, Ermənistan ha­kimiyyəti Qarabağın statusu ilə bağlı re­ferendumun keçirilməsini nəzərdə tutan Madrid prinsipləri ilə razılaşdığı üçün 1991-ci il Qarabağda ərazinin öz müqəd­dəratını təyin etməsi ilə bağlı reallaşmış referendumun nəticələri və legitimliyi şübhə altına düşüb. 

“Koçaryan Qarabağı istənilən müstəqil­likdən məhrum etdi və Qarabağ xalqının iradəsini pozdu. Üstəlik, o, bölgəni bey­nəlxalq səviyyədə tanınma statusundan da məhrum etdi”, – deyən Nikol ikinci prezidenti 1998-ci il seçkilərində saxtakar­lıqla hakimiyyətə yiyələnməkdə və qey­ri-legitim formada dövlət başçısı postunu tutmaqda da ittiham edib. Onun sözlərinə görə, həmin vaxt qüvvədə olan qanunve­ricilik Koçaryanın prezidentliyə namizədli­yini irəli sürməsinə imkan vermirdi. Robert Qarabağın beynəlxalq səviyyədə tanınma və legitimlik əldə etmək şanslarını dünya ictimaiyyətinin Ermənistanda hakimiyyətin qəsbinə göz yumması üçün qurban verib.

Sarkisyan – “buynuzsuz keçi”

Bəs, üçüncü prezident Serj Sarkisyan nə edib? Paşinyanın bildirdiyinə görə, Sarkisyan konstruktiv danışıqçı imicini qa­zanmağa çalışıb və “pis danışıqlar yaxşı müharibədən yaxşıdır” kimi təhlükəli tezis irəli sürüb. Başa düşməyib ki, “pis da­nışıqlar” yolu Azərbaycana müharibəyə hazırlaşmaq imkanı verib. Bundan əlavə, Ermənistan hakimiyyətinin bu cür yanaş­ması yalvarış kimi səslənib. Azərbaycan isə əksinə, “mənə istədiyimi sülh yolu ilə ver, əks halda müharibə yolu ilə əldə edə­cəyəm” prinsipini əsas götürərək savaşa hazırlıq görüb. 

Paşinyanın fikrincə, Madrid prinsiplə­rinin qəbulu nəinki 1991-ci ildə Qarabağ­da keçirilmiş referendumun nəticələrini heçə endirdi, eyni zamanda, imkan verdi ki, Azərbaycan Qarabağ ətrafındakı yeddi rayonun məsələsini də Qarabağ müstəvi­sinə çıxarsın. Madrid prinsipləri, daha son­ra 2010-cu ildə Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanun qəbul edildi ki, ikinci sənəddə yeddi rayon “Dağlıq Qa­rabağ Respublikası” deyil, Azərbaycanın ərazisi kimi tanındı. 

Bütün bunlarla yanaşı, Ermənistan tərəfi “plebissit keçirmək vədi” aldı. Halbu­ki, onun keçirilməsinin vaxtı de-fakto Azər­baycanın istəyindən asılı idi. Çünki qəra­rın konsensusla qəbulu əsas götürülürdü. Belə bir şəraitdə plebissitin, yəni referen­dumun təşkilində maraqlı tərəf sonradan onun necə düzənləməyi və ya heç olma­masını diktə edir. Bundan əlavə, proses zamanı hansı sualın veriləcəyi ilə bağlı heç bir məhdudiyyət yox idi. Əgər tərəflər məsələdə razılığa gəlməsələr, onda pro­ses sadəcə baş tutmamış sayılır, nəticədə Qarabağ statussuz, başqa sözlə desək, Azərbaycanın tərkibində qalırdı. Baş nazir onu da xatırladıb ki, Ermənistan tərəfi Sar­kisyanın hakimiyyəti illərində çoxsaylı risk­lər görüb və onları idarə etməyə çalışıb. Kazan prosesi vasitəsilə Qarabağa aralıq statusu verməyə çalışıb. 

Baş nazir “demokratiyanın qladiatoru” qiyafəsində

Bəli, Paşinyanın 44 günlük müharibə şəraitinin öyrənilməsi üzrə istintaq komis­siyasının iclasında səsləndirdikləri, onun ancaq Azərbaycanın gücü ilə hesablaş­masının nəticəsidir. Daha doğrusu, o, sü­but edir ki, yalnız Bakının gücü torpaqların işğaldan azad edilməsinə gətirə bilərdi. Bu məqamı heç də əbəs yerə vurğulamadıq. Çünki yuxarıda da bildirdiyimiz ki, Nikol hazırda 44 günlük müharibəyə görə san­ki “günah keçisi” axtarışındadır. Və o keçi qismində həm ölkənin ikinci, həm də üçün­cü prezidentini görür. Hərçənd, baş nazirin Sarkisyandan çox Koçaryanın üstünə get­diyi aşkardır. 

Nikolun çıxışındakı qeyri-səmimilik isə bundadır ki, o, Qarabağın yalnız əvvəlki hakimiyyətlərin səhvi səbəbindən, belə demək mümkünsə, əldən çıxdığı düşün­cəsindədir. Yəni, Paşinyan üçün bölgənin əbədi və əzəli Azərbaycan torpağı olması məntiqi yaddır. O, əsl həqiqətləri dilə gətir­məkdən uzaqdır. Sanki Qarabağ danışıq­lar masası arxasında uduzulmuş ərazidir. Baş nazir oyunda özünün iştirak etmədiyi­ni bildirir, məsuliyyəti boynundan atır. 

Nəzərə alaq ki, “Qarabağ Ermənistan­dır– nöqtə” bəyanatını verən, “yeni ərazilər uğrunda yeni müharibə” şüarını irəli sürən nə Koçaryan idi, nə də Sarkisyan. Bunu Paşinyan etmişdi. Baş nazirin söylədiklə­rindən belə nəticə çıxarmaq olar: O, haki­miyyətə yiyələnəndə də indi dilə gətirdiyi qənaətə gələrək görüb ki, Qarabağın, o cümlədən digər Azərbaycan torpaqlarının Ermənistana məxsusluğunun təsdiqi üçün şans qalmayıb. Səmimi olsaydı, torpaq­ları müharibəsiz qaytarardı. Başqa söz­lə, şanssızlığını əvvəldən bilər və bəyan edərdi. Etmədi və özünü “demokratiyanın qladiatoru” kimi apararaq, ölkəmizə qarşı demarş xətti götürdü. Nəticədə Ermənis­tan üçün böyük rüsvayçılıqla sona çatmış 44 günlük müharibə qaçılmaza çevrildi. 

Bir məqamı da vurğulayaq ki, Paşin­yan 44 günlük müharibə şəraitinin öyrə­nilməsi üzrə istintaq komissiyasının iclası­nın qapalı yox, açıq şəkildə keçirilməsini istəyib. Yəni, özü bütün suallara açıq ca­vab verməyi vacib sayıb. Bu da təsadüfi deyil. Nikol yaxşı başa düşür ki, Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suverliyini tanıma­sı ona qarşı ciddi təzyiqlər doğurub. Buna görə çalışır ki, müharibə və Qarabağ danı­şıqları ilə bağlı bütün detalları açıqlasın və həmin təzyiqləri özündən uzaqlaşdırsın. Beləliklə də hakimiyyətini saxlamaq üçün mənəvi immunitet qazansın. 

Məğlubiyyət insanı “yetim gününə” qoyur

İndi isə gələk sonda bildirəcəyimizi vurğuladığımız məqama. Bəli, Ermənis­tan baş nazirinin sözləri Rusiya siyasi dairələrində də müzakirəyə səbəb olub. Bu baxımdan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tərkibindəki Beynəlxalq Tədqiqatlar İnstitutunun Av­ro-Atlantika Təhlükəsizlik Mərkəzinin apa­rıcı elmi işçisi, politoloq Sergey Markedo­novun bildirdikləri maraqlıdır. Markedonov “Don kazakı” teleqram kanalında N.Paşin­yanın nə üçün İkinci Qarabağ müharibə­si müstəvisində tarixə baş vurduğuna 5 müstəvidə özünəməxsus izah verib. Hə­min izahatı təqdim edirik:

1. Ermənistanın baş naziri ictimai məkanda İkinci Qarabağ müharibəsinin nəticələri mövzusunu yenidən gündəmə gətirir. Siyasətçi tarixçi deyil. Paşinyanın mənbəşünaslıq problemləri ilə peşəkarca­sına məşğul olması ehtimalı azdır. Onun fərqli motivasiyası varmı? Bu nədədir? Onun “İyun tezisləri”nin indi ortaya çıxma­sı təsadüfdürmü? Bu tezislərin dilə gətiril­məsinin siyasi nəticələri olacaqmı?

2. Demək olmaz ki, 2023-cü il iyunun 20-də N.Paşinyan İkinci Qarabağ müha­ribəsi empirizmində (və bütövlükdə, Er­mənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesində) prinsipial olaraq yeni bir şey kəşf etdi. Prezident Vladimir Putin Rusiyanın vasitəçiliyi və atəşkəs va­riantları haqqında dəfələrlə danışmışdı. Əslində, Putinin baxış bucağı daha geniş idi. Bu gün Paşinyanın sözlərində yeni heç nə yoxdur. Sual yaranır: Nəyə görə, indi “yaraları qanatmaqla” məşğuldur?

3. Çünki Ermənistan xoşagəlməz və dəhşətli sayılacaq spektrdə qərar qəbul etmək üçün çətin çağırışlar və perspek­tivlərlə üzləşib. 1994-2020-ci illərdəki sta­tus-kvoya qayıtmaq mümkün deyil. Hətta, baş nazirin alovlu əleyhdarları da bunu başa düşürlər. Hərbi resurslar və kritik ic­timai dəstək yoxdur. Kənar oyunçular da İrəvanın ötən illərdəki maksimalist plan­larını həyata keçirməyə həvəsli deyillər. Beləliklə, qeyri-populyar qərarların qaçıl­mazlığı zərurəti yaranır. Nəticədə Ermə­nistan cəmiyyəti və siyasətçiləri ardıcıl hekayələr tapmaq məcburiyyətindədirlər. Hətta bu, acı dərman formatında olsa belə lazımdır. Güzəştlərin və məğlubiyyətlərin qaçılmazlığı haqqında tezislərin fəal şəkil­də təbliği də buna görədir.

4. Paşinyan siyasi prezentizmlə məş­ğul olur. Məsuliyyəti sələflərinin, o cümlə­dən Rusiyanın üstünə atır? Bəli, təbii ki, o, alim deyil, siyasətçidir. O, konkret şəraitdə hakimiyyətini saxlamaq istəyir. Halbuki vəziyyətin indiki şəklə düşməsində onun da günahı var. Bunu inkar etmək çətindir. Amma obyektivlik naminə biz digər “məğ­lubiyyət atalarını” tanımalıyıq. Burada bir məqam var: adətən məğlubiyyət “yetim­dir”, zəfərin isə “valideynləri” çox olur!

5. Ermənistan cəmiyyəti və bütövlük­də, siyasi sinfi Nikol Paşinyan və Robert Koçaryan arasındakı münaqişədən kə­nardakı mürəkkəb sistemli problemləri dəfələrlə müzakirə etməli olacaq. Hazırda isə ölkədə siyasi gündəmi yalnız xəyallar müəyyən edir. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət