Azərbaycan–Türkiyə qardaşlığı, dostluğu Vətən müharibəsində də özünü qabarıq büruzə verdi. İkinci Qarabağ müharibəsi başlanan günün ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Azərbaycana birmənalı, dəqiq və açıq siyasi-mənəvi dəstəyini ifadə etdi. Bununla da Türkiyə bəzi siyasi dairələrin respublikamıza düşmən hərəkətlərinin qarşısını birmənalı şəkildə aldı.
Dost dövlət hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpasında ölkəmizin yanındadır. Düşməndən təmizlənən yaşayış sahələrimizin yenidən qurulması üçün ilk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun parlaq ifadəsidir.
Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı və Vətən müharibəsində əldə edilən parlaq qələbə ilə azad edilən ərazilərimizdə bərpa-quruculuq layihələrinin icrası başlayandan ötən müddətdə bu prosesdə Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkib. Qardaş ölkə Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil və Horadiz–Mincivan–Ağbənd dəmir yollarının salınmasında, Azərbaycan üçün strateji önəm daşıyan Füzuli–Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində, habelə digər infrastruktur layihələrinin icrasında, tarixi abidələrimizin bərpasında səmərəli fəaliyyət göstərib.
Prezident İlham Əliyev Türkiyənin Qarabağın bərpasına böyük dəstək verdiyini daim xatırladıb. Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında bu barədə deyib: “Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə–Azərbaycan birliyini görürük. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, “Dost Aqropark”ın açılışını birlikdə qeyd etdik. Bu da bu bölgəyə birinci özəl sərmayədir və bu aqroparkın adı da – “Dost Aqropark” özlüyündə hər şeyi deyir. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Biz Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür...”.
Beləliklə, Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxan dostluq və qardaşlıq münasibətlərinin indiki vəziyyəti bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə, heç bir maneə bu dostluğun, qardaşlığın qarşısını ala, sarsıda bilməz.
Hazırda bu iki ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir, Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs isə bundan yalnız faydalanır.
“Xalq qəzeti”

