Paytaxtın Nizami Kino Mərkəzində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskarlıq qayıdışı” adlı təntənəli mərasim keçirildi.
Nəsimi Rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı rəhbərliklərnin, yerli idarə və müəssisə təmsilçilərinin, ictimai fəalların iştirak etdiyi ümumrayon toplantısını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycana rəhbərliyinin birinci dövründə gələcək müstəqilliyin əsaslarını formalaşdıran ulu öndər ölkəmiz suverenlik qazanandan sonra onu itirilmək təhlükəsindən xilas edərək Vətəninə Qurtuluş gətirmiş, gənc dövləti məhv olmaqdan xilas etmişdir.
Natiq qeyd etdi ki, böyük xilaskarımız Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı.
Bildirildi ki, son 20 ildə ulu öndər Heydər Əliyevin quruculuq və sabitlik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda bütün xalqların və dini konfessiyaların sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün lazımi şərait yaratmışdır. Ölkəmizin inkişafında, milli dəyərlərimizin qorunmasında, eləcə də ulu öndərin zəngin ideya irsinin yaşadılmasında Birinci vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyəti misilsizdir.
Mərasimdə çıxış edən Əməkdar elm xadimi, akademik, Xalq yazıçsıı Kamal Abdulla və Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qeyd etdilər ki, Azərbaycanda dövlətin multikultural ənənələrinin qorunmasında ən vacib məqam milli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə təsbit olunması, o cümlədən Konstitusiyada əks olunmasıdır.
Sonra ulu öndər Heydər Əliyevin Qurtuluş missiyasına həsr edilmiş –ideya müəllifi Əziz Zeynalov, layihə rəhbəri İsmayıl Yaşaroğlu, rejissoru Elnur Abbasov və ssenari müəllifi Telli Əzizova olan “Birlik” filmi tamaşaçılara təqdim olundu. Sonda yaradıcı heyətə rayon rəhbərliyinin hədiyyələri təqdim edildi.
Mərasim Xalq artisti Ağadadaş Ağayevin ifasında ümummilli liderə həsr olunmuş və yüksək dəyər verdiyi mahnılarla davam etdi.
R.TAHİR, “Xalq qəzeti”

