Türkiyənin “Ulusal” kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Türkiyənin “Ulusal” kanalında yayımlanan populyar proqramın bu buraxılışında ulu öndər Heydər Əliyevlə bərabər, onun ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın 100 illik yubileyi də qeyd olunub. Veriliş boyu iki böyük şəxsiyyət haqqında video çarxlar göstərilib.
Proqramın qonağı olan soydaşlarımız – məşhur balabançı Əlixan Səmədov, müğənni Elgün Quliyev, türkiyəli müğənni Kırgız Başar, musiqiçi Günel Şahin Adıgözəl öz ifaları, “Dastanların rəqsi” qrupu isə oyunları ilə verilişə milli ruh və yüksək estetik əhval gətiriblər.
Proqramın müəllifi və aparıcısı telejurnalist, İstanbul Universitetinin doktorantı Səidə Ömər bildirdi ki, Azərbaycan xalqının ümummilli liderinə və dünya şöhrətli oftalmoloquna həsr olunmuş veriliş qardaş ölkədə çox böyük maraqla qarşılandı və sosial şəbəkələrdə də izlənməkdədir.
Mehparə SULTANOVA,
“Xalq qəzeti”
Ankara

