Dünən Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikanın ictimai fəal gəncləri ilə görüşüb.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli 2022-ci ilin dekabr ayından Azərbaycan Respublikası Prezidentinin müvafiq qərarlarından sonra Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayan səlahiyyətli nümayəndəlik institutu barədə məlumat verərək bildirib ki, bu dövlət qurumu ölkənin və muxtar respublikanın həyatında yenilikdir. Bu idarəetmə qurumu mərkəzi hakimiyyəti xalqa daha da yaxınlaşdırmaq, icra proseslərini ahəngdarlaşdırmaq, problemlərin həllini sürətləndirmək məqsədilə yaradılıb. Əhali qrupları ilə hər görüş nümayəndəlik üçün bir ünsiyyət platformasıdır.
Fuad Nəcəfli Azərbaycan Respublikasında müstəqillik illərində aparılan dərin və əhatəli sosial-iqtisadi islahatlardan söz açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin həyat fəlsəfəsi, Onun zəngin ideya irsi Azərbaycan xalqının mənəvi sərvəti, məfkurə proqramıdır.
Bu gün dahi şəxsiyyətin möhkəm təməllər üzərində formalaşan siyasi xətti yaşayır və ölkəmizi davamlı uğurlara qovuşdurur. Uzun müddət münaqişə şəraitində olan qonşu dövlət isə bu gün öz müstəqil siyasətini formalaşdıra, iqtisadi fəaliyyətini qura bilmir. Lakin ulu öndərin siyasi xəttinin nəticəsi olaraq müstəqil Azərbaycan qüdrətli dövlətə çevrilib.
Səlahiyyətli nümayəndə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsindən və qazanılmış tarixi qələbədən bəhs edərkən bildirib ki, bu Qələbədən sonra Azərbaycan və ondan ayrı düşmüş Naxçıvan Muxtar Respublikası üçün böyük perspektivlər açılıb. Bu gün əsas məsələ kommunikasiyaların, nəqliyyat dəhlizlərinin açılması, xalqın daha da firavan yaşamasıdır. Bu gün Heydər Əliyev Fondunun apardığı siyasət də ölkəmizə uğurlar qazandırır. Hər bir prinsipial və fəal mövqeyi olan gənc bütün bu məsələlərdə kənarda qalmamalı,müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və ictimai idealın uca tutulmasına töhfəsini verməlidir.
Səlahiyyətli nümayəndə muxtar respublikada ötən müddət ərzində nümayəndəlik institutunun gördüyü işlərdən və qarşıda duran hədəflərdən də geniş danışıb. Fuad Nəcəfli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb, Dövlət Proqramının qəbul olunmasını muxtar respublikanın hərtərəfli inkişafı ilə bağlı mükəmməl dövlət sənədi adlandırıb və onun icrasında gənclərin fəal iştirakının zəruriliyini vurğulayıb.
Sonra gənclər asudə vaxtın səmərəli təşkili, hərbi-vətənpərvərlik tərbiyəsi, yay düşərgələri, mütəxəssislərin xarici ölkələrdə təhsil və təlim alması, ölkə və beynəlxalq yarışlarda iştirak, rəqəmsallaşma, qrant müsabiqələrində iştitrak, karyera yüksəlişi kimi mövzularda mülahizə və təkliflərini söyləyiblər.
Sonda səlahiyyətli nümayəndə gənclərin suallarını cavablandırıb.
“Xalq qəzeti”

