Prezident İlham Əliyev regionların dinamik inkişafını reallaşdırmaq məqsədilə vaxtaşırı rayonlara səfər edir, yerlərdə investisiyaların qeyri-neft sektoruna, xüsusən də bölgələrin inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə maraqlanır, üzləşilən çətinliklərin aradan qaldırılması üçün icra strukturlarına zəruri tapşırıq və tövsiyələrini çatdırır. Bütün bunlar isə ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradır.
Şübhəsiz ki, müxtəlif vaxtlarda qəbul edilən dövlət proqramları da indiyədək respublikada qeyri-neft sektorunun davamlı yüksəlişinə, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına təkan verib.
Dövlətimizin başçısının rayonlara səfərləri çərçivəsində müxtəlif təyinatlı müəssisələrin açılış mərasimlərindəki çıxışları, imzaladığı sərəncamlar da bölgələrimizə yeni nəfəs gətirməklə yanaşı, yeni imkanlar açıb, rayon mərkəzləri və kəndlərimiz daha da tərəqqi edib, abadlaşıb.
Regionlarda makroiqtisadi sabitliyin qorunması, iş yerlərinin və məşğulluğun saxlanılması, eləcə də inkişafı, büdcə gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və investisiyaların dəstəklənməsi, habelə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində ciddi addımlar atılması da bölgələrdə iqtisadi dinamikaya öz müsbət təsirini göstərib.
Regionlarda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına da prioritet istiqamət kimi yanaşılıb. Buna görə də Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.
Ötən illər ərzində Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılıb. Buna, ilk növbədə, qeyri-neft-qaz sektorunun getdikcə böyüməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsal-emal müəssisələrinin fəaliyyətə başlaması zəmin yaradıb.
Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapıb. Eyni zamanda, qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artıb. Nəticədə həm də emal müəssisələri çoxalıb. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması ilə yanaşı, həm də yeni iş yerləri deməkdir.
Bütün bunlar Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin məntiqi nəticəsidir.
Yeri gəlmişkən, regionlarda investisiya qoyuluşunun diqqətdə saxlanılması da bölgələrin inkişafını sürətləndirir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Twitter” səhifəsində yazdığına əsasən, cari ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz artıb. Bu ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına investisiya qoyuluşu 4,7 milyard manat təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala investisiyaların həcmi 18 milyard 272 milyon manatdan çox olub. Real ifadədə artım 2021-ci illə müqayisədə 5,5 faiz təşkil edib.
Hazırda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün regionlarda güclü iqtisadi potensial mövcuddur və bu məsələ diqqətdə saxlanılır. Bu, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da aydın nəzərə çarpır. Belə ki, həmin sənəddə bölgələrdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını stimullaşdıran layihələrin icrasına üstünlük verilməsi mühüm önəm daşıyır. Şübhəsiz ki, belə bir yanaşma, öz növbəsində, vergi daxilolmalarının artımına öz müsbət təsirini göstərir.
Xatırladaq ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq vergi orqanları tərəfindən gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilmiş sistemli tədbirlər, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması nəticəsində vergi daxilolmaları getdikcə artır.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi respublikada qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergi azad olmaları, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətlənməsində mühüm rol oynayır.
Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert
Regionların inkişafından bəhs edərkən, son illərdə bölgələrimizdə yaradılan sənaye parkları və aqroparkların fəaliyyətinə nəzər salmaq istərdik. Bununla bağlı əvvəlcə onu bildirim ki, Prezident İlham Əliyev çıxışları zamanı daim qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlər səsləndirib və onun önəmini vurğulayıb: “Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunub. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir”.
Dünya təcrübəsi də göstərir ki, sənaye parkları və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi önəm daşıyır. Adları çəkilən təsərrüfat qurumlarının təsis olunması həm də kənd sakinlərinin sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir.
Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var.
Sənaye zonaları və aqroparkların təşəkkülü də belə demək mümkünsə, bax, bu cür əlverişli mühitin məhsuludur. Bu müəssisələrdə sahibkarlar üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati dəstəklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir.
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


