Cari ilin yanvar–aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 179 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Hesabat dövründə Azərbaycan dünyanın 89 ölkəsinə məhsul ixrac edib. Bununla yanaşı, cari ilin ilk 4 ayında respublikamız 165 ölkədən müxtəlif növ mallar idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar–aprel aylarında ölkəmizin xarici ticarət dövriyyəsi 15 milyard 834,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar–aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6 faiz azalsa da, real ifadədə 1,6 faiz artıb. Hesabat dövründə xarici ticarət dövriyyəsinin 10 milyard 536,2 milyon dolları və ya 66,5 faizi ixracın, 5 milyard 297,9 milyon dolları isə idxalın payına düşüb. Bunun da nəticəsində Azərbaycanın xarici ticarət dövriyyəsində 5 milyard 238,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.
Komitə ölkəmizin əsas xarici ticarət tərəfdaşlarının da adlarını açıqlayıb. Belə ki, yanvar–aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 33 faizi İtaliya, 14,5 faizi Türkiyə, 7,8 faizi Rusiya, 4,6 faizi Çin, 3,4 faizi Hindistan, 3,3 faizi Yunanıstan, 3,2 faizi Almaniya, 3,1 faizi İspaniya, 2,9 faizi İsrail, hər biri 2 faiz olmaqla Gürcüstan və Çexiya, hər biri 1,8 faiz olmaqla Rumıniya və Fransa, 1,7 faizi Türkmənistan, hər biri 1 faiz olmaqla Avstriya və İran, hər biri 0,9 faiz olmaqla Qazaxıstan, İrlandiya və ABŞ, 10,2 faizi isə digər ölkələrlə aparılmış idxal-ixrac əməliyyatlarının payına düşüb.
Bu dövrdə Azərbaycanın ixrac əməliyyatlarının yarısından bir qədər az hissəsi (45,9 faiz) İtaliyanın payına düşüb. Bununla yanaşı, ilin ilk 4 ayında ölkəmizdən Türkiyə, Yunanıstan, Hindistan, İspaniya, İsrail, Rusiya, Gürcüstan, Çexiya, Almaniya, Rumıniya, Avstriya, İrlandiya, Sinqapur, İndoneziya, Vyetnam, Fransa və digər ölkələrə də müxtəlif növ məhsullar ixrac olunub. Bununla belə, mövcud ixrac əməliyyatları ölkəmizin iqtisadi potensialını tam əks etdirmir. Məhz buna görə də son illər Azərbaycan özünün ticarət tərəfdaşları ilə bu sahədə əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini artırır. Bu baxımdan dövlət rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də hökumətlərarası iqtisadi komissiyaların birgə iclasları xüsusi əhəmiyyət kəsb edir.
Hesabat dövründə Azərbaycanın idxal əməliyyatları apardığı ölkələrin sırasında birinci yer Rusiyaya (19,6 faiz) məxsus olub. İlk üçlüyü Çin (14,6 faiz) və Türkiyə (14,3 faiz) tamamlayıb. Bununla yanaşı, göstərilən dövrdə ölkəmiz Türkmənistan, Almaniya, Fransa, İran, ABŞ, İtaliya, Qazaxıstan, Yaponiya, Belarus, Cənubi Koreya, Birləşmiş Krallıq, Ukrayna, Hindistan, Braziliya, Polşa və digər ölkələrdən də məhsullar idxal edib.
Azərbaycanda davam etdirilən çevik iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər, eləcə də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının hərəkətə gətirilməsi qeyri-neft sektoruna bir dinamizm, inkişaf gətirib. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizdə qeyri-neft məhsullarının istehsalında artım müşahidə edilir. Bu da ixracın strukturunda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasına səbəb olur.
Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, bu ilin ilk 4 ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə isə 17,5 faiz artaraq 1 milyard 187,2 milyon dollar təşkil edib. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın qeyri-neft məhsulları ixrac edən ölkələrin siyahısında isə ilk yerdə 34,2 faizlə qardaş Türkiyə qərarlaşıb. Sonrakı yerlər Rusiya (24 faiz), Gürcüstan (12 faiz), İsveçrə (4,1 faiz) və Qazaxıstana (2,9 faiz) aid olub. Bununla yanaşı, hesabat dövründə ölkəmizdən Türkmənistan, Ukrayna, İtaliya, Belçika, Özbəkistan, Rumıniya, Almaniya, Çin və Birləşmiş Ərəb Əmirliklərinə də qeyri-neft məhsulları ixrac olunub.
2023-cü ilin yanvar–aprel aylarında ölkəmizdən xaricə təzə meyvə, şəkər, meyvə və tərəvəz şirələri, meyvə və tərəvəz konservləri, kartof, təbii üzüm şərabları və üzüm suslosu, marqarin, qida üçün yararlı digər qarışıqlar, polipropilen, polietilen, emal olunmamış alüminium, mineral gübrələr, pambıq ipliyi, qara metallardan borular, sement klinkerləri, təzə tərəvəz, çay, tütün, bitki yağları, pambıq lifi, qara metallardan çubuqlar, bentonit gili, qara metallardan yarımfabrikatlar kimi mühüm növ məhsullar ixrac olunub.
Hesabat dövründə ölkəmiz xaricdən, əsasən, buğda, xam şəkər, şokolad və şokolad məhsulları, unlu qənnadı məmulatları, quş əti, təzə tərəvəz, mal əti, siqaret, minik və yük avtomobilləri, dərman vasitələri, polad prokatı, hesablama maşınları, blok və qurğuları, qara metallardan borular, rezin şinlər, sintetik yuyucu vasitələr, mebellər, polietilen, mineral gübrələr, paltaryuyan maşınlar, polipropilen, qara metallardan künclüklər, məişət soyuducuları, təzə meyvə, bitki və kərə yağları, digər süd yağları və pastaları, kartof, çay, qara metallardan çubuqlar, məişət kondisionerləri, avtobuslar, sement və digər mallar idxal edib.
Yeri gəlmişkən, Dünya Bankı növbəti iki ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının müvafiq olaraq 2,1 faiz və 2,6 faiz yüksələcəyini proqnozlaşdırır. Heç şübhəsiz, bu amil ölkəmizin xarici ticarət dövriyyəsinin coğrafiyasının və həcminin artmasına səbəb olacaq.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”