Bu il TANAP vasitəsilə Türkiyəyə nə qədər qaz tədarük ediləcək?

post-img

Bu il Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq.

Bunu “Anadolu” agentliyinə müsahibəsində Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov deyib.

Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP qaz kəmərlərinin ümumi investisiya dəyərinin 40 milyard dollar olduğunu vurğulayan səfir R.Məmmədov TANAP istismara verildikdən sonra kəmərlə 46 milyard kubmetr qazın çatdırıldığını bildirib. 22 milyard kubmetr Türkiyəyə, qalan 24 milyard isə Avropaya tədarük edilib.

Statistik göstəricilərə görə, 2022-ci ildə Türkiyəyə nəql olunan Azərbaycan qazının həcmi 8 milyard 705 milyon kubmetr olub. Bu o deməkdir ki, tədarükün həcmində artım 1,5 milyard kubmetr təşkil edib.

R.Məmmədov vurğulayıb ki, TANAP-ın ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması qazın həm Azərbaycandan, həm də digər ölkələrdən Avropa ölkələrinə nəqlinə imkan verəcək.

"Bu, Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq", - deyə səfir bildirib.

Diplomat, həmçinin deyib ki, SOCAR-ın Türkiyənin enerji sektoruna sərmayələri təxminən 20 milyard dollar təşkil edir.

S.ELAY,

"Xalq qəzeti"

İqtisadiyyat