“Qaradağ” GES-də ilk günəş paneli quraşdırılıb

post-img

Energetika naziri Pərviz Şahbazov “Masdar” şirkətinin (BƏƏ) baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə birlikdə gücü 230 MVt olan “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) tikildiyi əraziyə baxış keçirib.

Energetika Nazirliyinin bu barədə yaydığı məlumatda daha sonra adıçə­kilən şirkət tərəfindən sözügedən layihə çərçivəsində GES-in yerləşdiyi ərazidə yolların çəkilməsinin başa çatdırıldığı, günəş panellərinin quraşdırıldığı sahənin hasarlandığı bildirilib. Məlumatda hər iki üzü elektrik enerjisi istehsal edə bilən və hər birinin gücü 545-550 Vt olan 500 min­dən çox günəş panelinin quraşdırılması­nın planlaşdırıldığı, hazırda panellərin tədricən əraziyə gətirildiyi, onların təmiz­lənməsi üçün avtomatlaşdırılmış qurğu­ların sınaqdan keçirildiyi qeyd edilib. Eyni zamanda, 330/35 kV-luq yarımstansiya­nın tikintisinin davam etdirildiyi, tək oxlu günəş izləmə sistemi ilə təchiz olunacaq GES-in cari ilin sonuna qədər istismara veriləcəyi də vurğulanıb.

“Masdar” şirkətinin Mərkəzi Asiya və Rusiya üzrə İnkişaf və investisiya de­partamentinin rəhbəri Məryəm Rəşid Əl Məzrui bir müddət bundan əvvəl mətbua­ta verdiyi açıqlamada “Qaradağ” GES-in 110 mindən çox evin tələbatını qarşıla­yacağını, karbon qazı tullantılarını isə il ərzində 200 min tondan çox azaldacağını bildirib. Şirkət nümayəndəsinin sözlərinə görə, “Masdar” Azərbaycanda alternativ enerji sahəsində böyük layihələrin hə­yata keçirilməsində fəal iştirak edir. Bu, cari il yanvarın 15-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivə­sində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası SOCAR ilə adıçəkilən xa­rici şirkət arasında imzalanan sazişlə öz təsdiqini tapıb. 

“Qaradağ” GES-in tikilməsi, həm də Azərbaycanın bərpaolunan enerji sahə­sində zəngin potensiala sahibliyinin göstəricisidir. Quruda 27 giqavatt (günəş və külək enerjisi), dənizdə isə 157 giqa­vatt enerji potensialının mövcudluğu bu­nun bariz ifadəsidir. 

ADA Universitetinin təşkilatçılığı ilə mayın 3-də Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü bey­nəlxalq konfransda bərpaolunan enerji ilə bağlı məsələyə münasibət bildirən Prezident İlham Əliyev deyib: “İstər hidro, istər külək enerjisi sahəsində həm Gür­cüstanda, həm də Azərbaycanda, o cüm­lədən Qarabağda böyük potensial var. Artıq dediyim kimi, biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpaolunan enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalamışıq. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzində planlaş­dırırıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq”.

Dövlətimizin başçısının diqqətə çat­dırdığı bütün bu fikirlər Azərbaycanın Avropa üçün vacib “yaşıl enerji” təchizat­çısına çevrilməsi yolunda atdığı uğurlu addımlardan xəbər verir. 

Bu məqamda onu da xatırladaq ki, respublikamızda iqtisadi cəhətdən əlve­rişli və texniki baxımdan istifadəsi müm­kün güclü bərpaolunan enerji mənbələri hesabına yeni elektrik stansiyalarının istifadəyə verilməsi nəticəsində hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsa­lı gücü 7953,9 meqavata çatıb. Bununla da ötən illə müqayisədə 392,4 meqavat və ya 4,9 faiz artım yaranıb.

Hazırda respublikamızda elektroe­nergetika sistemində ümumi gücü 6642 meqavat olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 meqavat olan 30 su elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiya­sı, 63,3 meqavat gücündə 4 külək elekt­rik stansiyası, ümumi gücü 46,1 meqavat olan 8 günəş elektrik stansiyası və ümu­mi gücü 7,4 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyala­rının gücü 1311,9 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 faizini təşkil edir. 

Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan enerji mənbələrinə əsasən formalaşa­caq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləş­dirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Azərbaycanın bərpaolunan ener­ji mənbələrindən əldə etdiyi elektrik enerjisinin ixracı və bunun üçün yeni texnologiyaların tətbiqi, eyni zaman­da, bu sahədə təcrübə mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislə­rin vaxtaşırı müxtəlif beynəlxalq təd­birlərdə iştirakı, ölkəmizin əldə etdiyi təcrübə bu məqsədin reallaşmasında mühüm rol oynayır. 

Prezident İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün hə­yata keçirdiyi siyasət, uzaqgörən si­yasi qərar və qətiyyətli addımların ar­dıcıllığı, bir-birini tamamlaması nəinki Azərbaycanın eyni zamanda, tərəf­daşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl enerji”yə problem­siz keçidə təminat yaradır.

Dövlətimizin başçısının müxtəlif müzakirələrdə diqqətə yönəltiyi bərpa­olunan enerji potensialının reallaşdırıl­ması ilə bağlı bir məqamı xatırlatmaq istərdim. Əvvəlcə onu deyim ki, ötən ilin dekabrında Buxarestdə Azərbay­can, Gürcüstan, Macarıstan və Ru­mıniya tərəfindən Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötü­rülməsinə dair saziş imzalanıb. Həmin saziş əsasında Azərbaycandan Avro­paya dənizdəki külək enerjisi stansi­yalarından ötürmə xəttinin çəkiləcəyi təsdiqlənib. Bu ötürmə xəttinin bir his­səsinin Qara dənizin dibi ilə gedəcəyi qərara alınıb. Bununla bağlı hazırda respublikamızda texniki əsaslandırma prosesinə başlanılıb. 

Ötən müddətdə Azərbaycan dün­yanın bir neçə aparıcı enerji şirkəti ilə müqavilə və anlaşma memoran­dumları imzalayıb. Bunun nəticəsin­də respublikamızda Günəş və külək enerjisindən 25 qiqavat həcmində “yaşıl enerji” əldə olunacağı proqnoz­laşdırılıb.

Respublikamızda bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində icra olunan layihələr xüsusilə diqqət çəkir. Son dövrlərdə “Masdar”, “ACWA Power” və “Fortes­cue Future Industries” şirkətləri ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərini imzalan­ması bunun bariz ifadəsidir. 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji poten­sialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş ərazilər və Naxçıvan “yaşıl investisiya” üçün ən cəlbedici məkanlardır.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat