Xəzər dənizinin Azərbaycan sektorunda ötən əsrin ikinci yarısında aparılmış kəşfiyyat-qazma işləri nəticəsində bir sıra perspektivli sahələr aşkar edilib. Ötən müddətdə həmin sahələrdə kəşfiyyat-qazma işləri aparılıb, ölkəmizin neft-qaz sənayesi üçün son dərəcə əhəmiyyət kəsb edən yeni yataqlar açılıb.
Bununla belə, bəzi strukrurlarda ilkin kəşfiyyat işləri lazımi nəticələr verməsə də, geoloqlarımız, necə deyərlər, ümidini itirməyiblər. Məhz onların təkidi sayəsində həmin strukturlarda sonradan davam etdirilən kəşfiyyat-qazma işləri uğurla nəticələnib. “Abşeron” perspektivli strukturu da belə bir aqibətlə üzləşib. Belə ki, adıçəkilən strukturda aparılan ilkin kəşfiyyat işləri uğursuz nəticələnsə də, Azərbaycan geoloqlarının bununla bağlı fikirləri həmişə ümidverici olub. Sevindirici haldır ki, geoloqlarımızın ümidləri özünü doğruldub və “Abşeron” yatağının karbohidrogen ehtiyatları ilə zənginliyi tam sübuta yetirilib.
Artıq “Abşeron” yatağından ilkin qazın hasilatı ilə bağlı bütün planlar həyata keçmək üzrədir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 11-də “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul etməsi də bunu deməyə əsas verir. Belə ki, görüşdə SOCAR ilə “Total Energies” arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Bununla yanaşı, Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub.
Qəbul zamanı Nikolas Terraz “Total Energies” şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq ölkəmizdəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirib. Söhbət zamanı, həmçinin ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə bərpaolunan enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildiririk ki, “Abşeron” yatağı ötən əsrin 60-cı illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib. O zaman mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərinə imkan vermədiyindən yatağın istismarı mümkün olmayıb. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verilib. Bununla belə, Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri “Abşeron” yatağında məhsuldar layların olması ilə bağlı fikirlərində israrlı idilər. Eyni zamanda, xarici tərəfdaşlar da burada kifayət qədər karbohidrogen ehtiyatlarının olmasına inanırdılar.
Məhz bu inamın nəticəsi olaraq 2009-cu il fevralın 27-də Azərbaycan Dövlət Neft Şirkəti ilə “Total” şirkəti arasında “Abşeron” yatağı üzrə yeni müqavilə imzalanıb. 2015-ci ildə isə “SOCAR” və “Total” birgə “JOCAP” (Joined Operating Company Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub.
Müqavilənin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 747 kvadratkilometr ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il sentyabrın 9-da mətbuata verdiyi açıqlamasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi münasibətilə xalqımızı təbrik edərək deyib: “Doğrudan da bu, böyük hadisədir. “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir. Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək”.
2020-ci il sentyabrın 19-da “Abşeron” qaz-kondensat layihəsinin reallaşdırılması istiqamətində mühüm hadisə baş verib. Həmin gün Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Xatırladaq ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir.
Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir. Elə bu zənginliyinə görə də “Abşeron” yatağının bir neçə mərhələdə işlənməsi nəzərdə tutulur. Yatağın işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti illərdə isə burada illik hasilatın ən azı 4 milyard kubmetrə qədər artırılacağı gözlənilir. Bütövlükdə isə, yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın dediyinə görə, 2015-ci ilin noyabrında təsdiq edilmiş “Abşeron” yatağının birinci işlənmə mərhələsi layihəsinə əsasən il ərzində hasil olunacaq 1,5 milyard kubmetr həcmində qazın hamısının daxili bazara tədarükü planlaşdırılır. Layihə çərçivəsində hasil olunan kondensat isə “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəməri vasitəsilə dünya bazarlarına göndəriləcək. İkinci mərhələdə çıxarılacaq qazın isə hamısı ixraca yönəldiləcək.
Yeri gəlmişkən, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu yaxınlarda açıqladığı hesabatında bildirilir ki, “Şahdəniz” və “Abşeron” yataqları 2023-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatının artımının təkanverici qüvvələri olacaq. Hesabatda qeyd olunur ki, Azərbaycanın köhnə yataqlarında hasilatın əsas azalmasının digər yataqlar hesabına kompensasiya olunacağı gözlənilir. Bu artımın isə, əsasən, “Şahdəniz” və “Abşeron” yataqları hesabına baş verəcəyi proqnozlaşdırılır. Göründüyü kimi, “Abşeron” yatağının karbohidrogenlərlə zənginliyi artıq beynəlxalq səviyyədə də qəbul olunur.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

