Asiya İnkişaf Bankı (AİB) gələn il Azərbaycanla 2024-2028-ci illəri əhatə edəcək yeni tərəfdaşlıq strategiyasını həyata keçirməyə başlayacaq.
AİB-dən vurğulayıblar ki, Azərbaycan hökumətin 10 illik “Azərbaycan 2030: Milli Sosial-İqtisadi İnkişaf” inkişaf strategiyasına uyğun olaraq dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına, inklüziv cəmiyyətin qurulmasına, insan kapitalının təkmilləşdirilməsinə, “yaşıl” inkişafa doğru irəliləməyə və infrastrukturun təkmilləşdirilməsinə sadiqdir.
Bu günə qədər AİB Azərbaycana dövlət sektoruna 67 kredit və ümumi məbləği 3,7 milyard ABŞ dolları olan texniki yardım və qrant təqdim edib. Azərbaycana kredit ödənişlərinin ümumi məbləği 3,96 milyard ABŞ dolları təşkil edir. Onlar müntəzəm və güzəştli adi kapital resursları hesabına maliyyələşdirilirdi. AİB-nin Azərbaycandakı cari suveren portfelinə 565,2 milyon ABŞ dolları məbləğində 1 kredit və 1 suveren zəmanət daxildir.
“Xalq qəzeti”

