Franko əfsanəsi və ya “Yaşasın İspaniya!”

post-img

“Franko bizimlə deyil, amma o, görünməyəcək tərzdə yanımızdadır. Fiziki cəhətdən yoxdur, çünki həyatdan köçüb. Biz görmədiyimizə və eşitmədiyimizə baxmayaraq, onun kollektivlik anlayışı bizi birləşdirir”. Bunlar Fransisko Franko Fondunun saytında yazılıb. Amma fikri bölüşənlərin sayı durmadan artmaqdadır. Görünür, nəinki İspaniyanı, ümumən Avropanı son illərdə bürümüş böhran fərqli baxışlara yol açdığından, belə deyimlər daha çox gündəmə gələcək. Həm də ona görə ki, insan naturası əksər hallarda yaxşılıqları xatırlayandır.

“Frankonun hakimiyyəti illərində iş­sizlik problemi yox idi. O, səhiyyə sis­temini yaratmışdı, pensiya təminatını gücləndirmişdi. Bizə onunla daha yaxşı idi, nəinki indiki hakimiyyətlə” – ölkənin yaşlı təbəqəsi bu cür düşünür. Gənc­lik isə Frankonu milli ideyaya çevrilmiş şüarı ilə xatırlayır: "İspaniya hər şey­dən üstündür!".

İspaniyanın əfsanəvi lideri, XX əsr tarixi şəxsiyyətləri sırasında yer alan, bütün tarixi simalar kimi haqqında zid­diyyətli fikirlər dolaşan Fransisko Ba­amonde Franko və ya qısaca Franko 1892-ci ildə hərbçi ailəsində doğulub. Yəqin nəsli bağlılığa görədir ki, 1907-ci ildə Toledo şəhərindəki hərbi aka­demiyaya daxil olub. Bu ali məktəbdə keçirdiyi illər xarakterinin formalaşma­sına böyük təsir göstərib. Çox hündür olmayan boyu, yüksək, xoşagəlməz səsi ilə fərqlənib. Hər zaman ambisiya­lı danışmağı sevib ki, bu da bəzən onu kadetlərin arasında gülüş hədəfinə çe­virib. Amma məhz həmin vaxt Fransis­ko cavab verməyi, təkcə güc ilə deyil, ruhən qələbə qazanmağı öyrənib. Son­ralar bu keyfiyyətinə diqqət yetirən Hit­ler deyəcəkdi ki, Franko ilə ünsiyyətdə olmaq, bir gündə bir neçə dişini çıxar­dacaq diş həkimi ilə görüşə getməkdən qat-qat pis təəssürat yaradır.

Akademiyadakı təhsilini başa vur­duqdan sonra Fransisko ölkənin Məra­keşdəki legionuna təyinat alır. Bu hərbi birləşmədə soyuqqanlılığı ilə ad çıxarır və döyüşlərin birində ağır yaralanır. Franko xatirələrində bildirir ki, məhz Afrika təcrübəsi onu rəhbər edib. Haqlı idi, çünki müharibə ona sərt nizam-in­tizamı, qətiyyəti və inadkarlığı öyrədir.

34 yaşında Franko briqada generalı olur. 1928-ci ildə isə Saraqosadakı hər­bi akademiyaya direktor təyin olunur. Həmin vaxtlarda İspaniyada ikinci res­publika qurulur. Fransisko bu hadisə­ni kursantlar qarşısındakı çıxışında sərt tənqid edir və buna görə də işdən uzaqlaşdırılır. Yeni prezident Kaseras Kiroqanın hərbi məsələlər üzrə müşa­viri vəzifəsinə təyinat almaq üçün ona bir il gözləmək lazım gəlir.

Respublikaçılarla Frankonun fikir birliyi yalnız ölkənin ərazi bütövlüyü məsələsində üst-üstə düşür və təcrü­bəli hərbi rəhbər kimi o, 1934-1936-cı illərdə Asturiya və Kataloniyadakı separatçılıq meyillərini məhv edir. Bu xidmətlərinə görə baş qərargahın rəi­si vəzifəsinə irəli çəkilir. Amma 1936-cı ildə prezident Kiroqa ölkədə hərbi çevrilişin hazırlandığına dair xəbər alır və Frankonu uzağa – Kanar adalarına göndərir. Sonradan müəyyənləşir ki, Fransisko Kanar adalarında olarkən də 1936-cı il iyulun 17-dən başlanan hərbi çevrilişin rəhbərlərindən biri kimi öz işini görürmüş. Həmin vaxt o, Kanardan Mərakeşə gedir və doğma legionunun başına keçərək, Madridə doğru hücuma başladığını bəyan edir. Həmin dövrdə Frankonun üsyanını Va­tikan da dəstəkləyirdi. Çünki, o, Roma katolik kilsəsinin ali zümrəsində təmsil olunurdu.

Beləcə 600 min insanın ölümü ilə nəticələnmiş vətəndaş müharibəsi başlayır. Franko tezliklə üsyana tam rəhbərliyi əlinə keçirir. Bu müddətdə, o, Hitlerin simasında Almaniyadan, İta­liyada isə Benito Mussolinidən dəstək alır. Almanların hərbi köməyi öz sözü­nü deyir. Generalissimus rütbəsini al­dığı vaxtlarda Franko sağ partiyaların blokuna qoşulur və 1938-ci ilin yan­varında dövlətin və hökumətin başçısı olur. 1939-cu il aprelin 1-də ölkədəki vətəndaş müharibəsi başa çatdıqdan sonra dəmir əllərə malik Fransisko se­paratizm və kommunizm meyillərini də boğur. 

1947-ci ildə İspaniyada keçirilmiş referendum Frankonu ölkənin ömür­lük dövlət başçısı elan edəndə cəmi 45 yaşında idi. O, təkpartiyalı sistem­dən – İspaniya Falanqasından ibarət, sağ mühafizəkar ideyalarla cilalanmış hökumət qurur. Ümumən monarxist baxışlı katolik etiqadına məxsus rəh­bər xalqın qayğısına qalmağın lazım olduğunu dərk edirdi. Buna görə komp­leks səciyyə daşıyan sosial layihələr reallaşdırır, əhalinin pensiya və sosial təminatını nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır, xüsusən də səhiyyədə ciddi islahatlar həyata keçirir.

İkinci Dünya müharibəsindən son­ra nasist Almaniyası ilə dostluğa görə ölkənin izolyasiya prosesi tezliklə ara­dan qalxır. Bu, "soyuq müharibə"nin başlanması ilə bağlı olur. Franko SS­Rİ-nin və kommunizmin Avropaya tə­sirini aradan qaldıran yeganə qüvvə rolunu oynayır. 1959-cu ildə o, ABŞ Prezidenti Duayt Eyzenhauerlə Bir­ləşmiş Ştatların ölkəsində hərbi baza­larının yerləşdirilməsi barədə razılığa gəlir. Nəticədə İspaniyaya xarici kapital axını da baş verir. Ötən əsrin 60-cı illəri ölkədə iqtisadi bum dövrü kimi xarak­terizə olunur. Məhz həmin müddətdə İspaniyada orta sinif formalaşdırılır. Ölkə uzun müddət inkişaf tempinə görə yalnız Yaponiyadan geri qalır və çiçək­lənməkdə olan Avropa ölkəsinə çevrilir.

Amma ölkədə Frankonun yerinə tamam başqa baxışları olan insanlar yetişirdi. İspan cəmiyyətindəki liberal­laşma meyilləri onun sistemini çökdü­rürdü. ETA və digər terrorçu təşkilatla­rın üzvlərinin ard-arda ölüm hökmünə məruz qoyulması isə Avropada narazı­lıqlar doğurur. Hətta vəziyyət o həddə çatır ki, Roma papası VI Pavel də özü­nün sadiq oğlu və davamçısı saydığı adamı lütf göstərməyə çağırır. 1975-ci ildə Avropanın 15 ölkəsi İspaniyadakı səfirlərini geri çağırır. Portuqaliyada İs­paniya səfirliyinə hücum olur. Avropa­nın müxtəlif yerlərində Frankoya qarşı nümayişlər keçirilir. Bu durumda ağır parkinson xəstəliyindən əziyyət çəkən Franko xalqa müraciət edərək “mənə inanın, siyasətə baş qoşmayın!” çağı­rışları edir. Amma siyasət və xəstəlik onu yorğun salmışdı. Alınmırdı…

Franko yeni monarxın xeyrinə siya­si vəsiyyətnamə yazır və 1969-cu ildə könüllü şəkildə hakimiyyəti şahzadə Xuan Karlosa təhvil verir. Bu, monarxi­yanın rəsmi surətdə bərpası anlamına gəlir. Fransisko uzun sürən xəstəlik hə­yatından sonra 20 noyabr 1975-ci ildə Madriddə dünyasını dəyişir. Ölümün­dən bir neçə saat əvvəl yazdığı vəsiy­yətində isə ispanlara müraciət ünvan­layır, onlardan bağışlanılmasını istəyir və izah edir:

"Ömrümün ən son anına, axırıncı nəfəsimədək sevdiyim İspaniyaya xid­mət etməkdən başqa istəyim olmayıb. Mənimlə birgə böyük entuziazmla va­hid, azad İspaniya uğrunda sadiqliklə, mətanətlə işləyən hər kəsə öz təşək­kürümü bildirmək istəyirəm. Yaddan çıxarmayın ki, sivilizasiyanın və xristian İspaniyasının düşmənləri səngimək bil­mir. İspaniyanın onun vahidlik mənbəyi rolunu oynayan regionlarının müxtə­lifliyini, torpaqlarının birliyini qoruyun. İstərdim ki, son anlarımda Tanrının adını İspaniyanın adı ilə birləşdirim. Si­zinlə qucaqlaşıb ölüm anımda sonuncu dəfə qışqırmaq istəyirəm: İspaniya! Ya­şasın İspaniya!"

R.AMİN

Sosial həyat