Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il ümumi daxili məhsul (ÜDM) 4,6 faiz artaraq 133,8 milyard manat, qeyri-neft-qaz sektorunda isə 9,1 faiz artaraq 69,8 milyard manat təşkil edib. ÜDM-in tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə əhəmiyyətli artım qeydə alınıb. Hesabat dövründə dövlət büdcəsinə vergi daxilolmaları 82 faiz artıb və 15,5 milyard manat təşkil edib.
Ekspertlərin fikrincə, vurğulanan sonuncu göstəricilər müstəqilliyimiz dövründə olan mütləq rekord məbləğdir. Hökumət tərəfindən müəyyənləşdirilən bir sıra fiskal imtiyazlar və güzəştlər fonunda belə nəticələrin əldə edilməsi müsbət bir haldır. Ən sevindirici hal isə ondan ibarətdir ki, ödənilən vergilərin, xüsusilə qeyri-neft sektorunda 80 faizdən çoxu özəl sektorun payına düşür.
Keçən il ərzində qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcminin 14 faiz artması, əsas kapitala yönəldilmiş investisiyaların 70 faizinin bu sahəyə yönəldilməsi ölkədə sahibkarlığın inkişafının real göstəricisidir.
Həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ümumi daxili məhsulda payı 81 faizə, məşğulluqda isə 77 faizə çatıb.
Qeyri-neft-qaz sektorunun dinamik inkişafı ixrac prosesinə də müsbət təsir göstərib. Belə ki, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracı 12,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz artıb. 2023-cü ilin dörd ayında yeyinti məhsulları üzrə ixrac 236,2 milyon ABŞ dollarına bərabər olub. Cari ilin yanvar-aprel ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6 dəfə, şəkər ixracı 27,6 faiz artıb.
Yuxarıda vurğulanan rəqəmlər iqtisadi sahədə qazanılan uğurların miqyasını və əhatəsini əyani şəkildə göstərir. Lakin bu gün mürəkkəb və volatil mühitə baxmayaraq ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artımın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası üzrə təmin edilməsi qarşıda mühüm vəzifə kimi durur. Davamlı artım drayverlərinin fəallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına sürətlə reinteqrasiyası rəqabətqabiliyyətli iqtisadi artımı şərtləndirir.
Bu prosesdə rəqəmsal ekosistemin, sahibkarlıq mühitinin, insan kapitalının inkişafı kimi məsələlər də diqqət mərkəzində dayanır. O cümlədən, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi, yeni alətlərin tətbiqi sahibkarlığın inkişafına yeni töhfələr verir. Sənaye zonalarının rezidentlərinin sayının artması, biznesin güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni fiskal güzəştlər, ixrac və investisiyaların təşviqi üçün imtiyazlar və digər məsələlər də bu baxımdan mühüm önəm daşıyır.
Özəl sektora göstərilən dəstək mexanizmləri ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi dəyər zəncirinə reinteqrasiyası və Naxçıvanın iqtisadi potensialının yüksək səviyyədə reallaşdırılması da respublikamızda iqtisadi artıma müsbət təsir göstərəcək. Qarabağda özəl sektorun fəaliyyətinin genişlənməsi isə həm məşğulluğun həcminə, həm də işğaldan azad edilmiş ərazilərimizin bərpasının sürətlə yekunlaşmasına böyük töhfə verəcək.
Hazırda hökumət sahibkarları və investorları Qarabağa investisiya yatırmağa maraqlandırır. Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin olunur. Araz Vadisi İqtisadi Zonası və Ağdam sənaye parklarında sahibkarlar üçün əlverişli şəraitin yaradılması, bu müəssisələrdə fəaliyyət göstərən iş adamlarına müxtəlif güzəştlər edilməsi də bunun bariz ifadəsidir.
Bütün bunlar sahibkarlığın yaxın gələcəkdə yeni bir mərhələyə daxil olacağını deməyə əsas verir. Bu, Azərbaycan Respublikasının 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında da bildirilir. Həmin sənəddə qarşıdakı 10 il ərzində özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılacağı, sahibkarlıq fəaliyyəti üzərində izafi tənzimləmənin tam optimallaşdırılacağı gözlənilir.
Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert
Dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən milli prioritetlər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da yüksəlib. Qarşıdakı illərdə Azərbaycan hökumətinin əsas məqsədi qeyri-neft sektorunu dinamik inkişaf etdirməklə, bu sahəyə investisiya qoyuluşunu artırmaqla bağlıdır. Məlumdur ki, bizim əsas neft yataqlarımız artıq hasilatın azalması mərhələsindədir. Doğrudur, qaz yataqlarında hasilatın növbəti illərdə getdikcə artacağı da gözlənilir.
Buna baxmayaraq, ölkəmizin dayanıqlı inkişafını məhz qeyri-neft sektorunun yüksəlişi şərtləndirəcək. Sahibkarlıq, o cümlədən mikro, kiçik və orta biznes respublika rəhbərliyinin davamlı qayğısı və yeni stimullarla daha yüksək nailiyyətlər əldə edəcək.
Fikrimcə, növbəti illərdə əsas məqsəd qeyri-neft sektorunda istehsal olunan məhsulun ixracı ilə bağlı olmalıdır. Çünki ixrac edilə bilən məhsul əgər regional və qlobal bazarlarda rəqabətlidirsə, deməli, bu məhsul asanlıqla öz yerini Azərbaycan bazarında da tapacaq.
Onu da qeyd edim ki, 2016-2022-ci illər ərzində 470-dən çox sahibkarlıq subyektinə 570-dən artıq investisiya təşviqi sənədi verilib, sahibkarların həyata keçirdikləri layihələr nəticəsində 5,5 milyard manatdan çox investisiya yatırılıb, 38 minədək yeni iş yeri yaradılıb. Layihələrin 14 faizi Bakı şəhəri və ətraf qəsəbələrin, 86 faizi isə regionların payına düşüb.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən özəl sektorun inkişafına yönəldilən son bir ildəki maliyyə həcmləri də diqqət çəkir. Belə ki, hesabat dövrü ərzində verilmiş güzəştli kreditlərin məbləğinin 69,7 faizi regionların payına düşür. Həmçinin regionlarda bizneslərin dayanıqlılığının artırılması və sahibkarlıq mühitinin təşviqi prioritet istiqamətlər sırasında dayanır.
Əminliklə deyə bilərəm ki, bu istiqamətdə həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini verib. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 55 faizdən çox artıb və 52,6 milyard ABŞ dolları, ixrac isə 71,8 faiz artaraq 38 milyard dollardan çox olub. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində gerçəkləşdirilən layihələr sayəsində isə 2022-ci ildə qeyri-neft məhsullarının ixracı 12,3 faiz artaraq 3 milyard dollardan çox təşkil edib.