Qara dənizdən Avropaya yeni enerji marşrutu

post-img

Son illər dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçidə maraq xeyli artıb. Məlum olduğu kimi, hazırda dünyada enerji istehlakının 17,9 faizi bərpaolunan enerji mənbələrinin payına düşür. Artıq bu sahə neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin ölkələrin belə, enerji sahəsində dövlət siyasətinin tərkib hissəsinə çevrilib. 

Bunun nəticəsidir ki, bərpaolunan enerji mənbələrinin energetika sekto­runda payı getdikcə artır. Hətta bir sıra ölkələr 2035–2050-ci ilə qədər mədən yanacaqlarından tamamilə imtina etmə­yi və “yaşıl enerji”dən istifadəyə keçmə­yi planlaşdırırlar. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olun­muş ərazilərin “yaşıl enerji” məkanına çevrilməsi ölkəmizin enerji siyasətində prioritetdir. 

Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında iri su elektrik stan­siyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 17 faiz təşkil edir. Bu da 1278 meqavat elektrik ener­jisi deməkdir. Yeri gəlmişkən, 2023-cü ilin yanvar-mart aylarında ölkəmizin su elektrik stansiyalarında 277,9 milyon ki­lovat-saat, külək elektrik stansiyalarında 15,5 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 13,4 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılma­sı Zavodunda isə 62 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Azərbaycanın enerji ehtiyatları ilə zənginliyi bütün dünyada qəbul olunur. İndi bir sıra Avropa ölkələri özünün enerji təhlükəsizliyinin təminatı üçün Azərbay­canı əsas tədarük bazası kimi görürlər. Elə bunun nəticəsidir ki, uzun illərdir ölkəmizin karbohidrogen ehtiyatları məhz bu istiqamətə axır. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dör­düncü beynəlxalq konfransda da Azər­baycanın “yaşıl enerji” ilə bağlı planları­nın bəzi məqamlarına bir daha nəzərə salınıb, bir sıra mühüm mesajlar verilib. 

Şuşa konfransında ABŞ-ın Hərbi Də­niz Donanması Ali Məktəbinin professo­ru Brenda Şaferin Azərbaycanın enerji siyasəti ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev bildirib ki, ehtiyat­lara malik olub, onları nəql etmək imka­nımızın olmamasındansa, yaxşı olar ki, potensialımız olsun və biz ondan tam şə­kildə istifadə etməyək. Dövlətimizin baş­çısı sözünə davam edərək deyib: “Qara dəniz kabeli ilə bağlı ilkin hədəf 1 qiqa­vat idi, Azərbaycan layihəyə qoşulanda biz onu 4 qiqavatadək artırdıq. Çünki biz Azərbaycanda 25 qiqavat günəş və külək enerjisi istehsal olunması ilə bağlı artıq beynəlxalq şirkətlərlə müqavilələr və anlaşma memorandumları imzalamı­şıq. Beləliklə, 25 qiqavat burada, Xəzər dənizində, quruda istehsal olunacaq və bizim tutuma, ötürməyə ehtiyacımız var. Əgər hər kəs bizim bu gün nələri təşviq etdiklərimizə qulaq asdısa, düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi daha yaxşı qorunacaq”.

Məlum olduğu kimi, Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi ilə bağlı layihənin reallaşdırılması regionda və Avropada yeni əməkdaşlıq mühitinin formalaşmasına səbəb olub. Bu, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötü­rülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasından sonra mümkün olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Şuşa konfran­sında qeyd etdiyi kimi, artıq dörd ölkə­nin–Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş for­mat yaradılıb: “Həmin layihənin Məşvərət Şurasının ilk iclası fevralda Bakıda, ikinci toplantısı isə bu yaxınlarda – ötən ay Tbi­lisidə keçirilib. Biz bu layihəyə daha bö­yük perspektivdən baxırıq və onu sadəcə “Qara dəniz kabeli” kimi deyil, Xəzərdəki külək enerjisi stansiyalarından Avropaya enerjini ötürən vasitə kimi qəbul edirik. Həmin layihə bütövdür və Cənub Qaz Dəhlizindən fərqlənir, çünki Dəhliz bir-bi­ri ilə bağlı üç müstəqil boru kəmərindən ibarət olan hissəli layihədir”–deyə dövlə­timizin başçısı bildirib. 

Əməkdaşlıqdan söhbət düşmüş­kən, Gürcüstanın “Geocase” təşkilatının sədri Viktor Kipiani konfransda regional əlaqələrin genişləndirilməsində növbəti mərhələ baxımından hər hansı transsər­həd layihənin uğur modeli üçün müstəs­na əhəmiyyət kəsb edən Azərbaycan ilə Gürcüstan arasında ortaya çıxan məhsuldar əməkdaşlığın hansı forma­da davam edəcəyi ilə bağlı sual ünvan­layıb. Prezident İlham Əliyev hazırda mənbədən ümumiləşdirilmiş layihələrə keçməklə bağlı mövcud situasiyaya toxu­naraq deyib: “Bu halda mənbə, həmçinin Gürcüstanda olacaq və oradan yekun istiqamətlərə gedəcək. Bu cür rəsmi əməkdaşlığa başladıqdan sonra biz Av­ropanın layihəyə qoşulmaq istəyən bir sıra digər ölkələrindən bəzi mesajlar al­mağa başladıq. Beləliklə, düşünürəm ki, layihə qlobal xarakter ala bilər...Avropa İttifaqı bunu qəti şəkildə dəstəkləyir və həmin dəstək nikbinliyimizi artırır. Çünki Avropa Komissiyasının sədri xanım Ur­sula Fon der Lyayen ötən ilin dekabrında Buxarestdə imzalanma mərasiminin şa­hidi oldu. Bir sözlə, onun iştirakı Avropa İttifaqının layihədə ciddi şəkildə iştirak edəcəyindən xəbər verir. Bu, ola bilsin, gələn onilliklərin layihəsidir, çünki istər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən, Qarabağda böyük potensial var”. 

Qara dənizin dibi ilə kabelin çəkilmə­si başa çatana qədər isə ölkəmiz “yaşıl enerji” istehsalını təmin etməlidir. Şuşa konfransında dövlətimizin başıçısı Azər­baycanın “yaşıl enerji” ilə bağlı potensi­alının hərəkətə gətirilməsi istiqamətində görülən işlərdən bəhs edərək bildirib ki, ötən müddətdə 25 qiqavat enerjini isteh­sal etmək məqsədilə bərpa edilən enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalanılıb. “Hazırda onun təxminən 500 meqavatı üçün ti­kinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzində planlaş­dırırıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq”, – deyə Prezident İlham Əliyev fikrini tamamla­yıb.

Göründüyü kimi, Azərbaycan Avropa­nın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi ilə bağlı mühüm işlər görür. Bu istiqamətdə birgə əməkdaşlığın isə Azərbaycan iqti­sadiyyatına çox böyük fayda gətirəcəyi şəksizdir.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat