Cari ilin yanvar–aprel aylarında Azərbaycanda əsas kapitala 4 milyard 580 milyon manat və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə neft-qaz sektoruna investisiyalar 25,8 faiz, qeyri-neft-qaz sektoruna investisiyalar isə 18,5 faiz artıb. İlin ilk dörd ayında istifadə olunmuş vəsaitin 2 milyard 620,2 milyon manatı və yaxud 57,2 faizi məhsul istehsalı sahələrinə, 1milyard 702,5 milyon manatı və yaxud 37,2 faizi xidmət sahələrinə, 257,3 milyon manatı və yaxud 5,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 344 milyon manatını (73 faiz) daxili vəsaitlər təşkil edib, 3 milyard 252 milyon manatı (71 faiz) isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Komitənin məlumatında daha sonra bildirilir ki, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 47,1 faiz, büdcə vəsaitləri 36,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, bank kreditləri 3,7 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil edib.
“Xalq qəzeti”

