Orta Dəhliz Qərbi Şərqə qovuşdurur

post-img

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfransın açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ötən il Azərbaycan ərazisindən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) vasitəsilə tranzit yükdaşımaların həcminin 75 faizə çatdığını, eyni zamanda, bu rəqəmin sürətlə yüksəldiyini bildirib. 

Nazir, həmçinin Orta Dəhlizin hazır­da rolunun daha böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq Azərbaycanın düşməndən təmizlənən ərazilərində is­tifadəyə verilən beynəlxalq hava liman­larının bu istiqamətdə önəmli rol oyna­dığını, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra isə regionun tran­zit potensialının daha da güclənəcəyini diqqətə çatdırıb. “Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, regionun digər ölkələri üçün də bir çox üstünlük­ləri var”, – nazir əlavə edib. O, bu dəh­lizin yüklərin daha sürətli daşınmasını təmin edəcəyini, tranzit üçün ən əlveriş­li yol olacağını, infrastrukturun regionun bütün ölkələrinin, o cümlədən Ermənis­tanın faydalana biləcəyini də söyləyib. 

Qeyd edək ki, Transxəzər Bey­nəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşu­lub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılaraq “vahid pəncərə” prinsipi tətbiq olunur.

Yeri gəlmişkən, burada bir məsələ­ni də qeyd etmək istərdik. Azərbaycan Çinlə Avropa İttifaqı (Aİ) arasında ən önəmli nəqliyyat qovşağına çevrilməklə yanaşı, bütün bölgənin iqtisadi inkişa­fını şərtləndirəcək yeni layihəyə başla­yıb. Belə ki, Qazaxıstandakı “Kaşağan” yatağından ilk test xam neft partiyası Xəzər dənizindən keçməklə Aktau–Bakı marşrutu ilə daşınıb. Daşınma “Azər­baycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademk Xoşbəxt Yusifzadə” tankeri ilə gerçəkləşdirilib.

Yaponiyanın “Inpex North Caspian Sea, Ltd.” şirkətinin Qazaxıstandakı bölməsinin direktoru Hiroşi İkedanın sözlərinə görə, ilk test daşıma “Kaşa­ğan” neftinin ixrac marşrutlarının sayı­nın artırılmasının Transxəzər marşrutu istiqamətinə dəmiryol daşımaları vasitə­silə mümkünlüyünü sübut edir.

Xatırladaq ki, Qazaxıstan əvvəllər xam neftini Avropa bazarlarına Rusiya Federasiyasının ərazisindən keçməklə daşıyıb. Lakin bu marşrutda müəyyən səbəblərə görə çətinliklər yarandığın­dan ötən ilin martında həmin istiqamət ilə qazax neftinin nəqli dayanıb. 

Bu ilin yanvar-fevral aylarında isə “KazTransOil” şirkəti tərəfindən Rusi­yanın Mahaçqala limanına 325 min 900 ton neft göndərilib. Həmin neft sonradan Mahaçqala–Tixoretsk–Novorossiysk neft boru kəməri vasitəsilə nəql edilib.

Ekspertlər bildirirlər ki, geosiyasi və xüsusilə də geoiqtisadi baxımdan Akta­udan Səngəçala çatdırılan neft Şərqlə Qərbi birləşdirərək nəhəng regionun iqtisadi xəritəsində yeni, səmərəli mar­şrutun işə düşməsi deməkdir. Həmin marşrut Orta Dəhliz (“Middle Corridor”) kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsidir.

Layihə çərçivəsində Azərbaycan paytaxtından 70 kilometr cənubda yer­ləşən Ələt Azad İqtisadi Zonasındakı (AİZ) Bakı limanının genişləndirilməsi başa çatdırılıb. Orta Asiya və Cənubi Qafqazdan keçən Orta Dəhlizin əsas funksiyası Şərqdən Qərbə enerjidaşı­yıcılarının və konteyner daşımalarının intensivliyi ilə miqyasının artırılmasıdır.

Bir zamanlar çox böyük ümidlər bəs­lənən və az qala “yeni əsrin ən böyük, qlobal layihəsi” kimi təqdim edilən, Çi­nin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsindən fərqli olaraq Orta Dəhliz səmərəliliyi ilə diqqət çəkir. Bunu ötən ilin mayında Çindəki Tuanszesun şəhə­rindən Finlandiyaya göndərilmiş ilk test yük partiyasının Bakıya uğurla çatdırıl­ması da sübut etdi. “Nurminen Logisti­cs” şirkətinə məxsus yük sonradan də­mir yolu ilə Gürcüstanın Poti limanına, oradan da bərə ilə Rumıniyanın Kons­tansa limanına daşınmışdı.

Xatırladaq ki, Tuanszesundan Fin­landiyanın paytaxtı Helsinkiyə olan yol 13 min kilometrdir. Orta Dəhliz, eyni zamanda, Çindən Avropaya ünvanla­nan yüklər üçün Konstansaya alternativ olaraq Bolqarıstanın Varna limanını da təklif edir.

Azərbaycan, Çin, Qazaxıstan və Gürcüstan tərəfindən Orta Dəhliz marşrutunun inkişaf etdirilməsi nəzərdə tutulur. Ekspertlərin hesablamalarına görə, marşrutun illik potensialı 10 mil­yon metrik ton və ya 200 min konteyner­dir. Dörd ölkə daxili şirkətlər üçün vahid tarifləri müəyyənləşdirmək, habelə yük­daşıma şirkətlərinin fəaliyyətini sadələş­dirmək niyyətindədir.

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Hazırda Çinlə Aİ arasındakı üç ti­cari marşrutdan biri məhz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (TBNM) ki, onun uzunluğu avtomobil və dəmir yolu ilə 4256 kilometr, dəniz yolları ilə 508 kilometrdir. TBNM ilə hərəkət edən standart konteyner qa­tarı Çindən Aİ-yə yükləri orta hesabla 20-25 sutkaya çatdırır. Müqayisə üçün deyək ki, Çindən və Cənub-Şərqi Asi­ya ölkələrindən Aİ-yə yüklərin əhəmiy­yətli hissəsi indi Süveyş kanalından keçilməklə 35-42 sutkaya daşınır.

Xəzər dənizində ən böyük tica­ri donanmaya (53 gəmi) malik olan Azərbayan Avropa və Asiya qitələrinin qovşağında yerləşdiyindən beynəlxalq miqyasda nəqliyyat habına çevrilib. Belə ki, ötən il ölkəmizdən keçən tran­zit yükdaşımaların həcmi 75 faiz artıb. Artım bu ilin əvvəlindən bəri sürətlə yüksəlməkdədir.

Orta Dəhlizin tam gücü ilə işə düş­məsi üçün gömrük sənədləşdirilmə­sinin unifikasiyası, “vahid pəncərə” sistemi və tarif siyasəti çərçivəsində ümumi prinsiplərin hazırlanması da sürətlənib. Bütün bunlarsa marşrutun həm kommersiya dəyərini, həm də ge­osiyasi önəmini artırıb.

Marşrut Zəngəzur dəhlizi layihəsi­nin gerçəkləşməsini də sürətləndirə­cək, çünki bu dəhliz Çin, Orta Asiya və Aİ arasındakı nəqliyyat istiqamətlərini diversifikasiya edə biləcək ən qısa tranzit yoludur.

Orta Dəhliz yalnız Azərbaycanın yox, bütün regionun iqtisadi inkişafına təkan verəcək, bölgədə sülh və sabit­liyin bərqərar olması üçün əlavə təsir vasitəsinə çevriləcək, Aİ ölkələrinə yükdaşımaların fasiləsizliyini təmin edəcək.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat