Türkiyənin sürətli inkişafı türk dünyasını gücləndirir

post-img

Prezident İlham Əliyev çıxışlarının birində Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində qardaş ölkənin son illər böyük, uğurlu yol keçdiyini qeyd edib. Dövlət başçısı daha sonra Türkiyədəki sabitlik və inkişafın göz önündə olduğunu deyib: “Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır. Ölkələr idarəolunmaz vəziyyətə düşür. İqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, böyük layihələr həyata keçirir. Bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır”.

Yeri gəlmişkən, Türkiyənin son illərdə güclü inkişaf yolu keçməsi qardaş ölkə­nin iqtisadiyyatında daha aydın nəzərə çarpır. Bu, statistik göstəricilərdə xüsusilə diqqət çəkir. Belə ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumata görə, ölkə iqtisadiyyatı 2022-ci ildə 5,6 faiz artıb. Bununla yanaşı, ümumi daxi­li məhsul (ÜDM) istehsalı 5,6 faiz yük­sələrək 15 trilyon 6 milyard 574 milyon TL və ya 905 milyard 501 milyon dollar təşkil edib. Ötən il Türkiyədə adam başı­na düşən ÜDM istehsalı 178 min 589 TL və ya 10 min 655 dollara bərabər olub. 

ÜDM-i təşkil edən sahələr arasın­da sənaye 3,3 faiz, kənd təsərrüfatı 0,6 faiz, maliyyə və sığorta 21,8 faiz, xid­mət sektoru 11,7 faiz böyüyüb. Bütün bu göstəricilərlə qardaş ölkə “G20” dövlətləri arasında ən sürətlə inkişaf yolu keçən dövlətlərdən birinə çevrildiyini təsdiqlə­yib.

Türkiyənin ixracatında da son illər mühüm uğurlar qeydə alınıb. Hesabat ilində ölkənin ixracatı bir il əvvəllə müqa­yisədə 12,9 faiz artaraq 254,2 milyard dollara çatıb. Bu, ölkə tarixində rekord göstəricidir. Bundan sonra əsas hədəf Türkiyəni dünyanın ilk 10 ixracatçı ölkə­sindən biri etməkdir. Türkiyənin Ticarət Nazirliyinin məlumatlarına görə, cari ilin yanvar-fevral dövründə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz arta­raq 38 milyard dollara, idxal isə 15,4 faiz artaraq 64,3 milyard dollara çatıb.

Bu gün tekstil sənayesi ölkə iqtisa­diyyatında daha güclü inkişaf edən sahə kimi tanınır. Bu sektor Türkiyə iqtisadiy­yatının lokomotiv sahələrindən biridir. Belə ki, tekstil ölkə ixracatının 17 faizin təşkil edir və əhalinin məşğulluğunda ilk sırada yer tutur. Əsas xammal-pambıq ehtiyacının yarısına qədəri yerli istehsal hesabına qarşılansa da, Türkiyə illik 700 min tonla (2019-cu ildə) dünyada ən çox pambıq idxal edən 6-cı ölkədir. Türkiyə pambığı əsasən ABŞ (50 faiz), Braziliya (12 faiz) Yunanıstan (9 faiz), Türkmənis­tan (5 faiz) və Azərbaycandan (5 faiz) idxal edir. 

Qardaş Türkiyə, eyni zamanda, dünya ölkələri iqtisadiyyatına daha çox sərmayə yatıran dövlətlərdən biri kimi tanınır. Həmin sırada Azərbaycan xüsu­silə fərqlənir. Belə ki, 1995-2021-ci illər ərzində Türkiyədən respublikamıza cəlb olunan birbaşa investisiyaların həcmi 13,3 milyard ABŞ dolları (10,4 milyard ABŞ dolları neft sektoruna, 2,9 milyard ABŞ dolları (1-ci yer) qeyri-neft sekto­runa) təşkil edib. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, yüngül sənaye (tekstil), səhiyyə kimi sahələrdə uğurlu fəaliyyət fəaliyyət göstərib.

Azərbaycan isə Türkiyəyə investisi­ya qoyuluşuna görə, Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. İki ölkə arasında birgə investisiya fondunun təsis edilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində birgə texnologiyanın trans­ferinin həyata keçirilməsi və istehsalın lo­kallaşdırılmasını nəzərdə tutan iri müəs­sisə və layihələrin reallaşması investisiya həcminin dinamik artımını, qarşıda duran vəzifələrin icrasının sürətləndirilməsini şərtləndirir.

Hazırda Türkiyədə Azərbaycan sər­mayəli 2 minə yaxın şirkət fəaliyyət göstərir. 1995-2021-ci illər ərzində res­publikamızdan Türkiyəyə yatırılan birba­şa investisiyaların həcmi 20,3 milyard ABŞ dolları (17,1 milyard ABŞ dolları neft-kimya sektoruna, 3,2 milyard ABŞ dolları qeyri-neft sektoruna) olub. 

Yeri gəlmişkən, SOCAR-ın 2018-ci ilin sentyabr ayında 6,3 milyard dollar ka­pitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Petkim” neft-kimya komp­leksinin ərazisində inşasını tamamlaya­raq istifadəyə verdiyi “Star” neft emalı zavodu qardaş ölkəyə birdəfəlik yatırılan ən böyük investisiya hesab olunur. Ümu­milikdə, Türkiyədə investisiya qoyan azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasın­da ilk yerdədir.

İqtisadi əlaqələrin digər önəmli sahə­si kimi, nəqliyyat-logistika qovşaqlarının şaxələnməsi ölkəmiz və qardaş respubli­kanın iqtisadi inkişafı ilə yanaşı, regionda sülhün və rifahın bərqərar olmasını təmin edir. 2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir­yolu üzərində daşınan yüklərin həcminin iki dəfədən çox artması nəqliyyat-kom­munikasiya istiqamətində keçirilən birgə layihələrin səmərəliliyinin bariz nümunə­sidir. 

Zəngəzur dəhlizinin açılması və Nax­çıvana dəmiryolunun çəkilməsi nəticə­sində Azərbaycan və Türkiyə arasında idxal-ixrac, habelə tranzit əməliyyatları da artacaq. Şübhəsiz ki, bu zaman nəq­liyyat və daşınma xərcləri və müddəti azalacaq, eləcə də iqtisadi-ticari əlaqələ­rin miqyası genişlənəcək. Bununla da hər iki dövlətin xarici ticarət dövriyyəsi dina­mik şəkildə sürətlənəcək. 

Qardaş Türkiyənin Azərbaycan iqti­sadiyyatının güclənməsində müstəsna fəaliyyəti bununla kifayətlənmir. Türk iş adamları tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda reinteqrasiya və reabilitasiya prosesində əhəmiyyət­li layihələr həyata keçirilir. Hazırda türk şirkətləri Yuxarı Qarabağ və Kəlbə­cər-Laçın iqtisadi rayonlarında infrastruk­tur layihələrinin reallaşmasında, yolların çəkilməsində, sənaye, kənd təsərrüfatı müəssisələrinin qurulmasında, turizm obyektlərinin yaradılmasında fəal iştirak edirlər. 

Nəhayət, ötən illər ərzində Azərbay­can–Türkiyə iqtisadi münasibətlərində regional iqtisadi əməkdaşlıq sahələri də daim diqqət mərkəzində saxlanı­lır. İki dövlətin birgə həyata keçirdikləri fəaliyyətin nəticəsi olaraq, beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr Bakı-Tbilisi-Ceyhan neft kəməri, Ba­kı-Tbilisi-Ərzurum qaz kəməri, Trans-Anadolu qaz boru xətti, Trans-Adriatik boru xətti və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri bu baxımdan ən ümdə nü­munələrdir.

V.BİNYƏTOĞLU, “Xalq qəzeti”

İqtisadiyyat