Azərbaycan–Bosniya və Herseqovina əməkdaşlığında yeni mərhələ

post-img

Son illərdə Azərbaycan-Bosniya və Herseqovina əlaqələri yüksələn xətlə inkişaf edib. Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr hər iki ölkə arasında münasibətləri yüksək səviyyəyə qaldırıb. Tərəflərin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini bütün məsələlərdə dəstəkləmələri mühüm önəm daşıyıb. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edib.

Azərbaycan–Bosniya və Herseqovi­na münasibətlərində iqtisadi əməkdaş­lıq mühüm yer tutur. Tərəflər arasında ticari əlaqələr getdikcə genişlənir. Ötən il bu ölkələrin ümumi ticarət dövriyyə­sinin həcminin 5 milyon ABŞ dolları, o cümlədən idxalın həcminin 2 milyon dol­lar, ixracın həcminin isə 3 milyon dollar təşkil etməsi bunun bariz ifadəsidir. Xa­tırladaq ki, 2022-ci ildə iki ölkə arasın­dakı ticarət dövriyyəsi 3,2 dəfə artaraq 5,1 milyon dollar olub. Bu da 2020-ci illə müqayisədə 7 dəfə çoxdur. Tərəf­lər arasında ticarət dövriyyəsinin böyük həcmdə artırılması üçün daha böyük potensial var.

Azərbaycan müxtəlif vaxtlarda bu ölkəyə humanitar yardım etməklə eti­barlı dostluq nümunəsi göstərib. Belə ki, 2014-cü ildə Bosniya və Herseqo­vinaya baş vermiş təbii fəlakət nəticə­sində sel daşqınlarından zərər çəkmiş insanlar üçün respublikamız tərəfindən 336 min ABŞ dolları dəyərində huma­nitar yardım göndərilib. Koronavirusla mübarizəyə dəstək məqsədilə Azər­baycandan bu ölkəyə 2020-ci ildə 244 min dollar dəyərində tibbi və gigiyenik məhsullardan ibarət humanitar yardım, 588 min dollar məbləğində humanitar məqsədli maliyyə yardımı edilib. 

Respublikamız Bosniya və Herseqo­vinanın enerji təhlükəsizliyində də önəm­li rol oynayır. Ötən il oktyabrın 1-də isti­fadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru, Serbiyanı ümumi sistemlə birləşdirəcək və hazırda üzə­rində iş aparılan interkonnektor, eləcə də İonika-Adriatik dənizi layihəsi dost ölkənin enerji təchizatına əhəmiyyətli təsir göstərmək gücündədir. 

Bütün bunlar barədə Prezident İlham Əliyevin Bosniya və Herseqovin­ya rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə də ətraflı bəhs olunub. Bu ölkənin Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç mətbuata bəyanatında de­yib: “Biz nəqliyyat, energetika, turizm və digər sahələrdə imkanları nəzərdən ke­çirdik. Hesab edirəm, bu, yaxşı fürsətdir ki, biz bununla bağlı nazirliklərimizə tə­limat verək ki, konkret layihələrlə bağlı siyahı hazırlansın, maraqlarımız nədən ibarətdir, sərmayə harada tələb olunur. Biz bütün bunlarla bağlı təlimatlarımızı verəcəyik.

Azərbaycan bizim üçün çox mü­hüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstək­ləyirik, eyni zamanda, ikitərəfli müna­sibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır. Çox şadam ki, biz bu məsələdə də inkişaf görürük”.

Prezident İlham Əliyev də bə­yanatında bu səfərlə iki ölkə müna­sibətlərində yeni bir səhifənin baş­landığını, əməkdaşlığın daha da güclənməsi üçün yeni imkanlar açıl­dığını, imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamənin gələcək in­kişaf istiqamətlərini şərtləndirdiyini bil­dirib. Dövlətimizin başçısı daha sonra siyasi və diplomatik müstəvidə olduğu kimi, iqtisadi sahədə də daha məqsəd­yönlü tədbirlər həyata keçiriləcəyini, bunun üçün Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edildiyini, konk­ret layihələr üzrə işçi qrupunun yara­dılmasının razılaşdırıldığını diqqətə çatdıraraq deyib: “Əməkdaşlığın digər istiqamətləri ilə bağlı onu deyə bilərəm ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzin­də öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq.

Eyni zamanda, energetika sahə­sində çox geniş imkanlar vardır. Azər­baycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müd­dət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin ya­nından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir”.

Dövlətimizin başçısının bəyanatın­da, həmçinin iki ölkə arasında hidroenergetika, eyni zamanda, bərpao­lunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacağı, bu istiqamət­də ciddi addımların atılmasının müm­künlüyünə ciddi əminlik olduğu, Azər­baycan tərəfindən digər xarici ölkələrlə yanaşı, Bosniya və Herseqovinaya da böyük həcmdə investisiya yatırılacağı barədə fikirlərini səsləndirib. 

Bəyanatda nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətlərinin geniş araşdırılması, ölkəmizin Orta Dəhliz layihəsi üzrə öz ərazisində bü­tün lazımi infrastruktur tədbirlərini icra edərək başa çatdırması, eyni zaman­da, digər coğrafiyalarda nəqliyyat inf­rastrukturunun yaradılması ilə bağlı bö­yük sərmayə qoyması kimi məsələlərə də toxunulub. 

Yeri gəlmişkən, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasə­tində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaş­dırılması mühüm önəm daşıyır. Bu­nunla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisa­diyyatımızın səmərəliliyinin artırılması­na müsbət təsir göstərir. Eyni zaman­da, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhə­miyyətini artırır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ər­zində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisi­yalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Siyasət