Qurudakı yataqların neft ehtiyatları tükənməyib

post-img

Azərbaycanın quruda yerləşən “Zərdab” neft yatağının istismarının bərpası üzrə tədbirlər planı hazırlanır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Qeyd olunub ki, hazırda “Muradxanlı” və “Cəfərli” yataqlarında istismar işləri davam etdirilir. 

Həmin yataqlarda, ümumilikdə, 25 quyu istismar olunur. Burada gündəlik neft hasilatının həcmi 32 ton təşkil edir. Bununla belə, yataqlar blokuna daxil olan “Zərdab” yatağında hazırda istis­mar işləri aparılmır. “Muradxanlı-Cəfər­li-Zərdab” yataqlar bloku Azərbaycanın İmişli rayonunun Yevlax-Ağcabədi neft-qaz bölgəsində yerləşir. Bu üç yatağın ümumi sahəsi 642,2 kvadratkilometr təşkil edir. “Muradxanlı” yatağı 1971-ci ildə, “Cəfərli” 1984-cü ildə, “Zərdab” isə 1981-ci ildə istismara daxil edilib.

Xatırladaq ki, quruda yerləşən “Mu­radxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun hasilat bölgüsü, bərpası, iş­lənməsi və kəşfiyyatı haqqında müqa­vilə 2016-cı ilin mart ayında Kanadanın “Zenith Energy” və Azərbaycanın “SO­CAR” şirkətləri arasında imzalanıb. Həmin müqaviləyə əsasən adıçəkilən yataqlar bloku reabilitasiya və kəşfiyyat ərazilərinə bölünüb. Saziş çərçivəsin­də ilk neftin hasilatına isə 2016-cı ilin avqust ayında başlanılıb.

2020-ci ilin noyabrında “Zenith Energy Ltd.” SOCAR ilə müqavilə­nin qüvvədən düşdüyünü bəyan edib. Həmin vaxtdan sözügedən yataqlar SOCAR-n “Azneft” İstehsalat Birliyinin balansına daxil edilib. Hazırda “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blo­ku “Azneft” İstehsalat Birliyi Əli Əmi­rov adına Neftqazçıxarma İdarəsinin Muradxanlı neftqazçıxarma kompleksi tərəfindən istismar olunur.

Yeri gəlmişkən, Azərbaycanın qu­rudakı karbohidrogen yataqları uzun illərdir istismar olunmasına baxmaya­raq, buradakı neft-qaz ehtiyatları hələ tükənməyib. Məlumat üçün bildiririk ki, ölkəmizdə neftin sənaye üsulu ilə çıxarılmasına başlandığı ötən 177 ildə quruda və Xəzər akvatoriyasında çoxsaylı axtarış-geofiziki tədqiqat işləri aparılıb. Bunun da nəticəsində 150-yə yaxın perspektivli struktur aşkar edilib. Ötən illərdə həmin strukturların əksə­riyyətində uğurlu geoloji kəşfiyyat işləri aparılaraq buradakı ehtiyatların işlən­məyə cəlb edilməsinə başlanılıb.

Məlum olduğu kimi, hazırda ölkə üzrə 81 neft-qaz yatağı mövcuddur ki, bunun da 28-i dənizdə, 53-ü quruda yerləşir. Həmin yataqların 18-i dəniz­də, 39-u isə quruda olmaqla istismar prosesindədir. Ehtiyatları tükənmiş 7 yataq konservasiya olunub. Bundan əlavə, 9 yataq fəaliyyətsiz fonda daxil edilib, eyni sayda yataqda isə kəşfiyyat işləri aparılır. Mütəxəssislərin proq­nozlarına görə, hazırda Azərbaycanın çıxarıla bilən qalıq neft ehtiyatları 1 mil­yard tondan artıqdır ki, bunun da əksər hissəsi dəniz neft yataqlarının payına düşür. 

Bununla belə, qurudakı yataqlarda da çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Hazırda qurudakı yataqla­rın 28-i SOCAR-ın “Azneft” İstehsalat Birliyinin balansındadır. Həmin yataq­ların isə 6-sı konservasiya prosesində­dir. Bundan əlavə, ölkənin quru ərazi­sində yerləşən daha 25 neft-qaz yatağı SOCAR-la yaradılmış birgə müəssisə və əməliyyat şirkətləri tərəfindən istis­mar olunur.

Yeri gəlmişkən, qurudakı yataqla­rın əksəriyyətinin cəmləşdiyi Abşe­ron neftli-qazlı rayonunda yerləşən “Balaxanı” və “Bibiheybət” yataqları zənginliyi ilə daha çox seçilir. Hazırda 1000-dən çox işlək quyusu olan “Ba­laxanı-Sabunçu-Ramana” yataqlar blokundan ötən 153 il ərzində təqribən 340 milyon ton neft hasil olunub. 

Quruda yerləşən “Bibiheybət” yata­ğında da uzun illərdir neft və qaz çıxarı­lır. Təkcə onu qeyd etmək kifayətdir ki, 1929-cu ildən indiyə kimi burada qazıl­mış 3500-ə qədər quyudan 163 milyon tona yaxın neft hasil olunub. Bununla belə, adıçəkilən yataqda çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur.

Quruda istismar olunan ən cavan yataq isə Xızı rayonunda yerləşən “Şu­rabad” yatağıdır. “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin ba­lansında olan bu yatağın istismarına 2000-ci ildə başlanılıb. Ötən müddətdə burada 15 quyu qazılıb. Həmin quyu­ların hər birindən sutka ərzində 10-20 ton neft hasil olunur.

Bununla yanaşı, ölkəmizin quru ərazisində yerləşən “Zığ-Hövsan-Ab­şeron”, “Muradxanlı-Cəfərli-Zərdab”, “Kürsəngi-Qarabağlı” və “Mişov­dağ-Kəlaməddin” yataqlar bloku, eləcə də “Neftçala”, “Kirovdağ” və “Binəqədi” yataqları da uğurla istismar olunaraq Azərbaycanın neft-qaz sənayesinin in­kişafına mühüm töhfələr verir. 

Göründüyü kimi, Azərbaycanın qu­ruda yerləşən yataqlarının işlənilməsi­nin davam etdirilməsi ölkəmizdə neft hasilatının artırılmasına əlavə imkanlar yarada bilər. Elə mütəxəssislər də bu yataqları hasilatın artırılması üçün sa­bit və etibarlı mənbə hesab edirlər.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat