Laçın şəhərinin içməli su təchizatı yenidən qurulur

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işlər davam etdirilir. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Laçın şəhərinin içməli və tullantı su sistemləri yenidən qurulur. 

Qeyd edək ki, işğal döv­ründə Laçın şəhərində su təchizatı infrastrukturu da­ğıdılaraq istismara yarar­sız vəziyyətə salınıb. Laçın şəhərində icra olunan yeni layihə hazırda bərpa edilən və tikilən yaşayış evlərinin, obyektlərin yeni yaradılan iç­məli su təchizatı və tullantı su sistemlərinə qoşulmasını tə­min etməklə, ümumilikdə, 18 min nəfərin bu xidmətlərdən istifadəsinə hesablanıb. 

Layihəyə əsasən Laçın şəhərini dayanıqlı və key­fiyyətli içməli su ilə təchiz etmək məqsədilə Sus kən­di yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilir. Eyni zamanda, quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsiz­ləşdirici qurğu, transformator məntəqəsi və digər yardımçı binalar inşa olunur.

Su mənbəyindən Laçın şəhərinədək polad borular­la 10 kilometr uzunluğunda magistral su kəmərinin inşası nəzərdə tutulub. Artıq ma­gistral kəmərin tikintisi üzrə işlərin 70 faizi başa çatdırılıb. Şəhərə içməli su pilləli nasos­lar vasitəsilə çatdırılacaq. Bu məqsədlə quyu zonasında və magistral su kəməri üzə­rində 3 nasos stansiyası inşa edilir. Laçın şəhərində məs­kunlaşacaq əhalinin, idarə və müəssisələrin, ictimai-iaşə və turizm obyektlərinin fasiləsiz su təminatı məqsədilə şəhər ərazisində ümumi tutumu 4 min kubmetr olan 9 anbarın ti­kintisi və bərpası işləri davam etdirilir. Anbarlara toplanan su şəhərin böyük hissəsinə özüaxımlı rejimdə veriləcək. Relyef baxımından yüksəklik­də yerləşən yaşayış evlərini və obyektləri içməli su ilə tə­min etmək məqsədilə 2 ədəd hidrofor quraşdırılır. 

Layihəyə əsasən Laçın şəhərində 58 kilometr içməli su şəbəkəsinin 42 kilometrlik hissəsi, 49 kilometr tullantı su şəbəkəsinin isə 39 kilometrlik hissəsi inşa edilib. 4 kilometr yağış su xətlərinin və tullantı sularının təmizləyici qurğu­ya ötürülməsi məqsədilə 7 kilometr uzunluğunda kana­lizasiya kollektorunun tikintisi də yekunlaşıb. Hazırda məh­suldarlığı sutkada 4 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğusunun inşası davam etdirilir. Laçın şəhərində formalaşacaq tul­lantı suları bu qurğuda ekoloji baxımdan tam təmizlənib kə­narlaşdırılacaq. Layihə üzrə işlərin cari ildə başa çatdırıl­ması nəzərdə tutulur.

Laçın şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olu­nacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin edilə­cək. Suyun mənbədən götü­rülməsi, subartezian quyula­rının işçi vəziyyəti, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə tənzim­lənəcək.

Hazırda Laçın şəhərində “Azərsu” ASC tərəfindən fa­siləsiz xidmət təşkil olunub. Bununla yanaşı, Şuşa şəhə­rində, Zəngilan və Kəlbəcər rayonlarında, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət göstərilir.

“Xalq qəzeti”

İqtisadiyyat