Enerji şəbəkəsinə yeni qoşulmalar 5 dəfə artıb

post-img

“Azərişıq” ASC-dən aldığımız məlumata görə, cari ilin I rübündə Azərbaycanda enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn müraciət edən qeyri-əhali abonentlərinin sayı ötən ilin eyni dövrünə nisbətən 5 dəfə çox olub. Məlumata görə, martda “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidməti üzrə elektron müraciətlərin xüsusi çəkisi isə 53,6 faizə çatıb.

Elektron müraciət sistemi 2019-cu ildən tətbiq olunur. Onun əsas məqsəd­lərindən biri də vahid platforma üzərin­dən müraciətlərin idarə olunması, ope­rativliyin və səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsidir. Bu sistem İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər qurumlarla in­teqrasiya olunduğu üçün sahibkarların elektrikə qoşulma ilə bağlı sənədlər toplusunu təqdim etməsinə ehtiyac qalmayıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təskilatı (OECD) elektron müraciət sistemini innovativ layihə kimi qiymət­ləndirib. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində elektrik şəbəkəsinə qoşulma üzrə prosedur­ların sayı 7-dən 2-yə, müddəti isə 41 gündən 20 günə endirilib.

“Xalq qəzeti”

İqtisadiyyat