İnvestisiyaya “açıq qapı” siyasətinin uğurları

post-img

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. 

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hö­kumət tərəfindən “açıq qapı” siyasəti­nin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investor­ların hüquq və mənafelərinin qorunma­sında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib.

Ölkədə davamlı investisiya artı­mını bir sıra amillər şərtləndirib. Belə ki, son illər ərzində Azərbaycan iqti­sadiyyatı struktur və məzmunca xeyli dəyişib, yeni çağırışlar fonunda yeni tənzimləmələr aktuallaşıb. Dövlətimi­zin başçısının rəhbərliyi ilə həyata ke­çirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb.

Prezident İlham Əliyevin imzaladı­ğı 22 iyun 2022-ci il tarixli “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Res­publikasının Qanunu da bu sahənin yeni mərhələyə daxil olmasını şərtlən­dirib. Xatırladaq ki, ölkədə yerli və xa­rici investisiyaların cəlb edilməsi baxı­mından mühüm əhəmiyyətə malik adı çəkilən qanun dövlətimizin başçısının 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosi­al-iqtisadi inkişafa dair Milli Prioritet­lər”inə uyğun hazırlanıb.

Məhz bütün bu həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına 62,3 mil­yard dollar investisiya cəlb olunub. Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 57 milyard dollar təşkil edib. Bundan son­rakı dövrdə də birbaşa xarici investisi­yaların həcminin artacağı proqnozlaş­dırılıb. Qeyri-neft sektoruna cəlb edilən birbaşa xarici investisiyaların həcmi isə 10 milyard dollardan çox olub. Son 1 ildə isə neft-qaz sektoruna investisiya­lar 23,8 faiz, qeyri neft-qaz sektoruna investisiyalar isə 51,7 faiz artıb.

Bu ilin yanvar-mart aylarında isə Dövlət Statistika Komitəsinin məluma­tına görə, Azərbaycanda əsas kapi­tala 3 milyard 523,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqa­yisədə 40,3 faiz çox vəsait yönəldilib. Hesabat dövründə istifadə olunmuş vəsaitin 1 milyard 941,3 milyon mana­tı və yaxud 55,1 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 396,5 milyon ma­natı və yaxud 39,6 faizi xidmət sahələ­rinə, 185,3 milyon manatı və yaxud 5,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Bu dövrdə əsas kapitala yönəldil­miş vəsaitlərin 2 milyard 577,3 milyon manatını və yaxud 73,2 faizini daxili vəsaitlər təşkil edib, 2 milyard 517,5 milyon manatı və yaxud 71,5 faizi bila­vasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilat­ların öz vəsaitləri 45,8 faiz, büdcə və­saitləri 39 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,1 faiz, sair vəsaitlər isə 4,7 faiz paya malik olub.

Xarici investisiyaya gəldikdə isə deyə bilərik ki, son bir neçə ildir ölkə­mizdə milli iqtisadiyyatımızın investi­siya cəlbediciliyi baxımından bir sıra uğurlu islahatlar həyata keçirilir. Dün­yanın aparıcı təşkilatlarının hesabatla­rında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Azər­baycanın yüksək investisiya cəlbedi­ciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır. Yeni şəraitdə re­allaşdırılan islahat tədbirləri sırasında investisiyaların səmərəli təşviqi mexa­nizminin işə salınması böyük əhəmiy­yət daşıyır. Azərbaycanın qeyri-neft sektorunda Türkiyə şirkətləri tərəfindən qoyulan investisiyalar çox zaman üstün mövqeyə malik olub. Bundan başqa, ABŞ, Böyük Britaniya, BƏƏ, Almaniya, Fransa və Rusiyadan, demək olar, hər il Azərbaycanın qeyri-neft sektoruna müəyyən qədər investisiyalar yatırılır.

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirmək üçün son illər bir sıra layihələr gerçək­ləşdirilib. Məsələn, investisiya mü­hitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahat­ları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikin­tidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mü­hüm tədbirlər həyata keçirilib.

İnvestisiya mühitinin yaxşılaşdır­lması və ölkədə biznes fəaliyyətinin asanlaşdırılması məqsədilə Azər­baycan Prezidentinin “Lisenziya­laşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarix­li fərmanına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. Rəqəmsal trans­formasiyaya uyğun olaraq ölkədə xarici investorların biznes fəaliyyə­tinə başlaması elektronlaşdırılaraq sadələşdirilib. 

İnvestorlarla bağlı güzəştlərdən biri də yaradılmış sənaye parkları­nın rezidentlərini əhatə edir. Park­da qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastruktur və kommunal xidmətlər dövlət tərəfin­dən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur.

Ötən illərdə özəl sektorda inkişa­fın əsas aparıcı qüvvəsi qeyri-neft-qaz sahəsi olduğu halda, get-gedə investorların marağının daha çox qeyri-neft sektoruna yönləndiyini bildirib. Qeyd edib ki, 2021-ci ildə qeyri-neft-qaz investisiyalarda özəl investisiyaların payı 44,6 faizə çatıb. 

Bu investisiyalarda xarici inves­torlar mühüm rol oynayıb. Xarici investorların ölkəyə cəlbini əlverişli biznes mühiti və makroiqtisadi sa­bitlik şərtləndirir. Mərkəzi Bankın məlumatlarına əsasən, 2022-ci ilin 9 ayında qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyala­rın ümumi məbləği 2,4 dəfə artaraq, 1,4 milyard dollar olub.

Ümumi olaraq strategiyada 2026-cı ilə qədər qeyri-neft-qaz sektoru üzrə birbaşa xarici investi­siyaların həcminin hər il 10-15 faiz artımı nəzərdə tutulub. Həmçinin, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tət­biq olunması, iqtisadiyyatın şəf­faflaşması kimi bir sıra məsələlər qarşıya məqsəd kimi qoyulub. Belə investisiya stimulları, ölkədə bizne­sin və sahibkarlığın inkişafı üçün atı­lan addımlar ölkəni get gedə daha da inkişaf etdirir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat