Azərbaycan iqtisadiyyatının inkişafında sığorta bazarı mühüm rol oynayır. Bu sektor rəqabətin kəskin, biznesin isə mürəkkəb olduğu bir sahədir. Ona görə də hökumət bu sahənin problemlərinə daim həssaslıqla yanaşır. Bunun nəticəsidir ki, son 5 ildə sığorta bazarı həcminin davamlı şəkildə artdığı müşahidə edilir. Son illər ərzində hər il sığorta haqlarının həcmi orta templə 15-18 faiz artır.
Göründüyü kimi, respublikada sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də maliyyə sahəsi qarşısında çeviklik, rəqabətqabiliyyətlilik və innovativlik kimi yeni vəzifələr durur.
Mərkəzi Bank mövcud sahədə islahatların həyata keçirilməsinə, sığortalıların hüquq və vəzifələri barədə məlumatlandırılmasına, sığortaya olan inamın artırılmasına xüsusi diqqət yetirir, daim sığortaçıların sığorta ödənişləri ilə bağlı bütün öhdəliklərinin tam və vaxtında həyata keçirilməsi üçün onların maliyyə dayanıqlığının gücləndiirlməsi üçün tədbirlər gerçəkləşdirir. Hazırda sığorta hadisəsi baş verdikdə sığorta zərərinin ödənilməsi ilə bağlı heç bir problem yaşanmır. Bu, riskin ortadan qaldırılması üçün sığortaçıların maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində gerçəkləşdirilən tədbirlərin nəticəsidir.
Bununla yanaşı, sığortaçıların sığortalılara qarşı ədalətli rəftarının təmin edilməsi də diqqətdə saxlanılır. Burada məqsəd sığorta hadisəsi baş verdiyi zaman onun düzgün qiymətləndirilməsini, zərərin düzgün müəyyənləşdirilməsini, ödənişin vaxtında həyata keçirilməsini, prosesdə sığortalılara qarşı sığortaçıların ədalətli rəftarını təmin etməkdir. Mərkəzi Bank icbari sığorta sahəsində qanunvericiliyin tənzimlənməsi çərçivəsində həm beynəlxalq, həm də xarici təcrübələr əsasında qanunları, eyni zamanda, nəzarət mexanizmlərini mütəmadi şəkildə təkmilləşdirir.
Yeri gəlmişkən, uzun illər icbari avtomobil sığortası sahəsində sığorta haqlarının hesablanması, həm də sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı yeni islahatların reallaşdırılmasına zəruri ehtiyac duyulurdu. Ona görə də Mərkəzi Bank bir qədər əvvəl bu istiqamətdə müəyyən layihələr həyata keçirdi. Artıq avto-icbari sığorta zamanı hadisə baş verirsə, hər bir sığortaçı öz müştərisinə ödənişlə bağlı birbaşa xidmət göstərir. Bu, bütövlükdə sığortalıların sığortaya qarşı münasibətini köklü olaraq dəyişir. Çünki bu sinif 1,4 milyon avtomobil sahibi olan vətəndaşı əhatə edir. Sığortaya münasibət, sığorta ilə bağlı məlumat bu sinifdən başlayır.
Postsovet ölkələrində olduğu kimi, Azərbaycanın da sığorta bazarının inkişaf tendensiyası bir sıra vacib amillərlə bağlıdır. Əvvəla, ölkədə mövcud olan ümumi sosial-iqtisadi şərait, müştərilərin ödəniş qabiliyyətliliyi, qanunvericiliyin cari durumu, dövlət tənzimlənməsinin kəsərliliyi və s. həmin amillər sırasındadır.
Etiraf edək ki, indiyədək bu sahədə xeyli iş görülüb. Lakin hər bir fəaliyyət sahəsində olduğu kimi, sığorta xidmətində də indiyədək nəzərə çarpan kiçik icra xətaları, taktiki nöqsan və çatışmazlıqlar hələ də aradan qaldırılmayıb. Bu problemlərin isə müəyyən zaman ərzində həlli üçün qarşıya mühüm vəzifələr qoyulub.
Sonda onu da qeyd edək ki, həyata keçirilən tədbirlər nəticəsində bu sistemdə indiyədək bir sıra uğurlar əldə edilib. Məsələn, respublikanın sığorta sektorunun aktivləri ötən il 20 faizdən çox artıb. 2022-ci ilin sonuna bu sahənin aktivləri 1 milyard 594 milyon manat təşkil edib. O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 38,3 faiz artaraq 632 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 16 faiz artaraq 87 milyon manata çatıb.
Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 3,6 faiz artaraq 319 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 15,5 faiz artaraq 119 milyon manat, digər aktivləri isə 14,7 faiz artaraq 438 milyon manat təşkil edib.
Bu ilin yanvar-fevral aylarında isə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 221 milyon 68 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24 faiz çoxdur.
Ötən il ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 70,514 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 81,1 faiz çoxdur. Onu da qeyd edək ki, cari ilin iki ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 21,8 manat olub.
Nihat QORQUD ƏLİYEV,
iqtisadçı-ekspert
Sığorta bazarının inkişafı istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaq üçün maliyyə sahəsi üzrə strateji prioritetlərə dair tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflərin sırasında sığorta bazarının inkişafı məqsədilə bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, şirkətlərin kapitallaşması, aktivlərin sağlamlaşdırılması, məlumatların mübadiləsi sisteminin inkişafı, müştərilərin hüquqlarının müdafiəsi üzrə etibarlı mexanizmlərin yaradılması və s. istiqamətlərdə tədbirlərin görülməsi yer alıb.
Sığorta bazarının orta dövr (2025-ci ilədək) üçün əsas inkişaf vəzifələri sırasında bu sahədə bazarın genişlənməsi, başqa sözlə, bazarın ümumi biznes həcminin artırılması, bunun üçün mövcud könüllü sığorta məhsullarının təkmilləşdirilməsi və yeni məhsulların yaradılması tədbirləri, hüquqi bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, icbari sığorta növlərinin artırılması üzrə fəaliyyət xüsusi yer tutur.
Ölkəmizdə sığorta şirkətlərinin yaradılması və formalaşması prosesi son 25 ildə mürəkkəb mərhələlərdən keçib, müəyyən zaman ərzində bazar tələblərinə cavab verməyən şirkətlərin bazarı tərk etməsi, digər şirkətlərin bazarda möhkəmlənmək cəhdləri nəzərə çarpıb.
Əsas məqsəd sığorta bazarında əlverişli tariflərin (qiymətlərin) formalaşmasıdır. Əsas şərtlər – tarif (qiymət) sığorta şirkətinin risklərini örtməklə zəruri mənfəətliliyini təmin etməli və müştərilər üçün əlçatan olmalıdır. Şığorta şirkətləri ümumi razılaşmalar əsasında dempinq siyasətindən (qiymətdən real dəyərdən aşağı təklif olunması) əl çəkməli, daha əsaslandırılmış tarifləri təklif etməlidirlər.
Sığorta biznesinin uzunmüddətli və dayanıqlı aparılması üçün şirkətlər qısamüddətli dövrə hesablanmış “yüksəkmənfəətlilik” prinsipindən daşınmalı, daha sabit və davamlı inkişafı təmin edən uzunmüddətli “kifayətedici mənfəətlilik” prinsipinə keçməlidirlər.
Sığorta şirkətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq razılaşmaları əsasında iri sığorta risklərinin birgə idarə olunması, sığorta daxılları, daxili təkrarsığorta sisteminin genişləndirilməsi, qabaqcıl təcrübənin bölüşdürülməsi, birgə maarifləndirmə, təbliğat və reklam tədbirləri, məlumat mübadiləsi və s. istiqamətlərdə işlər görülməlidir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”