Talış kəndində həyat sürətlə canlanır

post-img

II yazı

“Talış kəndində bərpa işlərinə ötən ilin sentyabr ayından başlanı­lıb, bu il mart ayının 18-də isə Pre­zident İlham Əliyev tərəfindən bir sıra obyektlərin açılışı olub. Kəndə ilk mərhələdə 90 nəfərdən ibarət 20 ailə köçürülüb. Həmin ailələrin məşğulluq məsələsi diqqət mərkə­zində olub”. 

Bu sözləri Qarabağ İqtisadi Rayo­nunda Bərpa, Tikinti və İdarəetmə Xid­mətinin nümayəndəsi Vilayət Muxtarov deyir. Onun məlumatına görə, işğaldan azad edilmiş ərazilərə əhalinin köçü­rülməsi planlı şəkildə həyata keçirilir və orada yaşayan vətəndaşlar üçün məşğulluğun təmin olunması dövlətin diqqət mərkəzində saxlanılır. Həyata keçirilən yenidənqurma, bərpa işləri nəticəsində yaradılan infrastruktur he­sabına bu sahədə çox böyük imkanlar mövcuddur. 

Artıq kəndə köçənlərin bir qismi işlə təmin edilib, digər qismi isə əvvəl­ki iş yerindəki vəzifəsinə Talış kəndin­də bərpa olunub. Məsələn, Tərtər və ya Samux rayonlarındakı bağçalarda dayə kimi çalışan və yaxud Bərdədə pedaqoji fəaliyyətlə məşğul olan Talış kəndinin sakinləri yerdəyişmə ilə bu yaşayış məntəqəsində işlərini davam etdirirlər. Bəziləri isə Talış kəndinə yaxın ərazilərdə çalışdıqlarına görə, həmin o köhnə iş yerlərində qalmaq şərti ilə əmək fəaliyyətlərini həyata keçirirlər. Onlar növbəli sahələrdə çalı­şanlardır və iş saatları başa çatdıqdan sonra Talışa–evlərinə qayıdırlar. 

Bundan savayı, özünüməşğulluq proqramı çərçivəsində 9 ailəyə fərdi təsərrüfatlarının təməlini qoymaq və inkişaf etdirmək üçün dövlət vəsaiti he­sabına birbaşa natura şəklində mal-qa­ra verilməsi nəzərdə tutulub. 

Vətəndaş öz məşğulluğunu təmin etməklə, biznes layihəsini uğurla icra etməklə gəlirlərini artıracaq. Bundan başqa, Dövlət Məşğulluq Agentliyi tərəfindən kənd sakinlərinə gözəllik salonu və qəssablıq zərfləri də təklif olunacaq. Bütün bunlar Talış kəndinə köçən vətəndaşların işlə təmin olun­masını, ailələrin sosial rifahının yüksəl­dilməsini şərtləndirəcək. 

Vilayət Muxtarov billdirir ki, kənd­də məktəb, bağça fəaliyyətə başla­yıb. Yaşayış məntəqəsinin 78 nəfərlik 3 mərtəbəli tədris müəssisəsi müasir tələblər səviyyəsində əsaslı təmir edi­lib. Binanın daxili hissəsi bütün texniki xidmət avadanlıqları ilə təchiz olunub. Həyətyanı ərazidə süni ot örtüklü futbol meydançası və idman avadanlıqları ilə təchiz edilmiş idman meydançası qu­rulub. 

Hazırda 16 müəllim 22 sagirdin təlim və tərbiyəsi ilə məşğul olur. İki xadimə və iki gözətçi təmizlik və mü­hafizə işlərinə baxır. Uşaq bağçasının binasında da əsaslı təmir işləri görülüb. Bina müasir avadanlıqlar, inventar və mebel dəstləri, videomüşahidə, yanğın əleyhinə təhlükəsizlik, eyni zamanda, mərkəzləşmiş istilik sistemi ilə təchiz olunub. Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib, müasir işıqlandırma sistemi yaradılıb, habelə uşaqlar üçün söhbətgah quraş­dırılıb, oyun meydançası inşa edilib.

Klub İcma Mərkəzi də əsaslı tə­mirdən sonra kənd sakinlərinin istifa­dəsinə verilib. Gələcəkdə 30 adamın işləyəcəyi bu mərkəzdə kəndə köçən­lərin xeyir-şər məclislərinin keçirilməsi nəzərdə tutulub. Kənddə mağaza və aptek də var. Evlər istilik sistemi ilə təmin olunub, işıq, qaz və su problemi yoxdur. 

Bütün mövcud xarici kommunika­siya sistemləri də sökülərək, yenidən qurulub. Telefon, internet xətləri çəkilib, heç bir problem yoxdur.

Xidmət nümayəndəsi söyləyir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər ailəyə 12 sot həyat­yanı sahə verilib. Bu, onu göstərir ki, kənddə yaşayanların məşğulluqla tə­minatında heç bir problem olmayacaq. 

Ümumi uzunluğu 4 kilometr olan kənddaxili yolların 800 metr hissəsi təbii daşlardan qurulub. Daxili yolların digər hissəsinin örtüyü isə asfalt-be­tondur. Bütün yolların sağ və sol tərə­findən səkilər və onlara paralel yaşıllıq zolaqları yaradılıb. 

Vilayət Muxtarov Talış kəndinə məcburi köçkünlərin köçürülməsi ilə bağlı ikinci mərhələyə də toxundu. “Cənab Prezident Talış kəndinə gələn­də dedi ki, 180 ev tikiləcək. Hazırda layihələndirilmə işləri gedir. İnanıram ki qarşıdakı aylarda köçürülmə ilə bağ­lı ikinci mərhələ başlayacaq. Gəlmək istəyənlər, bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edənlər çoxdur”. 

Talış kəndinin turizm potensialı da yüksəkdir. Naftalan və Tərtər rayonuna yaxın olduğu üçün Suqovuşan və Talış yaşayış məntəqələri gələcəkdə turizm mərkəzləri kimi fəaliyyət göstərəcək­lər. Bu məqsədlə Talış kəndinin yuxarı hissəsindəki və yol kənarlarındakı əra­zilər minadan təmizlənməli, istifadəyə yararlı hala salınmalıdır. Bu məqsədlə ANAMA-nın işçiləri və minatəmizləmə ilə bağlı olan digər qurumların tam nə­zarəti ilə Talış kəndinin ətrafında hazır­da təmizləmə işləri aparılır. 

Kənddə alban-udi kilsəsi

Azərbaycan tarixi-mədəni irsimi­zin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyan qədim abidələr, memarlıq nümunələri ilə zəngindir. Bu abidələrdən biri də Talış kəndinin şimal-qərbində yerləşən alban-udi kil­səsidir. 

Bu kəndə səfərim zamanı qapı və pəncərələri sökülmüş kilsədə oldum. Əvvəlcə həyətdə mina olacağından eh­tiyatlanaraq içərisinə girməyə tərəddüd etdim. Narahatlığım isə əbəs idi. Yerli sakin bildirdi ki, ərazi minalardan tə­mizlənib, heç bir təhlükə yoxdur. Onun sözlərinə görə, dövlətimizin başçısı da kilsədə olmuş, din xadimləri kilsəni zi­yarət etmiş və burada dua mərasimi keçirmişlər. 

Kilsənin həyətində ilk diqqətimi çəkən, bəlkə də abidə ilə yaşıd olan tut ağacıdır. Bu ağac bir çox hadisənin şa­hidi olub. İndi isə çürüyərək son günlə­rini yaşayır. Kilsənin giriş qapısının üst tərəfində isə sökülmüş xaçın izi aydın görünür. Vaxtilə həmin yerdə alban kilsəsinə aid xaç olub, sonradan isə ermənilər onu söküb özlərinə məxsus xaç yerləşdiriblər. 

Burada diqqətimi çəkən başqa bir məqam isə Talış kəndindəki kilsənin memarlıq üslubu oldu. Bu abidənin Nicdəki Müqəddəs Yelisey Cotari kil­səsi ilə oxşarlığı diqqət çəkdi. Buradan belə bir sual çıxır: bəs, bu iki kilsə niyə eyni memarlıq üslubundadır, onları nə birləşdirir? Udinlərlə bağlığı varmı? Əlbəttə, bu kilsənin erməni qriqorian kilsəsinə heç bir aidyyatı yoxdur və albanlar tərəfindən tikilib. Bunu sübut edən kifayət qədər faktlar var. 

Otuz illik işğal dövründə kilsə da­ğıdılıb, yararsız vəziyyətə salınıb. İçərisində qiymətli nə varsa, aparılıb. Hazırda kilsənin bərpası gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyevalban-udi kilsəsində olarkən bu məsələyə də toxunub. Dövlətimizin başçısı deyib: “Bu da qədim alban kil­səsidir. Görün, ermənilər bu kilsəni nə günə salıblar. Sonra da deyəcəklər ki, guya bu, erməni kilsəsidir. Erməni kil­səsi olsaydı, bu günə salardılar?! Tarixi abidə kimi qorunacaq. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur. Bütün dini konfessiyaların abi­dələri bundan sonra da qorunacaqdır. Biz bu qədim alban kilsəsini də bərpa edəcəyik. Ermənilər 30 il ərzində bu bölgəni ancaq dağıdıblar”.

Alban-udi kilsəsinin yaxınlığında, 30-40 metr aralıda isə rus-pravoslav kil­səsi yerləşir. Bu kilsədə vəziyyət daha acınacaqlıdır. Ermənilər tərəfindən qapı və pəncərələri, tavanı, döşəməsi sökülüb, bəzi yerlərdə divarları uçub. Azərbaycan Prezidenti İlham Əliyev hər iki abidə ilə tanış olarkən deyib ki, həm alban-udi, həm də rus-pravoslav kilsələri təmir və bərpa olunacaq.

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Tərtər

 









Sosial həyat