Naxçıvana Türkiyədən qaz kəməri çəkiləcək

post-img

Türkiyə və Azərbaycan birlikdə Naxçıvana yeni qaz kəməri çəkəcək. Bu istiqamətdə hələ 2021-ci il dekabrın 15-də mühüm bir addım atılmışdı. Həmin tarixdə “Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyədən təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” imzalanmışdı. 

Adıçəkilən sənəd hər iki ölkə­nin şirkətlərinin – SOCAR və BO­TAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlı­ğına təminat verirdi. Türkiyədən Naxçıvana qaz tədarükü ilə qaz təchizatının şaxələndiriləcəyi və enerji təminatının etibarlılığının ar­tırılacağı nəzərdə tutulurdu. Belə­liklə, Naxçıvanın həm İrandan, həm də Türkiyədən dəstək almaq­la artan enerji tələbatını tam təmin etmək məsələsi reallaşırdı. 

Qeyd edək ki, 2005-ci ildən başlayaraq Azərbaycan Naxçı­vana təbii qazın verilməsini svop əməliyyatları ilə İran vasitəsilə həyata keçirir. Bununla bağlı müqavilə 2025-ci ilə qədər qüv­vədədir. Bu sənəd əsasında svop əməliyyatları davam etdirilir. Eyni zamanda, muxtar respublikanın qaz təchizatının daha da daya­nıqlı olması və Naxçıvana qazın ötürülməsinin şaxələndirilməsi məqsədilə Türkiyədən də qaz nəqlinin həyata keçiriləcəyi qarşı­da duran mühüm vəzifədir. 

Xatırladaq ki, Naxçıvanın qaz təminatı ötən əsrin 60-cı il­lərindən etibarən Ermənistan üzərindən keçən, Hacıqabul-Qa­zax-Ermənistan ərazisi-Naxçıvan marşrutu ilə təmin edilib. Sonra bunun dayanıqlığını artırmaq üçün 1978-ci ildə yeni bir layihə icra olunub. Beləliklə, 1980-ci il­lərin əvvəlində Naxçıvanın qaz təminatı Ağdam-Xankəndi-La­çın-Gorus (Ermənistan)-Şahbuz (Naxçıvan) marşrutu ilə həyata keçirilib. Bu kəmər 1992-ci ilədək işlək olub. Sonradan həmin xəttin şərq hissəsi işğalçı tərəfindən ta­mamilə dağıdılıb. Digər hissəsi ilə Ermənistan vasitəsilə geriyə mar­şrutla Xankəndinin qazla təminatı davam etdirilib. 

Qeyd edək ki, Türkiyədən Naxçıvana “mavi yanacaq” nəq­li ilə bağlı müzakirələr hazırda da davam edir. Turk mətbuatı­nın məlumatına görə, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez bununla bağlı de­yib: “Bakı–Tbilisi–Ərzurum təbii qaz kəməri, TANAP layihəsini is­tismara verdik, bununla da dünya bazarlarına çıxış əldə etmə im­kanımız yarandı. Azərbaycanla elektrik enerjisi sahəsində əmək­daşlıq edirik. Hər sahədə əmək­daşlığımız davam edəcək”. 

Bir daha xatırladaq ki, 85 ki­lometrlik bu xətlə daşınacaq il­lik 500 milyon kubmetr təbii qaz Naxçıvan əhalisi üçün böyük bir rahatlıq təmin edəcək.

“Xalq qəzeti”

İqtisadiyyat