Prezident İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün həyata keçirdiyi siyasət, uzaqgörən siyasi qərar və qətiyyətli addımların ardıcıllığı, bir-birini tamamlaması nəinki Azərbaycanın, eyni zamanda tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl enerji”yə problemsiz keçidə təminat yaradır.
Respublikamızda bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində icra olunan layihələr xüsusilə diqqət çəkir. Son dövrlərdə “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərinin imzalanması bunun bariz ifadəsidir. 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji potensialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş ərazilər və Naxçıvan “yaşıl investisiya” üçün ən cəlbedici məkanlardır.
Naxçıvandan söz düşmüşkən, qeyd edək ki, Azərbaycanın ayrılmaz bir hissəsi olan bu coğrafi ərazinin zəngin günəş enerjisi potensialı, “yaşıl enerji” mərkəzinə çevrilməsi və burada 1500 MVt gücündə xarici investisiya layihələri ilə bağlı planlar hazırda diqqət mərkəzindədir. Ümumilikdə bu gün ölkə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan üzrə reallaşdırılacaq “yaşıl enerji”nin əhəmiyyətli bir hissəsinin Türkiyə və Avropa istiqamətində ixrac edilə biləcəyi imkanları müzakirə olunur.
Bütün bunlar barədə aprelin 3-də Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən Azərbaycan–ABŞ “Yaşıl enerji” forumunda ətraflı danışılıb. Toplantıda iştirak edən ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman çıxışında ABŞ-ın Azərbaycanda “yaşıl enerji”ə böyük maraq göstərdiyini, respublikamıza bərpaolunan enerji sahəsində müəyyənləşdirilən məqsədlərin əldə edilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
A.Venkataraman, həmçinin ölkəsinə məxsus “Eksimbank”ın respublikamızda həyata keçirilən “yaşıl enerji” layihələrinə dəstək göstərməyə hazır olduğunu da qeyd edib.
ABŞ-nin emissiya səviyyəsi yüksək olan sektorlarda karbon tullantılarının aşağı salınmasına dair öhdəliyinə sadiq olması barədə danışan ticarət katibinin köməkçisi daha sonra deyib: “Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə Birləşmiş Ştatlarda ətraf mühitə atılan tullantıların səviyyəsini 2050-ci il üçün sıfıra çatdırmaq öhdəliyini götürüb. Administrasiya isə iqlim dəyişikliyi problemi ilə mübarizə üçün bütün hökumət qurumları arasında əlaqələndirilmiş yanaşmanın tətbiqini diqqətdə saxlayıb”.
ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman çıxışında qeyd edib ki, Azərbaycanın bərpaolunan enerji potensialı ilə bağlı keçirilən görüşlər Amerika şirkətlərinə ölkəmizin “yaşıl enerji” istehsalı sahəsində təcrübəsi ilə yaxından tanış olmaq imkanı verib. “Düşünürəm ki, biz bu potensialdan konkret tərəfdaş münasibətlərinin yaradılması üçün istifadə edə bilərik”,-deyə o vurğulayıb.
Burada mühüm bir məqamı da diqqətə çatdırmaq istərdik. Ölkəmizin zəngin “yaşıl enerji” potensialının reallaşdırılması və onun Avropaya ixrac edilməsi məsələsinə dövlətimizin başçısı hər zaman xüsusi önəm verir. Bu, Azərbaycanın xarici tərəfdaşları tərəfindən yüsək dəyərləndirilir. Arun Venkataraman Bakıda keçirilən forumda bununla bağlı Prezident İlham Əliyevin Avropa İttifaqı ilə energetika sahəsində strateji tərəfdaşlığa dair qarşılıqlı anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini vurğulayaraq, belə bir qərarı tarixi addım adlandırıb. O daha sonra deyib: “Biz irəli sürülən təşəbbüsə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. ABŞ bu sazişi dəstəkləyir və enerji təhlükəsizliyini, həmçinin təkcə Avropa İttifaqında deyil, həm də bütün regionda öz tərəfdaşlarının müstəqilliyini təmin etmək niyyətindədir”.
Xatırladaq ki, sözügedən forumda ABŞ təmsilçisi Azərbaycanın bərpaolunan enerji layihələrini dəstəkləməklə bərabər, ölkəmizin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafını təmin edən dəhliz infrastrukturlarının qurulmasındakı rolunu da yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycan daxil olmaqla, regiondakı tərəfdaşlarımızı bu məsələdə müxtəlif proqramlarla dəstəkləmək imkanı olduğunu, Orta Dəhlizin bölgədə ticarətin inkişafında uğurlu fəaliyyəti üçün ciddi səylər göstərəcəyini də qeyd edib.
A.Venkataramanın sözlərinə görə, Şərq–Qərb nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçməsi də ABŞ-nin nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərinin ölkəmizə marağını artırır.
Birləşmiş Ştatların respublikamıza marağı bütün bunlarla məhdudlaşmır. ABŞ ölkəmizlə iqtisadi-ticari əlaqələrin şaxələndirilməsini, xüsusilə kənd təsərrüfatı, logistika, nou-hau və s. sahələrin böyük potensialının gerçəkləşdirilməsini diqqətdə saxlayır.
Sonda xatırladaq ki, ABŞ Azərbaycan iqtisadiyyatına indiyədək 18 milyard dollardan çox investisiya yatırıb. ABŞ–Azərbaycan Ticarət Palatası indiyədək sərmayə qoyuluşu, investisiya əməkdaşlığının inkişafı, ikitərəfli işgüzar əlaqələrin qurulması üçün səmərəli mexanizm rolunu oynayıb.
Hüseynqulu QULİYEV,
Azərbaycan Texniki Universitetinin energetika və avtomatika fakültəsinin dekanı:
– Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə Birləşmiş Ştatlarda ətraf mühitə tullantıların səviyyəsini sıfıra çatdırmaq öhdəliyini öz üzərinə götürüb. Bununla bağlı Bayden administrasiyası iqlim dəyişikliyi probleminin həlli istiqamətində zəruri tədbirlər həyata keçirmək üçün hökumət qurumları qarşısında genişmiqyaslı layihələr gerçəkləşdirməyi təxirəsalınmaz vəzifə kimi qoyub.
Bu da danılmaz faktdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Enerji sahəsi hər zaman ABŞ-ın ölkəmizlə iqtisadi əməkdaşlığının vacib hissəsidir və bu ölkə respublikamızın enerji sahəsində etibarlı təchizatçı rolunu dəstəkləyir. Buna görə də Birləşmiş Ştatlar Azərbaycanın “yaşıl enerji” potensialının tam mənimsəməsi üçün texniki və tənzimləyici innovasiyaların həyata keçirilməsinə yardım etməyi planlaşdırır.
ABŞ Ticarət Departamentinin Avrasiya məsələləri üzrə baş müşaviri Hizer Bürns deyib ki, təmsil olunduğu ölkənin texniki təchizatçıları tərəfindən Azərbaycan investorlarına “yaşıl enerji” potensialının mənimsənilməsində böyük dəstək göstəriləcək.
Burada bir məsələni də qeyd etməyi zəruri bilirəm. ABŞ şirkətləri dekarbonizasiya texnologiyalarını Azərbaycanla bölüşmək təşəbbüs ilə çıxış edir və bu, ilk növbədə, karbonsuzlaşdırmanın sürətlə aparılmasını şərtləndirir. Başqa sözlə, “yaşıl enerji”yə keçid təkcə bərpaolunan enerji sektorunun böyüməsi deyil, həm də karbonsuzlaşdırma üçün təmiz texnologiyaların tətbiqi deməkdir. Onu da unutmayaq ki, dekarbonizasiya bir çox cəhətdən tətbiq olunur. Bu, daha çox karbohidrogenlər kontekstində gerçəkləşdirilir.
Amerikalı mütəxəssislərin də vurğuladığı kimi, neft kəşfiyyatı və hasilatı prosesində bu prosesləri “daha təmiz” etmək üçün karbonsuzlaşdırma alətlərinə ehtiyac var. Bu, qeyri-enerji sektorları kontekstinə də aiddir. Azərbaycanda gəmiçilik, polad istehsalı kimi sənaye sahələri var. Bunlar enerji tutumluluğu ilə seçilir. Daha təmiz istehsalı təmin etmək üçün dekarbonizasiya üzərində işləmək mühüm vəzifədir. Burada şübhəsiz ki, özəl sektorun innovasiyaları vacibdir.
Sonda demək istərdim ki, istər ABŞ-ın, istərsə də Avropa İttifaqının (Aİ) Azərbaycanın “yaşıl enerji” mənbələrinin mənimsənilməsinə böyük maraqları təsadüfi deyil. Çünki ölkəmiz təkcə Aİ ilə 2027-ci ilədək qaz tədarükünü ikiqat artırmaq barədə saziş imzalamaqla möhkəm əməkdaşlıq modeli formalaşdırıb. Təbii ki, bu, Azərbaycanın zəngin bərpaolunan enetji resurslarına malik olmasından və uzun illər ərzində Avropanın enerji təhlükəsizliyində fəal iştirakından irəli gəlib. Birləşmiş Ştatların bu məsələdə fəal mövqe tutması isə onun həm böyük texnoloji imkanları ilə Azərbaycana dəstək olmasından, həm də ABŞ şirkətlərinin respublikamızda öz bizneslərini inkişaf etdirmək istəyindən qaynaqlanıb.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”