Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində sənaye parkları və məhəllələri yaradılır. Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası”) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur) fəaliyyət göstərir.
Azərbaycanda sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Agentliyin idarə heyətinin sədri Elşad Nuriyevin bildirdiyinə görə, sahibkarlar tərəfindən sənaye zonalarına 6,46 milyard manatdan çox investisiya yatırılıb. Bunun da hesabına ölkədə 10 min 400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4200-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən, ümumilikdə, 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 milyard manatı ixracın payına düşür. Ötən il sənaye parklarının rezidentləri tərəfindən satış 20,6 faiz, ixrac isə 10,8 faiz artıb.
Azərbaycanın sənaye parklarında yaradılmış əlverişli biznes mühiti və geniş logistik imkanlar, eləcə də bir sıra stimullaşdırıcı tədbirlər xarici şirkətlərin də marağına səbəb olub. Məhz bunun nəticəsidir ki, ölkəmizin sənaye zonalarında xarici kapitallı rezidentlərin sayı getdikcə artır. Hazırda Sumqayıt Kimya Sənaye Parkında İsveçrə şirkəti olan “Sika” MMC, Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkəti, Pirallahı Sənaye Parkında Rusiya-Azərbaycan birgə müəssisəsi olan “R-Pharm” MMC, Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan Birləşmiş Ərəb Əmirlikləri kapitallı “Expert Services FZE” Məhdud Məsuliyyətli azad zona müəssisəsi, Neftçala Sənaye Məhəlləsində İran–Azərbaycan birgə avtomobil müəssisəsi, Hacıqabul Sənaye Məhəlləsində qeydiyyata alınan “Penoplex Prikavkazye” MMC fəaliyyət göstərir. Bundan əlavə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılması nəzərdə tutulan Rusiya–Azərbaycan birgə servis mərkəzi olan “Avto Lizinq Azərbaycan” MMC-nin də yaxın zamanlarda fəaliyyətə başlayacağı gözlənilir.
Bir neçə gün öncə isə ölkəmizdə səfərdə olan bir sıra tanınmış Çin şirkətlərinin nümayəndələri ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib. Görüş zamanı Çin şirkətlərinin ölkəmizin sənaye parklarına investisiya yatırması imkanları nəzərdən keçirilib. Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və investisiya imkanları barədə məlumat verilib. Görüşdə, həmçinin Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlərlə əməkdaşlıq əlaqələrinin qurulması, parkın ərazisində “Ka Shui International Holdings Ltd.” şirkəti tərəfindən maqnezium istehsalı layihəsinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb. Həmin parklarda, ümumilikdə, 18 rezident və 6 qeyri-rezident qeydiyyata alınıb. Adıçəkilən sənaye parklarında qeydiyyata alınmış 24 layihə üzrə 138 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur ki, bunun da hesabına 1300-ə yaxın iş yerinin yaradılması planlaşdırılır. Ağdam Sənaye Parkında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması, “Araz Vadisi İqtisadi Zonası”nda isə, əsasən, logistika mərkəzinin yaradılması, gömrük terminalının qurulması, avadanlıq və texnikaların təmiri mərkəzi, topdansatış və pərakəndə anbarlarının tikilməsi və satışı həyata keçiriləcək.
Yeri gəlmişkən, ötən ay Almaniyada səfərdə olan Prezident İlham Əliyev bu ölkənin iş adamaları ilə görüşü zamanı “Claas Global Sales GmbH” şirkətinin regional direktorunun nümayəndəsi Klima Martinin maraqlandığı məsələlərə aydınlıq gətirərək deyib: “Hesab edirəm ki, sizin üçün yaxşı imkan Qarabağda servis mərkəzinin yaradılması ola bilər. Bizim Qarabağda iki sənaye zonamız var – Ağdam və Cəbrayılda. Orada artıq müəyyən avadanlığın istehsalı ilə bağlı tikinti işləri gedir. Zənnimcə, bu, hər baxımdan əlverişlidir, çünki “Claas” şirkətinin traktor və kombaynları Azərbaycanda çox populyardır. Burada potensial böyükdür, çünki həmin bölgələrdə geniş kənd təsərrüfatı fəaliyyəti olacaq”.
Göründüyü kimi, əlverişli investisiya mühiti və logistika imkanları sənaye zonalarının cəlbediciliyini getdikcə artırır. Ən müasir texnologiyalar əsasında yaradılan hər bir sənaye parkı isə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, ölkəmizin ixrac imkanlarının artmasına və məşğulluğun təminatına mühüm töhfələr verir.
Mahir ZEYNALOV,
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent:
– Sənaye parklarının yaradılmasında əsas məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli yerli istehsalın inkişafına, sənaye sektoruna yerli və xarici investisiyaların cəlb olunmasına, iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft ixracının artırılmasına, eləcə də yeni iş yerlərinin açılmasına nail olmaqdır. Bu məqsədlə sənaye parklarında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur formalaşdırılır, habelə vergi güzəştləri kimi təşviq mexanizmləri nəzərdə tutulur. Bu, həm də ölkədə istehsal sektorunda biznesin dəstəklənməsi və inkişafı üçün əlverişli bir iqtisadi platformadır. Belə ki, burada sahibkarlar rezident kimi qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Belə əlverişli şərtlər sənaye parklarını sahibkarlar üçün cəlbedici edir.
Təsadüfi deyil ki, hər il sənaye zonalarında sahibkarların sayı artır. Artıq bu sahədə həyata keçirilən layihələrin müsbət iqtisadi nəticələri də var. Belə ki, İqtisadi Zonaların İnkişafı Agentliyi fəaliyyətə başlayandan bugünədək idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 246 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Burada sahibkarlar tərəfindən həyata keçiriləcək layihələr üzrə 2800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 8,8 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 2,9 milyard manatlıq və ya 33 faizə yaxın hissəsi ixrac olunub. Sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7 faiz, ixracında isə 29,5 faizdir. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə dünyanın bir sıra ölkələrinə (ABŞ, Kanada, BƏƏ, Çin, Rusiya, Çexiya, İngiltərə, İsrail, İspaniya, Avstriya və s.) ixrac olunur.
Ümumilikdə isə, indiyədək sənaye zonaları üzrə layihələrin ümumi investisiya həcmi 7 milyard manata yaxın olan 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsal fəaliyyətinə başlayıb. Bütövlükdə isə, sənaye parklarının qeyri-neft sektorunun inkişafında rolu getdikcə artır ki, bu da ölkəmizdə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin perspektivlərindən xəbər verir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”