Cənubi Qafqazda əməkdaşlıq münasibətlərinin normallaşmasında ən maraqlı tərəf Azərbaycandırsa, bu prosesi hər vəchlə tormozlamağa çalışan isə Hayastandır.
Biznesdə ortaqlar gəlir və mənfəəti güddükləri kimi, siyasət səhnəsindəki müttəfiq və tərəfdaşların öz maraqları ilə üst-üstə düşən variantlara üstünlük vermələri çox təbiidir. Bəli, böyük siyasətdə qarşılıqlı maraq doğuran layihələr üzrə əməkdaşlıq həmişə prioritet sayılıb. Bu diplomatik yanaşmanı hazırda Cənubi Qafqaz bölgəsində aşkar, yaxud gizlin öz rolunu oynayan aktorlara şamil etsək, siyasi mənzərə daha aydın cizgilərlə qarşımızda sərgilənər.
Bölgədə əməkdaşlığa ən maraqlı tərəf Bakıdır
Rəsmi Bakı bunu dəfələrlə, həm də ən yüksək tribunadan bəyan edib. Azərbaycan Ermənistan daxil olmaqla, qonşuları, regionun bütün ölkələri ilə siyasi, iqtisadi, ticari, mədəni sahələrdə əməkdaşlığa hər zaman açıq və hazır olduğunu bildirib. Hətta torpağımızı 30 il işğal altında saxlayan erməniyə enerji daşıyıcıları, kommunikasiya, yükdaşıma sahələrində əməkdaşlığı özü təklif edib. Elə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının müharibədən sonrakı dövr üçün nəzərdə tutulan layihələri Azərbaycanın bu istiqamətdə birgə işləməyə meyilli olduğunu göstərir. Bunları ona görə yada salır və sadalayırıq ki, bir neçə gün əvvəl Türkiyədə rəsmi səfərdə olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrov həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında region ölkələrini əməkdaşlığa dəvət edib. Kremlin baş diplomatı, həmçinin, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsinin vacibliyindən danışıb.
Bakının ötən iki il beş ayda sözügedən bəyanatın hansısa bəndinə riayət etmədiyi, yaxud şərtlərindən hansını isə yerinə yetirmədiyi müzakirə mövzusu ola bilməz. Yəni, belə bir hal mövcud deyil. Fəqət, İrəvan bəyanatın şərtlərini yerinə yetirmir, Azərbaycanın Zəngəzur dəhlizi kimi qiymətləndirdiyi Naxçıvana gedən quru yolunun açılmasını təmin etməkdən boyun qaçırır, dünən dediyini bu gün təkzib edir.
Haylar nə istəyirlər?
Rusiya XİN şefinin bölgədə əməkdaşlıqla bağlı Ankaradan səsləndirdiyi mesajın əsas ağırlığı İrəvanın üzərinə yönəlməlidir. Çünki əməkdaşlığın bütün müstəvilərdə baş tutmaması üçün əlindən gələni edən, kövrək təmasların etimadlı sülhə və dayanıqlı münasibətlərə çevrilməsinə mane olan tərəf varsa, o da İrəvandır. Üzdə Moskvaya vasitəçilik üçün müraciət edən, arxada Aİ-nin mülki missiyasını ölkəsinə dəvət edən Hayastan rəhbərliyi deyilmi? Üçtərəfli görüşlərdə sülh müqaviləsinin mətnini özləri üçün məqbul sayan Paşinyanın az sonra Bakının bununla bağlı real təkliflərinə qəmbərqulu çıxarmaqla kimin dəyirmanına su tökməyə və bununla nəyə nail olmağa çalışdığını hamı görür. Bu əsnada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında söylədiklərinə diqqət yetirək: “Türkiyənin arzusu Azərbaycanla Ermənistan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır. Biz istəyirik ki, regionda sülh olsun”. Bəs, bunu istəməyən tərəf kimdir? İrəvan! Sadəcə gündəliyə salmağa çalışdığı bütün bu taktiki üsulların çoxdan istismara yararsız hala düşdüyünü, sülhə gəlməkdən savayı başqa yolunun qalmadığını İrəvana anladan lazımdır. Amma belə görünür ki, onun həm Şərqdəki, həm də Qərbdəki təəssübkeşləri bu xeyirxah missiyanı öhdələrinə götürməyə tələsmirlər. Belə olan təqdirdə, sözlə başa düşməyəni alternativ üsullarla anlatmaq vəzifəsi Azərbaycanın boynuna düşür.
Sonda udan tərəf Azərbaycan olacaq
"Ümid edirəm ki, regionda olmayan ölkələr bizim əməkdaşlığımıza müdaxilə etməzlər". Bu sözlər də S.Lavrova məxsusdur. Bu açıqlamanı verərkən, Lavrovun konkret ölkələri nəzərdə tutduğu və Kremlə hərbi-siyasi rəqib saydığı gücləri nişan verdiyi məlumdur. Fəqət bu gün Rusiyanın “regionda olmayan” və hətta özünə düşmən gördüyü ölkələrin bir çoxu ilə Azərbaycan çeşidli sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq edir.
Bəli, Cənubi Qafqaz tarixən böyük maraqların toqquşduğu bölgə olub. Amma bu gün Bakı bu toqquşmaların fəsadlarından yan keçməklə, öz maraqlarını qorumağa və onları təmin etməyə çalışır. Göründüyü kimi, balanslaşdırılmış, ədalətli və müdrik siyasət yürüdən Azərbaycan bu təlatümdən də üzüağ və uduşlu vəziyyətdə çıxacaq.
Yuxarıda ölkəmizin Cənubi Qafqazda hamı ilə əməkdaşlığa hazır olduğunuzu yazdıq. Hətta hələ də revanş xülyası ilə özünü aldadan, aqibəti ilə barışmağa cürəti çatmayan Hayastanla belə birgə layihələr üzərində işləməyə hazırıq. Amma bir şərtlə: gərək tərəfdaşımız tam sağlam olsun, həkimə ehtiyac duymasın.
Bütün əlamətlərinə görə, başını itirmiş, siyasi qızdırma içində çapalayan Hayastanın Türkiyənin çarə bildiyi müalicə üsulunu qəbul etməkdən qeyri şansı qalmayıb. Əslində, söhbət hazırda xəstənin normal müalicə almasından deyil, təcili xilas edilməsindən gedir.
Rasim MUSABƏYOV,
politoloq:
– Sergey Lavrov regionda əməkdaşlığa maraqlı olmayan kənar qüvvələrdən danışanda, təbii ki, Avropa İtifaqını, Amerikanı və Böyük Britaniyanı nəzərdə tutur. Ona görə ki, hazırda Moskvanın həm bu iki dövlət, eləcə də Avropanın digər ölkələri ilə əlaqələri qırılıb və Rusiya onları özünə düşmən hesab edir. Nə Azərbaycan, nə Gürcüstan, nə də ki, hətta Rusiyanın müttəfiqi sayılan Ermənistan belə Avropa İttifaqını özünə heç də düşmən qismində görmür. Məhz bu baxımdan rəsmi Bakının bu məsələyə münasibətdə Kremllə baxışları heç də üst-üstə düşmür.
Cənubi Qafqazda regional əməkdaşlığa maneçilik törədən elə həmin Rusiya, İran və onların müttəfiqi Ermənistandır. Həm Qarabağda, həm də bütün bölgədə gərginliyi yaradan da məhz bu qüv-vələrdir. Nə Gürcüstanın, nə də Azərbaycanın heç bir ölkəyə qarşı hansısa iddiası yoxdur. Təəssüflər olsun ki, belə iddiaların sahibləri indi durub kimlərəsə barmaq silkələməyə çalışırlar.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”