ABŞ-ın “Orta dəhliz”i dəstəkləməsi Ermənistanı əndişələndirir

post-img

Ermənilər yenə narazıdırlar. Amerika Birləşmiş Ştatlarının Ticarət nazirinin köməkçisi Arun Venkatamaranın Bakıda dedikləri hayları heyrətləndirib. Bəs amerikalı qonaq Azərbaycanda olduğu zaman nə deyib ki, Ermənistanda narazılıq yaradıb? Sən demə, cənab Venkatamaranın “Orta dəhliz” barədə dediyi sözlər hayların xətrinə dəyib. Erməniləri narahat edən budur ki, “Orta dəhliz”yolunun bir hissəsi də Zəngəzur dəhlizidir və Ermənistanın mane olmağa çaılışdığı layihə barədə ABŞ rəsmisinin dediyi müsbət fikirlər hayları əndişələndirir.

Erməni mətbuatı yazır ki, ABŞ Ticarət nazirinin kömək­çisi Bakıdan İrəvana gedib. Məlumat verilir ki, Arun Ven­kataraman Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək və “Ermənistan–Amerika Strateji Dialoqunun sessiyasında ABŞ-ın İrə­vanla müxtəlif sahələrdə, o cümlədən, enerji sektorunda kommersiya, əməkdaşlığının inkişafında, əlaqələrin dərin­ləşməsində maraqlı olduğunu vurğulayacaq”. Bu qısa xəbə­rin ardınca erməni mətbuatı yazır ki, amerikalı rəsmi Ba­kıda olub və orada son dərə­cə diqqətçəkən açıqlamalar verib. Ermənistan mətbuatı əlavə edir ki, A.Venkatara­man ABŞ-ın “Orta dəhliz”ə dəstəyini açıqlayıb. Haylar xatırladırlar ki, Azərbaycan və Türkiyə artıq “Orta dəhliz” layihəsinin “Bakının Ermə­nistanın suveren ərazisi he­sabına açılmasına can atdığı “Zəngəzur dəhlizi” ilə birbaşa əlaqəsini elan ediblər”. 

Xatırladaq ki, ABŞ-ın Ti­carət nazirinin qlobal bazarlar üzrə köməkçisi ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə “Orta dəhliz”in əhəmiyyəti barədə önəmli fikirlər açıqlamışdı. Bildirmişdi ki, “ABŞ “Orta dəh­liz”in inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq”. ABŞ-ın, həqiqətən də, “Orta dəhliz”in inkişafını ciddi şəkildə dəstəklədiklərini vurğulayan cənab Venkatara­man əlavə etmişdi ki, Birləş­miş Ştatlar yalnız Azərbaycan hökumətinin deyil, bütün re­giondakı ölkələrin və tərəf­daşlarının “Orta dəhlizi” aktiv fəaliyyət göstərən bir layihəyə çevirmək üçün göstərdikləri səyləri ciddi şəkildə dəstək­ləyir: “Biz anlayırıq ki, “Orta dəhliz”in dayanıqlı və effek­tiv olması region boyu ticarət axınını gücləndirəcək və “Orta dəhliz” boyu ölkələrin vətən­daşlarının xeyrinə olacaq. Biz Azərbaycanı və region boyu ölkələri müxtəlif layihələrdə və proqramlarda dəstəkləyirik, ancaq, eyni zamanda, ABŞ-ın özəl sektorunun logistika, nəqliyyat, rəqəmsallaşma sahəsində təcrübəsinin gəti­rilməsinin də “Orta dəhliz”in uğurlu olmasına imkan verə­cəyinə inanırıq”.

Göründüyü kimi, ABŞ rəsmisinin sözləri 44 günlük müharibədən sonra Cənubi Qafqaz regionunda yaran­mış yeni reallıqları əks etdirir. Yəni, ABŞ da anlayır ki, 30 illik münaqişənin həll olun­ması regionda yeni iqtisadi əməkdaşlıq və inkişaf pers­perktivləri açır və belə bir im­kanları dəyərləndirmək lazım­dır. Ancaq erməni mətbuatı yazır ki, “Azərbaycan “Orta dəhliz”in həyata keçirilməsini birbaşa “Zəngəzur” dəhlizi ilə əlaqələndirir və ABŞ-ın Ba­kıda ifadə olunan “Orta dəh­liz”ə dəstəyi qəribə səslənir”. Yəni, erməniləri narazı salan məqam budur ki, Birləşmiş Ştatlar Ermənistanın “ərazi suverenliyini təhlükə altına salan” layihəni dəstəkləyir. Halbuki, layihənin reallaşma­sında iştirak edən heç bir ölkə belə bir niyyətdə olmadığı­nı açıqlayıb. Azərbaycan da dəfələrlə vurğulayıb ki, “Orta dəhliz” layihəsi regional inki­şafa güclü impuls verəcək. 

Əslində, ABŞ da gözəl an­layır ki, iki qitənin ̶ Avropa və Asiyanın qovşağında əlverişli coğrafi mövqeyi Azərbaycana “Orta dəhliz” kimi beynəlxalq nəqliyyat qovşağında mühüm rol oynamağa imkan verir. Bundan başqa, Azərbaycan son illər nəqliyyat infrastruk­turuna böyük sərmayələr yatırıb. Məhz bunun sayə­sində ölkəmizdə bütün zəruri infrastruktur obyektləri “Orta dəhliz” çərçivəsində böyük həcmdə yükləri qəbul etməyə hazırdır. 

Aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, yeni yüklərin “Orta dəhliz” üzrə nəql edil­məsi üçün çox gözəl imkanlar var. Strateji tərəşdaşı Avropa­nın təhlükəzilik tranzit marş­rutlarının formalaşmasında maraqlı olan Birləşmiş Ştatlar layihənin geosiyasi və geo­iqtisadi tərəflərini dəyərlən­dirərək, “Orta dəhliz”i Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkilində mühüm qovşaq kimi qiymətləndirir. 

 

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Siyasət