İran xüsusi xidmət orqanlarının narkotik qaçaqmalçılığı

post-img

Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadənin APA-ya müsahibəsi

– Əldə etdiyimiz məlumata görə, ötən gecə İranla dövlət sərhədində atışma olub. Bu məlumat nə qədər doğrudur?

– Demək olar ki, hər gün bu cür hal­larla qarşılaşırıq. Bəli, dünən növbəti dəfə narkotik qaçaqmalçıları dövlət sər­hədini pozmağa cəhd ediblər. Gecə saat­larında Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Horadiz” Sərhəd Dəstəsi­nin xidməti ərazisində narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısını alınıb. Bir neçə nəfər sərhəd pozucusu ölkə ərazi­sinə keçmək istəyib, onlar sərhəd nar­yadının qanuni tələbinə tabe olmayıblar və sərhəd naryadına odlu silahdan atəş açıblar. Onlara qarşı silah tətbiq edilib, ərazinin mürəkkəb relyefli və havanın qa­ranlıq olmasından istifadə edən sərhəd pozucuları geri qaçıblar. Hadisə yerində isə onlara məxsus 63,5 kq narkotik vasitə aşkar olunub. Hazırda əməliyyat-axtarış tədbirləri davam etməkdədir.

– Ümumiyyətlə, İrandan Azərbay­cana qarşı narkotik terrorunun son zamanlar artması müşahidə olunur...

– Əvvəla onu deyim ki, Azərbaycana narkotik vasitələr gətirməyə cəhd edən cinayətkarlara qarşı ən sərt tədbirlər hə­yata keçirilir. Sərhəd naryadlarına hər hansı silahlı müqavimət, yaxud qanuni tələbə tabe olmama halında narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib. Bu tədbirlər bundan sonra da tam qətiyyətlə davam edəcək.

O ki qaldı sizin də ifadə etdiyiniz kimi, İrandan narkotik terrorunun artmasına, bəli, statistika bu faktı təsdiqləyir. Son 5 ildə İran İslam Respublikasından Azərbay­cana gətirilən narkotik vasitələrin həcmi 9 dəfə artıb. Belə ki, 2018-ci ildə 144,8 kq, 2022-ci ildə isə 1 ton 302 kq narkotik va­sitə İİR ilə dövlət sərhədindən qanunsuz yolla gətirilərkən tərəfimizdən aşkarlanıb. Son 5 ildə narkotik qaçaqmalçılığına görə 55 İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

– Statistikaya nəzər yetirəndə ma­raqlı fakt ortaya çıxır. Məhz 2022-ci ildə İrandan Azərbaycana narkotik qa­çaqmalçılığı cəhdlərinin həddən çox artdığını göstərir. Sizcə, bunun səbəbi nədir?

– Ümumiyyətlə, 2021-2022-ci illər­də Azərbaycan–İran dövlət sərhədində (yaşıl sərhəddə) tutulmuş qaçaqma­lın ümumi kütləsi 2 ton 113,3 kq olub. 2018–2020-ci illərdə - yəni əvvəlki 3 il ərzində dövlət sərhədində cəmi 1 ton 222 kq narkotik vasitənin tutulduğunu nəzərə alsaq, rəqəmlərdə kəskin artımın olduğunu görə bilərik. Bu isə onu göstərir ki, Vətən müharibəsindən əvvəlki dövrdə narkotik qaçaqmalçılığının böyük hissəsi Azərbaycan–İran dövlət sərhədinin 132 km-lik işğal altında olan hissəsinin pa­yına düşüb. Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərədək işğal altında olan sərhəd ərazilərimizdən kütləvi nar­kotrafik məqsədilə istifadə edilib. İrandan gətirilən narkotik vasitələr həmin ərazilər­dən keçirilməklə Ermənistana daşınıb. Ermənistan ilə birgə həyata keçirilmiş bu fəaliyyətdən həm Ermənistan, həm də İİR böyük həcmdə cinayətkar gəlir əldə ediblər. Bu barədə ölkəmizin hüquq-mü­hafizə orqanları çoxsaylı faktlar müəyyən ediblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sərhədçilə­rinin böyük rəşadətlə, döyüşərək azad etdiyi İİR ilə dövlət sərhəd xətti üzərində nəzarətimizin bərpa edilməsi böyük bir regional narkotrafikin də qarşısının alın­masına da öz töhfəsini vermişdir.

Xatırlatmaq yerinə düşər ki, ABŞ Dövlət Departamentinin narkotiklər üzə­rində beynəlxalq nəzarət strategiyası haqqında hesabatlarında da bu məqam dəfələrlə əks olunub. “Qara dəlik” kimi xarakterizə olunan bu narkotrafikdən əldə olunan böyük həcmli maliyyə vəsa­itləri separatçı rejimin və Ermənistanın cinayətkar rəhbərliyinin şəxsi məqsədləri üçün sərf olunmaqla yanaşı, işğal altında olan ərazilərin azad olunmasını əngəl­ləmək məqsədilə silah-sursat alınması üçün də geniş istifadə olunub.

– Mütəmadi olaraq narkotik qa­çaqmalçılarının Azərbaycan sərhəd­çilərinə silahlı müqavimət göstərməsi barədə xəbərlər oxuyuruq...

– Azərbaycan sərhədçiləri narkotik qaçaqmalçılarına qarşı ciddi və sərt təd­birlər görür. İrandan narkotik vasitələrin gətirilməsi ən müasir silahlar və xüsusi texniki avadanlıqlara (gecə görmə ci­hazları və s.) malik silahlı dəstələr tərə­findən müşayiət olunur. Təkcə son 5 ildə sərhədçilərə qarşı 27 dəfə silahlı müqa­vimət göstərilib. Bu hallarda sərhəd nar­yadlarının cavab atəşi ilə 15 qaçaqmalçı zərərsizləşdiriib, 5-i yaralanıb. Zərərsiz­ləşdirilmiş şəxslərdən 13 nəfəri İran, 2 nəfəri Azərbaycan vətəndaşı olub. Bu əməliyyatlar zamanı bizim də itkilərimiz olub. Belə ki, 3 hərbi qulluqçumuz şəhid olub, 5 nəfər yaralanıb.

Bir daha vurğulayıram ki, sərhəd nar­yadlarına silahlı müqavimət göstərən, qanuni tələbə tabe olmayan sərhəd po­zucularına qarşı ən sərt tədbirlərin görül­məsi əmri verilib.

– Ölkəmizə narkotik vasitələrin gə­tirilməsi cəhdlərinin arxasında başqa məqsədlərin də olması barədə fikirlər mövcuddur. Bu barədə nə deyə bilər­siniz?

– Bu artıq təkzibolunmaz faktdır ki, İran İslam Respublikasının xüsusi xid­mət orqanları Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş fəaliyyətində narkotik qaçaqmalçılığından da istifadə edir. Bu cinayətkar fəaliyyətə cəlb olunan şəxs­lərin sonradan müxtəlif yollarla xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsinə məcbur edilməsi faktları da mövcuddur.

Buradakı digər mühüm məsələ isə faktiki olaraq Azərbaycan gənclərinə qar­şı əvvəl də qeyd etdiyimiz kimi narkotik terrorun həyata keçirilməsidir. Bu bir faktdır ki, İran hazırda Azərbaycana qarşı həm də narkotik terroru həyata keçirir. Azərbaycan gənclərinin narkotiklərə alu­də edilməsi xalqımızın gələcəyinə qarşı yönəlmiş təxribat xarakterli addımdır. Sxem çox aydındır, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr da­şımaq, burda bu narkotik vasitələri satıb Azərbaycan gəncliyini zəhərləmək, əldə olunan vəsaitdən isə Azərbaycan dövlət­çiliyinə qarşı təxribat xarakterli əməllər­də istifadə etmək. Lakin Dövlət Sərhəd Xidməti, həmçinin, ölkəmizin hüquq-mü­hafizə orqanları bu məkrli planları ifşa edərək, qarşısını alırlar.

– Yeri gəlmişkən, Dövlət Sərhəd Xidməti digər hüquq-mühafizə orqan­ları ilə bu istiqamətdə əməkdaşlığı necə qurub?

– Narkotik qaçaqmalçılığına qarşı mü­barizə tədbirləri çərçivəsində Dövlət Sər­həd Xidməti tərəfindən baş prokurorluq, dövlət təhlükəsizliyi, daxili işlər və gömrük orqanları ilə ən yüksək səviyyədə qarşılıq­lı faydalı əməkdaşlıq və effektiv məlumat mübadiləsi sistemi formalaşdırılıb.

Bu əməkdaşlığın effektivliyi isə nar­kotik vasitələrin saxlanılma hallarının aşkarlanması, dərindən araşdırılması və istintaqı nəticəsində cinayətkar fəaliyyə­tin digər iştirakçılarının müəyyən edilmə­sində, cinayətkar şəbəkələrin ifşa olun­masında özünü göstərməkdədir.

Müsahibə