Azərbaycanın beynəlxalq daşımalarda payı getdikcə artır

post-img

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 24 fevral tarixli Qanunun icrası ilə əlaqədar 29 mart 2023-cü il tarixli Fərman imzalayıb. Bununla da beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində gömrük orqanları üzərinə düşən vəzifə ləğv olunub. Eyni zamanda, beynəlxalq daşımalarla bağlı nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyənləşdirilən dövlət rüsumu da aradan qaldırılıb. 

Beləliklə, xarici dövlətlərdə qeydiy­yatda olan nəqliyyat vasitələrinə icazə blanklarının dövlət sərhədinin buraxı­lış məntəqələrində reallaşdırılmasının ləğvi ilə kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olma­sına imkan verilməməsi şərtləndirilib. Həmçinin beynəlxalq daşımaların işti­rakçısı olan respublikamıza məxsus avtomobil daşıyıcılarının Azərbaycanın geniş nəqliyyat-logistika imkanlarından fəal və səmərəli istifadəsinə əlverişli şə­rait yaradılıb. Bu cür qayda beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payının artmasına və beynəlxalq səviy­yədə rəqabətliliyin yüksəlməsinə münbit zəmin yaradıb. 

Göründüyü kimi, dövlətimizin başçı­sının yuxarıda adıçəkilən fərmanı Azər­baycanın son illərdə beynəlxalq daşı­malar üzrə əldə etdiyi nəticələrin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Elə hazırda ölkə sərhədlərini keçən av­tomobillərin sayının getdikcə artması da bu sahədə böyük perspektivlər vəd edir. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, ölkəmi­zin beynəlxalq yükdaşımalarda da fəa­liyyəti getdikcə genişlənir. Ötən il bu istiqamətdə istifadə olunan nəqliyyat vasitələrinin sayı 8 mini ötüb. Nəqliyyat vasitələrinin sayında artım bazarın şəf­faflaşması nəticəsində “kölgə”də fəa­liyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıla­rın işini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin he­sabına yaranıb.

Həyata keçirilən tədbirlərin nəti­cəsidir ki, 2022-ci ildə Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 218,7 milyon ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 12,8 faiz çoxdur. Yük­lərin 57,6 faizi avtomobil nəqliyyatı ilə daşınıb. 

Bu məqamda Bakı Beynəlxalq Də­niz Limanı ilə bağlı yükdaşıyıcıların statistikasına da diqqət yetirək. Belə ki, 2021-ci ilin ilk altı ayı ərzində Bakı Limanı vasitəsi ilə 18 075 ədəd TIR da­şınmışdısa, ötən ilin müvafiq dövründə həmin göstərici 23 410 ədəd olub. Bu isə 29,5 faiz artım deməkdir. 

Bununla yanaşı, 2021-ci illə müqa­yisədə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb nəqliyyat dəh­lizi ilə 2 milyon ton artaraq 2,9 milyon ton olub. Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımalarda 90 faiz artım qeydə alınıb. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41 faiz təşkil edib.

Yeri gəlmişkən, yük daşımalarının artmasında Orta Dəhlizin fəaliyyəti də diqqət çəkir. Xatırladaq ki, Orta Dəhliz Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azərbaycandan keçərək ötürülməsini nəzərdə tutur. Çin yükləri Qazaxıstanın sərhəddə yerləşən Dostık dəmir yolu stansiyasından daxil olaraq birbaşa Xəzərdə yerləşən Aktau dəniz limanına daşınır və oradan bərə ilə Bakı Beynəlxalq Dəniz Ticarət Li­manına gətirilir. Buradan isə Türkiyə və Gürcüstanın Qara dəniz limanları va­sitəsi ilə Avropaya ötürülür.

Qeyd edək ki, ötən il Orta dəhlizlə tranzit yük daşımaları 75 faiz artıb və 15 milyon tonu keçib.

Nazirlər Kabinetinin Milli Məclisə hesabatında isə bildirilir ki, ötən il Azər­baycan ərazisindən keçən tranzit yük­daşımalar 75 faizdən çox artıb. Eyni zamanda, Azərbaycan Orta Dəhlizin təşviqinə öz töhfəsini verib. Belə ki, tranzit silsiləsində olan qurumlarda inf­rastrukturun yaxşılaşdırılması və müva­fiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilib. Bununla da hesabat dövründə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükaşırmanın həcmi 15 faiz ar­taraq 6,4 milyon ton təşkil edib ki, onun da 89 faizi tranzit yüklərin payına düşüb.

Emin BAĞIROV,
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru:

–Azərbaycanın dünya standart­larına cavab verən magistral avto­mobil və dəmir yolları, yol ötürücüləri və körpüləri beynəlxalq yük və sər­nişin daşımaları üçün olduqca əlve­rişlidir. Ölkəmiz tarixi İpək Yolunun üzərində yerləşir, Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasında səmərəli körpü rolunu oynayır və bütün bunlar respublikamızın beynəlxalq nəqliy­yat dəhlizlərində yüksək uğurlar əldə etməsinə əhəmiyyətli təsir göstərir. Prezident İlham Əliyev bununla bağ­lı çıxışlarının birində deyib: “Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləş­məyimiz bizim üçün çoxlu imkanlar yaradır…Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qə­dər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”.

Dövlətimizin başçısı tərəfindən “Azərbaycan Respublikasının Göm­rük Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 24 fevral tarixli Qanunun icrası ilə əlaqədar 29 mart 2023-cü il tarixli fərman imzalama­sı da respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakını şərtləndirmək baxımından mühüm önəm daşıyır. 

Onu da qeyd edim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər­də həm ölkəmiz, həm də ayrı-ayrı dövlətlər tərəfindən beynəlxalq nəq­liyyat dəhlizlərində yükdaşımaları­nın artırılması üçün Azərbaycanın tranzit imkanlarını genişləndirmək məqsədilə genişmiqyaslı layihələr reallaşdırılır. 

Həyata keçirilən tədbirlərin nəti­cəsidir ki, beynəlxalq yük və sərni­şin daşımalarda Azərbaycanın av­tomobil daşıyıcılarının da yaxından iştirakı təmin olunub. Təkcə onu vurğulamaq kifayətdir ki, 2022-ci ildə yerli avtomobil daşıyıcıları tərə­findən gerçəkləşdirilən “3-cü ölkə­dən 3-cü ölkəyə” daşımalar iki dəfə artırılıb. Ötən il xarici daşıyıcıların isə bu sahədə iştirakı 5 faiz azalıb. Son dövrlər respublikamızda bey­nəlxalq daşımalar sahəsində fəaliy­yət göstərən şirkətlərin sayında da tüksək artıma nail olunub. Bu sahə­də qəbul olunan normativ-hüquqi sənədlər, magistral avtomobil yol­larının dünya standartları səviyyə­sində yenidən qurulması nəticəsin­də daşıyıcı şirkətlərin sayı 70-dən 218-ə çatdırılıb. 

Yeri gəlmişkən, burada bir məqa­ma da toxunmaq istərdim. Rusiya–Ukrayna müharibəsi başlayandan indiyədək dünyanın ən böyük yük­daşıma şirkətləri tərəfindən Azər­baycan üzərindən daşımaları şərt­ləndirən Orta Dəhlizdən istifadəyə start verilib. Bu isə ölkəmizin ərazi­sindən tranzit yükdaşımaların həc­mində kəskin artıma gətirib çıxarıb. 

Qeyd edim ki, Orta Dəhliz Bakıda aparılan işlərlə yekunlaşmır. Layihə çərçivəsində Xəzərin şərq sahilində inkişaf etdirilən və genişləndirilərək modernləşdirilən limanlar arasında Kurık (Qazaxıstan) və Türkmənbaşı (Türkmənistan) da var. 

Kurıkın illik emal gücü 4,1 milyon ton və ya 20 futluq ekvivalentdə 240 min konteyner idisə, hazırda həcm təxminən 6 milyon tona çatdırılıb. 

Türkmənbaşı limanının gücü isə 4 milyon ton və 20 futluq ekvivalent­də 400 min konteyner olduğundan, ilk baxışdan real daşıma həcmləri üçün kiçik sayıla bilər. Lakin Orta Dəhliz sürətlə inkişaf etdiyindən, Türkmənistanın layihədəki yeri və rolu da dəfələrlə artacaq.

Orta Dəhlizin tam gücü ilə işə düşməsi üçün gömrük sənədləş­dirilməsinin unifikasiyası, “vahid pəncərə” sistemi və tarif siyasəti çərçivəsində ümumi prinsiplərin ha­zırlanması da sürətlənib. Bütün bun­lar isə marşrutun həm kommersiya dəyərini, həm də geosiyasi önəmini artırmağa hesablanıb. 

Beləliklə, Orta Dəhliz yalnız Azərbaycanın yox, bütün regionun iqtisadi inkişafına təkan verəcək, bölgədə sülh və sabitliyin bərqərar olması üçün əlavə təsir vasitəsinə çevriləcək, Avropa İttifaqı ölkələrinə yükdaşımaların fasiləsizliyini təmin edəcək.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

emin7.jpg

İqtisadiyyat