Pakistan Hindistanın şimalındakı hücumda iştirakını inkar edib

post-img

Pakistan Senatı (parlamentin yuxarı palatası) Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində baş verən hücumda İslamabadın rolunu inkar edən qətnamə qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Dawn” portalının məlumatına görə, Senat, həmçinin Hindistan hökumətinin Pakistanı şərləmək cəhdlərini pisləyib. İslamabadın mövqeyi budur ki, Dehli regionda baş verən hadisədən öz maraqları üçün istifadə edir. Qətnamədə, həmçinin İnda suları üzrə müqavilənin qeyri-qanuni dayandırılması pislənib və bunun müharibə aktına bərabər olduğu vurğulanıb.

Bir müddət öncə Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif ölkəsinə qarşı hər hansı hücum əməliyyatının genişmiqyaslı müharibəyə çevriləcəyini bildirib.

Eyni zamanda, məlum olub ki, Hindistanın hakimiyyət orqanları yaxın günlərdə Pakistanla 2021-ci ildə imzalanan atəşkəs sazişinin sona çatdığını elan etmək imkanını nəzərdən keçirir. Dehlinin mövqeyinə görə, İslamabad üzərinə götürdüyü öhdəliyə baxmayaraq, transsərhəd terrorizminin qarşısını ala bilmir.

Qeyd edək ki, regionda vəziyyət Cammu və Kəşmir bölgəsinin Pahalqam şəhəri yaxınlığında 26 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra gərginləşib. Hücuma görə məsuliyyəti “Ləşkər-e-Taiba” təşkilatı ilə bağlılığı olan “Müqavimət Cəbhəsi” qruplaşması üzərinə götürüb. Dehli hücumda iştirak edən şəxslərin arasında üç pakistanlının və 2018-ci ildə həmin ölkəyə gedən Cammu və Kəşmirdən olan iki nəfərin olduğunu deyir.

Hadisədən sonra tərəflər bir-birinə qarşı bəzi tədbirlər görüb ki, bu da iki ölkə arasında gərginliyin artmasına səbəb olub.

 

Dünya